“Erməni təxribatı Dağlıq Qarabağ sülh danışıqlarının “tabutuna son mismarı vurdu”

“Tovuzda yaşanan erməni təxribatına, eləcə də Rusiyanın Ermənistanda keçirdiyi birgə hərbi təlimlərə Türkiyə Azərbaycanla birgə hərbi təlimlər keçirməklə cavab verdi” .

Bunu Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Nazim Bayramov deyib. 

O bildirib ki, növbəti güc nümayişi raundu zahirən heç-heçə bitsə də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyası prezidenti Vladimir Putinin Cənubi Qafqazda vəziyyətin son müzakirəsinin nəticəsində Kremlin mətbuat xidmətinin açıqlamasındakı “Regionda sabitliyin qorunması məqsədilə səylərin koordinasiyasına hazırlıq ifadə olunmuşdu” cümləsi diqqət çəkir:

“Əvvəllər belə rəsmi açıqlamalarda “birgə səylərin artırılması”, “dəstək” ifadələri işlənirdisə, bu dəfə “koordinasiya” sözü işlədilir. Koordinasiya daha yaxından və sistematik birgə fəaliyyəti nəzərdə tutur. Xatırladım ki, telefon danışıqları Türkiyənin təşəbbüsü ilə baş tutub. Fikir mübadiləsinin yekununda Rusiyanın regionda Türkiyə ilə koordinasiyaya hazırlıq ifadə etməsi bir neçə mətləbdən xəbər verə bilər. Birincisi, Türkiyənin Naxçıvanın təhlükəsizliyinə qarant olmasının qüvvədə olması və aktuallığı Rusiya tərəfindən bir daha təsdiqləndi. İkincisi, Rusiya Türkiyəni region işlərinə (Ermənistan-Azərbaycan münaqişəsinə) daha yaxın buraxmaqla, Türkiyə ilə qarşı-qarşıya olduğu digər regional münaqişələrdə (Suriya, Liviya, qismən Ukrayna) hansısa güzəştlərə xatir taktiki gediş etmiş kimi görünür”.

N. Bayramovun fikrincə, Azərbaycan ATƏT-in Minsk Qrupunun konfransının çağırılmasını istəməli və konfransın ciddi qərar qəbul etməsini tələb etməlidir: 

“Ermənistanın dövlət sərhədimizdə etdiyi son təcavüzlə Dağlıq Qarabağ sülh danışıqlarının “tabutuna son mismarı vurmasını” və yaranmış əlverişli situasiyanı nəzərə alaraq, Azərbaycan ATƏT-in Minsk Qrupunun konfransının çağırılmasını tələb etməlidir. Minsk Qrupuna həmsədr ölkələrdən başqa Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç və Finlandiya daxildir. Bu ölkələrin hər biri ayrı-ayrılıqda Avropa İttifaqı tərkibində Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrdir. Konfransın qəbul etdiyi qərar Ermənistana sonuncu ciddi beynəlxalq xəbərdarlıq olmalıdır”.  

Mənbə
sfera.az
Hamısını Göstər

Related Articles

Back to top button