Erməni politoloq etiraf etdi: “Ermənistanı beynəlxalq arenada sayan yoxdur”
“Xarici siyasətdə Paşinyanla “qovulmuş” kimi davranırlar”
“Ermənistan baş naziri Nikol Paşinyanın reytinqi təkcə daxildə deyil, xarici arenada da əhəmiyyətli dərəcədə aşağı düşüb”.
Ermənistan mediasına istinadən xəbər verilir ki, bu sözlərin müəllifi erməni politoloq Qagik Qambaryandır.
“Bəs iqtidar tərəfdarları başqa nə fikirləşməlidir ki? Bəlkə düşünürlər ki, Azərbaycana 12 min kvadrat metri təslim edən bir adamı ermənilər bağırlarına basacaq? Əgər erməni xalqı gələcək seçkilərdə də təslimiyyətçi rəhbərlərinə səs verəcəklərsə bu deməkdir ki, artıq onların müstəqil bir dövlətə haqları yoxdur. Çünki Ermənistanda baş verənlər artıq gülünc janra çevrilir. Harda görünüb ki, kapitulyasiyaya imza atan adam öz postunda qalmaq istəsin”,- deyə o söyləyib.
Erməni ekspertin fikrincə, Paşinyan daxildə hər hansı formatda ölkəyə rəhbərliyi davam etdirə bilsə də, xarici siyasətdə heç bir şey alınmayacaq.
“Nikol Paşinyan xarici siyasətdə əsl “qovulmuş” vəziyyətdədir. Baxın Qazaxıstanda o, yalnız ölkənin baş naziri ilə görüşə bildi. Başqa yüksək səviyyəli görüşlər keçirilmədi. Çünki heç kim bu cür rəhbərlə üz-üzə gəlmək istəmir. Ermənistanı beynəlxalq arenada da sayan yoxdur”, – deyə o, bildirib.