“Ermənistanda baş verənləri qəbul etmək istəməyən qisasçı əhval-ruhiyyə var”
“Vesti FM” radio stansiyasının aparıcısı, siyasi şərhçi Giya Saralidzə yaxın günlərdə ordumuzun Vətən müharibəsində düşmən tapdağından azad etdiyi Azərbaycan ərazilərinə səfər edib.
Media.az-a açıqlama verən G.Saralidzə səfərinin təəssüratları barədə danışıb.
Siyasi ekspert bildirib ki, səfər çərçivəsində Laçın və Kəlbəcər xaric, işğaldan azad edilən beş rayonda olub.
“Əsas təəssüratım – 100 faizlik dağıntıdır. Bu, evlərə, infrastruktura, kənd təsərrüfatına və sair sahələrə dəyən ziyandır. Mənim fikrimcə, indi Azərbaycanın qarşısında milli müstəvidə böyük miqyaslı çağırış durur. Axı ərazilərin bərpa edilməsinə ehtiyac var. Nəhəng maliyyə və insan resurslarına ehtiyac var. Eyni zamanda, artıq bu işlərin başlandığı da görünür. Biz Cəbrayıla çəkilən yol ilə getdik, onu demək olar ki, artıq inşa ediblər. Kifayət qədər yaxşı yoldur. Zəngilana və daha irəliyə doğru çəkilən elektrik şəbəkəsini də gördüm” – deyə, Giya Saralidzə bildirib.
Rusiyalı ekspert bildirib ki, işlərin gedişatını çətinləşdirən səbəb ərazilərin minalanması ilə bağlıdır:
“Bunu Ağdamda gördüm. Bizi müşayiət edən şəxslər təhlükələr barədə xəbərdarlıq edirdilər: bir addım sağda, bir addım solda minalar var. Bu səbəbdən bir daha təkrar edirəm, ölkəniz, Azərbaycan xalqı qarşısında böyük bir çağırış durur”.
G. Saralidzə vurğulayıb ki, bu xarabalıqları görəndə insan təfəkkürünə ümid bəsləyirsən.
“Ancaq indi Ermənistanda baş verənlərə baxanda, bunu isterikadan başqa heç bir şey olmadığı qənaətinə gəlirsən.
Öz rəyimi deyəcəm. Bəli, Ermənistanda baş verənləri qəbul etmək istəməyən qisasçı əhval-ruhiyyə var. Ancaq hərbi, maliyyə, təşkilati, infrastruktur reallıqlarını nəzərə alsaq bu revanşizmin nəyə əsaslandığı çox da aydın deyil. Ancaq sualınıza qayıtsaq (müharibəni bərpa olunması ehtimalı haqqında – red.), o zaman heç bir şey istisna edilə bilməz”.