Erməni lobbisi Ermənistana qarşı: İrəvan Türkiyə şansını qaçıracaq?
Qondarma soyqırımı ərəfəsində ermənilər arasında ikitirəlik yaşanır. Erməni lobbisinin təsirindən, onun çirkin ideoloji xəttindən qurtulmaq üçün gözəl şans yaranıb. Ermənistan hakimiyyəti bunu anlamağa başlayıb və erməni cəmiyyəti də bununla barışmalıdır.
Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Erməni lobbisi qondarma soyqırımın ildönümü ərəfəsində ənənəsinə sadiq qalaraq anti-Türkiyə təbliğatını nəinki azaldıb, əksinə, hədyanları artırıb. Kampaniyanı genişləndirən erməni lobbisi yenə də müxtəlif ölkələrdə tədbirlər keçirir, təbliğat xarakterli fəaliyyətlə yadda qalır. Qondarma soyqırımı bir kənarda qalıb, əsas fəaliyyətlərini indiki Türkiyə üzərində qururlar. Bu dəfə də əsas təbliğat kampaniyasını Latın Amerikası ölkələrində aparırlar. Bu ölkələrdə erməni icmasının kifayət qədər olmasını nəzərə alaraq qondarma soyqırımlarının dövlət səviyyəsində tanıdılmasına çalışırlar.
Maraqlı olan odur ki, erməni lobbisi ilə Ermənistan hakimiyyətinin bu məsələdə mövqeyi üst-üstə düşmür. Bəlli olduğu kimi, hazırda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi gedir. Bu isə dünya erməni icmasını qane etmir. Ankara-İrəvan münasibətlərinin normallaşması erməni lobbisinin əsas gəlir mənbələrindən birinin əldən çıxması deməkdir. Nüfuzlu erməni lobbi təşkilatları illər uzunu Türkiyəyə qarşı mübarizə adı altında sadə ermənilərdən milyonlarla vəsait toplayır, öz sərvətlərini artırmağa sərf edirlər. Lobbi Türkiyə ilə yanaşı, Azərbaycanla da münasibətlərin normallaşmasında əsas maneə hesab olunur.
Qarabağ zəfəri “soyqırımı”nı erməni gündəmindən çıxarıb?
Beləliklə, fakt faktlığında qalır ki, İkinci Qarabağ müharibəsi tək erməni işğalına son qoymadı, həm də “Böyük Ermənistan” xülyasının, qondarma soyqırımının dünyada tanınması cəhdlərini da mənasızlaşdırdı. Sirr deyil ki, illər uzunu Ermənistanı öz çirkin ideyalarının əsirinə çevirən erməni lobbisi yalnız Ermənistanı, onun vətəndaşlarını inkişafdan saxladı. Məhz erməni lobbisinin millətçi ideyalarının təsiri altında Azərbaycan torpaqları işğal edildi, Türkiyə ilə münasibətlərin kəsilməsi nəticəsində isə Ermənistan blokada vəziyyətinə salındı. İnsanlar, gec də olsa, anlamağa başlayıblar ki, çıxış yolu heç də millətçilik ideyalarında deyil, qonşularla mehriban münasibətlər qurmaqdan keçir.
Bir ilə yaxındır ki, Türkiyə ilə münasibətlərin normallaşması xəttini götürən rəsmi İrəvan bu istiqamətdə xeyli addımlara imza atıb – birgə komissiya yaradılıb, xüsusi nümayəndələr təyin edilib, aviauçuşlar bərpa edilib. Düzdür, Rusiya-Ukrayna gərginliyi fonunda ikitərəfli görüşlər təxirə düşsə də, mövzu gündəmdə qalmaqdadır.
Ermənilərin əziyyəti diasporu sevindirir
Yeri gəlmişkən, aprelin 24-ü yaxınlaşdıqca, erməni diasporu bütün dünyada Türkiyəyə ziyan vurmaq üçün əlindən gələni edir. Qardaş Türkiyənin “Haber7” portalı yazır ki, Türkiyənin fəal vasitəçi rolunu oynadığı Azərbaycan və Ermənistan arasında sülh danışıqları diasporu çox ciddi şəkildə narahat edir:
“Varlığının səbəbi 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınması olan diaspor, Ermənistana yardımı azaltmaqla Paşinyana qəzəbini nümayiş etdirir. Qarabağ qələbəsindən sonra gördük ki, erməni diasporunun məqsədi Ermənistandakı insanların xoşbəxt və firavan yaşaması deyil. Əksinə, Ermənistan ermənilərinin əziyyəti diasporadakıları sevindirir”.
Erməni diasporunun məşhur nümayəndələrindən olan Ruben Melkonyan hesab edir ki, Türkiyə yalnız və yalnız Qarabağdan, “soyqırımı”ndan imtina edəcək Ermənistanla münasibətləri normallaşdıracaq. Onun sözlərinə görə, ötən 30 ildə Türkiyə Ermənistanla məhz ona görə münasibət qurmaq istəməyib ki, ermənilər qeyd olunanlardan imtina etməyiblər.
Türkiyə-Ermənistan danışıqlarında durğunluq müvəqqətidir?
Yeri gəlmişkən, Ankara və İrəvan arasında başlamış “normallaşma prosesi”ndə xüsusi təmsilçilərin təyini, Ermənistanda türk məhsullarına qoyulmuş embarqonun aradan qaldırılması və iki ölkə arasında müntəzəm uçuşlara icazə verilməsi ilə müşayiət olunan hərəkətlilik durğunluqla əvəz olunub.
Son bir ayda Rusiya-Ukrayna müharibəsinə fokuslanmış rəsmi Ankaranın xarici siyasətində “Ermənistanla normallaşma prosesi” sanki kölgədə qalıb. Türkiyənin Ermənistanla sərhəd bölgəsi olan Şərqi Anadolunun iş dünyasında bir ay əvvəl müşahidə edilən canlanma indi hiss olunmur. İğdır Ticarət Odasının rəhbəri Kamil Arslan türk mediasına deyib ki, sərhədlərin açılacağı ilə bağlı bir ay əvvəlki gözləntiləri yoxdur. Siyasi ekspertlərin fikrincə, Qarabağ münaqişəsi faktorunda “açar rola” sahib olan Rusiya Ukrayna ilə müharibə səbəbindən Qafqazdan müvəqqəti uzaqlaşmış kimi görünsə də, Ankara və İrəvan mümkün risklərdən qaçmaq üçün təmasları azaltmağa üstünlük verirlər.
Xarici siyasət məsələləri üzrə ekspert, Orta Şərq Texniki Universitetinin professoru Oktay Tanrısever isə hesab edir ki, Türkiyə-Ermənistan normallaşma prosesi uğurla davam edir. Professor deyir ki, İstanbul-İrəvan təyyarə reysinin açılması bölgənin biznes dairələrində sərhədlərin açılacağı ilə bağlı ümidlər yaratsa da, bunun qısa müddətdə baş verməsi mümkün deyil. Ekspertin fikrincə, tərəflərin sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması ilə bağlı qərarı ilin sonuna doğru verilə bilər.
Yekun olaraq hansı nəticəyə gəlmək olar? İrəvan anlamalıdır ki, Türkiyə ilə münasibətlərin normallaşması Ankaradan çox, onlara lazımdır. Erməni lobbisinin təsirindən, onun çirkin ideoloji xəttindən qurtulmaq üçün gözəl şans yaranıb. Hakimiyyət bunu anlamağa başlayıb və erməni cəmiyyəti də bununla barışmalıdır. Anlamalıdır ki, Türkiyə Ermənistanın çoxdan arzuladığı Qərbə inteqrasiyanın, yoxsulluq və təcriddən xilas olaraq rifah yoluna qədəm qoymanın da yeganə qapısıdır.