Erməni mətbuatı Azərbaycan ordusunun qüdrətindən yazdı
“Biz bir dəfə Azərbaycan ordusunun gücünü dəyərləndirməməyin nəyə gətirib çıxardığını görmüşük. 2016-cı ilin aprelində düşmən (Azərbaycan ordusu – red.) bir neçə azad edilən ərazini (söhbət erməni işğalından azad olunan yüksəkliklərdən gedir – red.) tutdu. İndi də bu istiqamətdə və Naxçıvandan vurmaq niyyətindədir”.
Bu sözlər Ermənistanda hökumətə müxalif mövqeyi ilə tanınan “Armenian Report” saytında “Bizi niyə axmaqcasına aldadırlar?” başlıqlı məqalədən götürülüb.
Məqalə müəllifi Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsinə diqqəti çəkərək, bunun Ermənistan və Qarabağın işğalçı rejimi üçün böyük təhlükə olduğunu vurğulayıb.
“Türkiyə onlara açıq şəkildə kömək edir və edəcək. Bəs Rusiyanın köməyi nə olacaq? Bu, böyük sualdır. Xüsusilə nəzərə alsaq ki, hazırda hakimiyyət müttəfiqlə münasibətlərimizi korlamağa qalxıb. Ancaq bu barədə Lilit danışmaz”.
Söhbət erməni deputat, “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Mkuntsdan gedir.
Məhz o, birgə təlimlərlə bağlı erməni mətbuatının sualına cavabında “Azərbaycan münaqişəyə Türkiyəni cəlb etməyə çalışır. Ancaq Türkiyə buna getməz və hansısa formada tərəf olmaz“, – deyə bildirib.
Onun bu fikirləri ciddi etiraza səbəb olub. Deputat xalqı aldatmaqda ittiham olunur.