Ermənistan qaynar payıza girdi – Rusiya yeni cəbhə açır

Paşinyana qarşı koalisiya yaranır; ölkə iqtisadiyyatı daha böyük təlatümlər zolağına daxil olub; Moskva hər an “qaza” basa bilər…

Ermənistanın populist baş naziri Nikol Paşinyan və komandasından narazılıq günbəgün artmaqdadır. Özü də bu narazılıq təkcə inqilab rəhbərinin boşa çıxan iqtisadi xarakterli vədlərinə aldanmış kütlədən gəlmir. Məsələ ondadır ki, Paşinyandan indi onu hakimiyyətə gətirmiş Corc Soros da, Rusiya və Qərb (ABŞ və AB) də məmnun deyil. Həmçinin daxildəki siyasi müxalifət, hətta radikal-terror yönümlü qüvvələr fürsət gözləməkdədir.

“Ermənistandakı müxalifət mövcud hakimiyyətə qarşı birləşir”.

Bu barədə erməni siyasi texnoloq Armen Badalyan 168.am-a müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda müxalifətin payızda Ermənistan hakimiyyətinə qarşı kifayət qədər fəal hərəkət etməsi üçün lazımi şərait formalaşıb. “Bunlar – Amulsar problemi, İstanbul Konvensiyası, ölkədəki fəlakətli sosial-iqtisadi vəziyyət, işsizliyin yüksək səviyyəsi və s. kimi məsələlərdir. Müxalifətin hökumətə qarşı mübarizə aparması üçün çoxlu fürsətləri var. Hakimiyyətin çoxsaylı uğursuzluqlarından və səhvlərindən düzgün istifadə etməklə müxalifət bəzi problemləri həll edə bilər. Hətta erkən seçkilərə də gedilə bilər”, – deyə Badalyan qeyd edib.

*****

Xatırladaq ki, az öncə erməni qaynaqlarından biri Corc Sorosun payız üçün Ermənistanda “böyük siyasi partlayış” hazırladığını iddia eləmişdi. Ötən ay isə xəbər yayıldı ki, Soros Fondu işğalçı ölkədəki dayaq qurumlarına – QHT-lərə və mediaya növbəti dəfə pul ayırıb. Təbii ki, bu vəsait boşuna verilmir. Bildirilir ki, “siyasi partlayış”dan sonra Nikol Paşinyan seçim qarşısında qalacaq – ya Rusiya yolundan imtina edəcək, ya da hakimiyyətdən.

Bütün hallarda qarşıdakı payızın Nikol Paşinyan üçün qaynar keçəcəyi şəksizdir. Ona inqilab öncəsi verdiyi və reallaşmayan vədlər dönə-dönə xatırladılacaq, Nikol bir növ “Məhşər ayağı”na çəkiləcək. Yeri gəlmişkən, əsla istisna deyil ki, ictimai diqqəti özünün yalan vədləri və iflas olan islahatlarından yayındırmaq üçün o, təmas xəttində atəşkəsin pozulmasına, Azərbaycana qarşı növbəti təxribata getsin. Bakı buna hazır olmalıdır.

Hər halda, reytinqi düşən Paşinyandan bu qəbildən hərəkətlər gözləməyə dəyər…       

*****

Bu arada işğalçı ölkənin iqtisadi göstəricilərinin daha da pisləşdiyi məlum olub. Bununla bağlı erməni iqtisadçı-ekspertlər həyəcan təbili çalırlar. 

“2020-ci ilin yanvar-iyul dövrü üçün ölkə iqtisadiyyatı ilə bağlı açıqlanan rəsmi statistik göstəricilərin dərcindən sonra məlum oldu ki, ölkənin böhrandan sürətli çıxışla bağlı ümidlər, yumşaq desək, real deyil. Böhran, demək olar ki, bütün istiqamətlərdə davam edir və iyul ayının nəticələri göstərdi ki, ölkənin iqtisadi sistemini daha da çətin sınaqlar gözləyir”.

“Yeni Müsavat”ın erməni mediasına istinadən verdiyi məlumata görə, bunu erməni iqtisadçı İqor Zargaryan yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın bu vəziyyətdən çıxması pandemiya yaşanan digər ölkələrlə müqayisədə qat-qat çətin olacaq. “Əgər biz belə vəziyyətə haqq qazandırmaq üçün bütün dünyada vəziyyətin çətin olduğu və Ermənistanın heç də ən pis durumda olmadığı fikri ilə gözləmə mövqeyi tutsaq, o zaman bu, iqtisadi təhlükəsizliyin məhvinə aparan bir yol olacaq. Səlahiyyətli şəxslər böhrandan sürətli bir şəkildə çıxmağı vəd edirlər, amma biz, ilin sonuna qədər iqtisadi artımda 5 10% arası geriləmə gözləyirik”, – deyə erməni iqtisadçı vurğulayıb.

*****

Səhiyyəmiz koma vəziyyətindədir...” - İrəvan qarışa bilər

Sözsüz ki, bu yerdə Ermənistanın daxili sosial-iqtisadi durumuna və ictimai-siyasi həyatına ənənəvi güclü təsir imkanı olan Rusiya faktorunu da unutmaq olmaz. Rusiya Ermənistanda şəksiz ki, çox güclüdür və həmişə buradakı proseslərə dirijorluq edib yön verməyi bacarır. Əbəs yerə onu Ermənistanın faktiki yiyəsi adlandırmırlar.

Elə təkcə təbii qaz amili ilə bağlı təzyiq rıçaqnı yada salmaq kifayətdir. Payız isə soyuq qışın astanası sayılır. Lakin Paşinyan hökuməti uzun müzakirələrə rəğmən, Moskva ilə mavi yanacağın qiyməti məsələsində hələ də anlaşa və daha əlverişli müqavilənin imzalanmasına nail ola bilməyib. Qaz isə, bəllidir ki, ərzaq məhsullarının, mal-xidmətlərin qiymətinə birbaşa təsir edən çox mühüm enerjidaşıyıcısıdır. Moskva narazı olduğu Paşinyandan qurtulmaq üçün payızın “oğlan çağı”nda qaza “basa”, bununla da daxili opponentlərin əlinə hökumət əleyhinə çox güclü kart-blanş verə bilər.

Əlavə edək ki, Nikol Paşinyanı baş nazir kimi xalq seçməyib, Ermənistan parlamenti təyin edib. Doğrudur, parlamentdə çoxluq Paşinyan tərəfdarlarına məxsusdur. Ancaq hərəyə öz dərisi daha yaxındır. Ayrı sözlə, fors-major vəziyyətdə Nikolun tərəfdarları qəzəbli kütlənin hədəfindın yayınmaq üçün onu sata, Paşinyanın yerinə digər birisini baş nazir seçə də bilərlər.

Belə nümunə artıq var: 2018-ci ilin mayında inqilabın yekunu olaraq eks-baş nazir Serj Sərksiyan məhz parlamentdə onun partiyasına mənsub olan çoxluğun qərarı ilə vəzifəsindən uzaqlaşdırılmış, yerinə Nikol Paşinyan təyin olunmuşdu.

Pis nümunə yoluxucu olur deyirlər. Yəni Paşinyan hakimiyyətə necə gəlmişdisə, eləcə də gedə bilər. Görək öz hakimiyyətini qorumaq üçün fərasəti çatacaqmı?..        

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button