Erməni silahlılar Bəyanatdan sonra Qarabağa gəlib – Fakt
11 dekabr tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi antiterror əməliyyatının nə qədər vacib və qanuni olduğunu təsdiqləyən daha bir mühüm detal üzə çıxıb.
Bu barədə o zaman ərazidə mühasirəyə düşən, hazırda isə xilas olaraq, Ermənistana qayıtmış “könüllülər” özləri danışıb.
Artıq məlum olduğu kimi, həmin ərazidə əsirlər götürüldüyü haqda video yayılandan sonra bu silahlıların Şirak bölgəsinin 3 kəndindən yığılaraq, Qarabağa göndərildiyi açıqlanmışdı. Daha doğrusu, həmin video-görüntülərdə öz doğmalarını tanıyan Şirak bölgəsinin 3 kəndinin sakinləri aksiya keçirmiş, onların qanunsuz olaraq Qarabağa göndərildiyini bildirmiş və hökumətdən izahat tələb etmişdilər.
İndi – artıq geri qayıtmış və öz sözləri ilə desək, “düşmənə əsir düşməkdən xilas olmuş” o silahlılardan bəziləri erməni mediasına danışıblar.
Şirak bölgəsinin Amasiya rayonu, Meqraşat məntəqəsinin rəhbəri Vaqram Saqatelyan deyib ki, “könüllü dəstə” Qarabağa noyabrın 29-u böyük çətinliklə gedib çatıb, 2 dekabr tarixində isə artıq postda mövqe tutublar.
“Mövqelərlə tanış olduq və bundan sonra heç kim, hətta komandanlıq belə bizimlə maraqlanmadı. Heç kim bizim aqibətimizin necə olduğunu, diri olub-olmadığımız bilmirdi. Yalnız hər 4 gündən bir bizə yemək göndərilirdi. Qarabağa gəldikdən 10 və ya 12 gün sonra mühasirəyə alındığımızı başa düşdük. Ertəsi gün posta nəzarət etmək üçün azərbaycanlılardan ibarət dəstə gəldi”.
Onun sözlərinə görə, bu barədə komandanlığa məlumat verildikdə, komandanlıqdan bildirilib ki, azərbaycanlılarla danışıqları özünüz aparın. Beləliklə, azərbaycanlı zabitlərlə danışıqları “könüllü”, “tağım komandiri”, Amasiya icmasının rəhbər müavini Artavazd Qukasyan aparıb.
Bundan sonra Saqatelyan erməni xislətinə uyğun olaraq, öz bildiyi kimi hadisənin inkişafını danışıb. Deyib ki, guya Gümrüyə, dostlarına zəng ediblər və hay-küy qaldırıblar, nəticədə onlar əsir götürülməyib, yoxsa onların da taleyi digər əsir götürülənlər kimi olacaqdı.
Onun sözlərinə görə, 6 gün ərzaqsız və susuz qalıblar, geri qayıdandan sonra isə öyrəniblər ki, onların mühasirədən xilas olunmasını hər kəs öz adına çıxır və bunların arasında deputatlar da var. O iddia edib ki, heç kim onları xilas etməyib, sadəcə, “səs-küy qaldırdıqları” üçün onlara çıxıb getməyə şərait yaradılıb.
O, həmçinin 18 gün qoruduqları postu tərk etmələrinin səbəbini də anlamadığını deyib:
“Necə ola bilər ki, biz 18 gün postda dururuq, ancaq sonra bizə deyirlər ki, bura (Kiçik Qaladərəsi) bizim post deyil, düşmənindir. Azərbaycanlılar yaxşı silahlanıblar və texniki üstünlükləri var. İki günə böyük dağdan keçməklə yol inşa etdilər. Amma bizim hakimiyyət bilmir ki, sağıq, əsirik, yoxsa hardayıq”.
Bu açıqlamadan belə məlum olur ki, ermənilər 10 noyabr Bəyanatının şərtlərini kobudcasına pozublar. Belə ki, Bəyanatın 4-cü bəndinə görə, erməni silahlıları Azərbaycan ərazisindən çıxmalı və ora rus sülhməramlıları yerləşməlidir – dinc əhalinin təhlükəsizliyi üçün. Rus sülhməramlıları yerləşib, ancaq erməni ordusu və silahlıları çıxmaq əvəzinə hətta Bəyanatdan 19 gün sonra Şirakdan 170-dən çox “könüllü” Qarabağa yerləşdirilib.
Bu fakt artıq DTX-nın əməliyyatının nə qədər zəruri olduğunu təsdiqləyir.
Digər mühüm fakt isə Saqatelyanın komandanlığın “göstərişi” haqda dedikləridir. Saqatelyanın sözlərinə görə, komandanlıq onlara azərbaycanlılarla özlərinin danışıqlar aparması gərəkdiyini deyib.
Bu, erməni komandanlığın məsuliyyətdən qaçmaq istəyidir. Belə ki, Ermənistan MN guya ordakı “könüllülərdən” xəbərsiz olduğunu, ərazidə “partizanların” yerləşdiyini göstərmək istəyib. Halbuki Saqatelyan hər 4 gündən bir onlara yemək və digər sursatlar gəldiyini, 15 gündən sonra isə onları əvəz edəcək komandanın göndəriləcəyinə söz verildiyini bildirir.
Başqa sözlə desək, bu “könüllü oyunu” Ermənistanın Bəyanatın tələbini pozmaq üçün istifadə etdiyi hiylədir.
Qeyd edək ki, 26 noyabr və 8 dekabr tarixlərində erməni silahlılarının terror hücumu nəticəsində 4 hərbçimiz həlak olmuş, bir neçə nəfər isə yaralanmışdı. Buna cavab olaraq DTX 11 dekabrda antiterror əməliyyatı keçirərək, Köhnə Tağlar və Çaylaqqala kəndlərinə nəzarəti ələ keçirmiş, eyni zamanda Şuşa rayonunun Böyük və Kiçik Qaladərəsi kəndlərində gizlənən erməni silahlılarının dərhal ərazidən çıxması tələbi ilə bu əraziyə doğru irəliləmişdi.
Erməni mediası azərbaycanlılarla danışıqlardan sonra bəzi erməni silahlılarının bölgədən çıxıb getməsi üçün dəhliz açıldığını, müqavimət göstərənlərin isə əsir alındığını yazıb. İddiaya görə, 73 nəfər əsir götürülüb.