Erməni KİV-dən Zəngəzur iddiası: Biz edə bilmədik, İlham Əliyev bacardı

Dünyada birbaşa Ermənistanla, xüsusən də Zəngəzur dəhlizi ilə bağlı maraqlı hadisələr baş verir, amma heç kim İrəvanın adını çəkmir.
Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.
Erməni nəşri Azərbaycan Prezidenti İlham Əliyevin Çin səfərinə diqqət çəkib:
“Bu gün səhər saatlarında Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çin sədri Si Cinpinlə əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirib. İki ölkə liderinin nəyi müzakirə etdiyi hələlik məlum deyil, amma həm azərbaycanlı, həm də çinli ekspertlərin proqnozları və qənaətlərinə görə, Zəngəzur dəhlizi ilə birbaşa bağlı olan Orta dəhliz məsələsi müzakirə olunub.
Çinin Azərbaycanla strateji tərəfdaşlıq müqaviləsi var. Ermənistan hakimiyyəti nə qədər dünyanın ən qüdrətli dövlətlərindən biri (Çin) ilə ciddi əlaqələr qurduğunu iddia etsə də, Əliyev daha geniş əməkdaşlıq qura bilib”.
Mənbənin fikrincə, Azərbaycanla yanaşı, Çin də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır: “Çünki Çin malları məhz Orta dəhlizlə Avropaya çatdırılacaq”.
“Past” Zəngəzurun Orta dəhlizin mühüm hissəsi olduğunu vurğulayıb:
“Dünən Zəngəzur dəhlizi barədə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün də danışıb. Səfir bəyan edib ki, sülh sazişi imzalansa və Zəngəzur dəhlizi açılsa, Çindən Londona qədər Orta dəhliz xeyli genişlənəcək, türk dünyasının rolu artacaq, Türkiyə bunu dəstəkləyir.
İran xarici işlər naziri Abbas Əraqçi da Çindədir. İran birbaşa Zəngəzur dəhlizinə qarşıdır, indi Çinin fikrini dəyişməyə çalışır”.
Nəşr sonda qeyd edir ki, Zəngəzur dəhlizi ilə bağlı maraqlı proseslər baş verir, yolun açılmasından danışılır, amma Ermənistanın adı çəkilmir və mövqeyi nəzərə alınmır.