Ərdoğanın “Dünya beşdən böyükdür” çağırışı: BMT TŞ-də islahat mümkündürmü? – Ekspert açıqladı

“Təhlükəsizlik Şurasının strukturunda fundamental dəyişikliklər etmək üçün mövcud daimi üzvlərin razılığı lazımdır. Bu ölkələrin isə öz imtiyazlarından, xüsusilə veto hüququndan imtina etməyə nə dərəcədə hazır olduqları isə ciddi sualdır…”
“Bildiyimiz kimi, BMT Təhlükəsizlik Şurasının 5 daimi və 10 müvəqqəti üzvü var. Müvəqqəti üzvlər iki il müddətinə seçilir. Ərdoğan bu sistemin ədalətli və kifayət qədər funksional olmadığını artıq iyirmi ilə yaxındır ki, müxtəlif platformalarda dilə gətirir. O, bunu zaman-zaman “Dünya beşdən böyükdür” ifadəsi ilə də səsləndirib.
Əslində, mövcud sistemin ciddi problemlərlə üzləşdiyi və bir sıra siyasi maneələr səbəbindən səmərəli fəaliyyət göstərə bilmədiyi məlumdur. BMT-nin yaradılmasından ötən dövr ərzində beynəlxalq sistem ciddi şəkildə dəyişib, problemlərin mahiyyəti də, mürəkkəbliyi də fərqliləşib. Lakin bir neçə kiçik islahatı nəzərə almasaq, BMT elə köhnə BMT-dir. Təhlükəsizlik Şurasının strukturu da dəyişikliklərdən təsirlənməyib.”
Bu fikir və mülahizələri Moderator.az-a açıqlamasında “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti samitindəki çıxışında BMT Təhlükəsizlik Şurasının mövcud fəaliyyət mexanizminin dəyişdirilməsinin vacibliyi barədəki təkliflərinə necə yanaşırsınız? BMT TŞ-də belə islahatların indiki geo-siyasi reallıqlar şəraitində həyata keçirilməsi mümkündürmü?” suallarını cavablandırarkən Birləşmiş Ştatlarda yaşayıb fəaliyyət göstərən konfliktoloq və siyasi təhlilçi, professor Əli Əskərli ifadə edib.
“Bildiyimiz kimi, BMT İkinci Dünya müharibəsindən sonrakı dövrün reallıqları əsasında yaradılmış bir təşkilatdır. Təşkilat yaradılarkən daha effektiv işləyə bilməsi üçün Millətlər Cəmiyyətinin zəif cəhətləri nəzərə alınmışdı. Lakin zaman keçdikcə qlobal siyasi, iqtisadi və təhlükəsizlik reallıqları əhəmiyyətli dərəcədə dəyişdi və BMT özünü bu yeni reallıqlara uyğunlaşdıra bilmədi…
Bu gün əsas məsələ yalnız Təhlükəsizlik Şurasının strukturundan ibarət deyil. Ümumilikdə, beynəlxalq sistemin effektivliyi və beynəlxalq institutlara olan inam ciddi şəkildə zəifləyib. Belə bir şəraitdə dünyanın daha işlək, daha çevik və müasir reallıqları daha yaxşı əks etdirən beynəlxalq təşkilatlara ehtiyacı var. Unutmayaq ki, beynəlxalq təşkilatlar dövlətlərin onlarla əməkdaşlıq etmək istəmədiyi təqdirdə bir işə yaramaz. Demək ki, haradasa əsas problem dövlət institutunda və onun inandırıcılığında axtarılmalıdır. Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, funksional və uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkün deyil”,- deyə davamında siyasi təhlilçi diqqətə çatdırıb.
“Burada həm də əsas problem islahatın zəruriliyindən daha çox, onun necə həyata keçirilə biləcəyidir. Təhlükəsizlik Şurasının strukturunda fundamental dəyişikliklər etmək üçün mövcud daimi üzvlərin razılığı lazımdır. Bu ölkələrin isə öz imtiyazlarından, xüsusilə veto hüququndan imtina etməyə nə dərəcədə hazır olduqları isə ciddi sualdır. Ona görə də belə bir islahatın zəruri olması ilə onun real siyasi şəraitdə həyata keçirilməsinin mümkünlüyünü bir-birindən ayırmaq lazımdır”, – konfliktoloq vurğulayıb.
Sultan Laçın
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button