Erməni təxribatı davam edir: hücum bu istiqamətdəndir

44 günlük müharibədə ağır zərbələr alan və kapitulyasiyaya imza atan Ermənistanda daxili çəkişmələr alovlansa da, vaxt ötdükcə ölkəmizə qarşı informasiya müharibəsinin artdığı müşahidə edilir.

Düşmən ölkə müharibədəki ağır məğlubiyyətinin informasiya siyasəti ilə kompensasiya etməyə çalışır və getdikcə bu istiqamətdə sistemlilik yaranmaqdadır.

Nələr müşahidə edilir?

1. Erməni informasiya resursları bütün vasitələrlə Azərbaycanın “qədim erməni xristian abidələrinə” qarşı qeyri-adekvat davrandığını göstərməyə çalışır. Məsələn, 8 fevral tarixində Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq, 28 erməni “zəvvarın” Xudavəng monastırını ziyarət etdiyini bildirir və onları ziyarətə rus sülhməramlılarının gətirdiyini, heç bir narahatlıq olmadığını bildirir.

Bu gün isə erməni informasiya resursları Azərbaycan Ordusunun ermənilərə Xudavəngi ziyarət etməyə imkan vermədiyini yazıb. Qeyd ediblər ki, 7 fevralda Xudavəngə gələn ermənilərə əvvəlcədən məlumat verilmədiyi üçün ziyarətə imkan verilməyib. “Bunun növbəti provokasiya” olması ehtimalı da, “yeri gəlmişkən”, əlavə edilir.

2. Erməni axtarış qruplarına Qarabağdakı döyüş meydanlarında erməni əsgər meyitlərinin axtarılmasına icazədən vaxtaşırı olaraq antitəbliğat kimi istifadə edilir. Azərbaycan Ordusu ötən ilin 14 noyabrından erməni valideynlər və Qırmızı Xaç Komitəsinin də daxil olduğu axtarış qruplarına Qarabağda erməni əsgər meyitlərini axtarmağa icazə verib, üstəlik, indiyə qədər onlarla erməni meyitini Azərbaycan Ordusu özü aşkarlayaraq, bu qruplara təhvil verib. İndiyə qədər Azərbaycan Ordusunun yaratdığı şərait və özünün verdiyi dəstək nəticəsində 1367 erməni əsgərin meyiti tapılaraq, Ermənistana aparılıb.

Ermənilər vurulmuş tankın, topun yanında, qızğın döyüşlər gedən ərazilərdə tapılan 1367 meyitdən 15-ni “mülki vətəndaş” çıxarmaq üçün əldən-ayaqdan gedir. Əlbəttə, sual yaranır: mülki vətəndaşlar o döyüş bölgəsində nə gəzirdi?

Mülki paltarda olan “könüllü” və yaxud topa mərmi daşıyan yeniyetməninin ermənilərin müharibə gedişində fəxrlə yaydığı videosunu xatırlamaq kifayətdir ki, ölən “mülki”lərin döyüş meydanında nə gəzdiyi aydınlaşsın. Ancaq ermənilər bu faktları “unudublar” və həmin şəxsləri israrla “mülkilər” kimi qeydə almağa girişiblər.

3. Ermənistan XİN də daxil olmaqla, bütün informasiya resursları münaqişənin hələ də davam etdiyi, “dinc nizamlama prosesinə” ATƏT-in Minsk Qrupunun da daxil edilməli olduğu barədə aktiv təbliğat aparılır. Minsk Qrupunun 27 ildə tutduğu mövqe və sərgilədiyi siyasət hər kəsə bəllidir. Azərbaycan şəhidlərin canı bahasına ərazi bütövlüyünü təmin etdikdən və Dağlıq Qarabağ münaqişəsini tarixin arxivinə göndərdikdən sonra erməni təbliğat aparatı bunu Minsk Qrupunun masasına çıxarmaqla, gündəmdə saxlamağa və hələ münaqişənin davam etdiyini göstərməyə, dünyaya təbliğ etməyə çalışır.

4. “Dqr”in guya mövcudluğunu, hələ də fəaliyyət göstərdiyini “sübut etmək” üçün hər vasitədən istifadə olunur: separatçı-terrorçuların rəhbəri A.Arutyunyanın “sərəncam”, “fərmanları” tirajlanır, “təyinatlar” açıqlanır və “dqr rəsmilərinin” bəyanatları hər gün bütün ölkə mediasını “bəzəyir”.

Ötən gün isə “dqr ordusuna çağırışın” bərpa olunduğu haqda məlumat tirajlandı. Guya “ordu” varmış və hətta bu “ordu” yenidən təşkilatlanırmış.

Azərbaycanın Qarabağ bölgəsindəki rus sülhməramlılarının məsuliyyət zonasında, daha dəqiq desək, Rusiya ordusunun arxasında təhlükəsizlikdə olduğunu zənn edən və yaxud bu görüntünü yaradan ermənilər bütün vasitələrlə “media üzərində mövcudluq”larını saxlamağa cəhd göstərirlər. Bu siyasətin arxasında rus sülhməramlılarına azərbaycanlıların nifrətini formalaşdırmaq istəyi də dayanır.

Əlbəttə, rus sülhməramlılarının fəaliyyəti bəzi məqamlarda missiyadan kənara çıxır: onlar Ermənistandakı erməniləri Qarabağa daşıyırlar, onları yerləşdirirlər, pulsuz qida, ev, mənzillə təmin edirlər, müalicələrini pulsuz aparırlar, ermənilərin özlərinin basdırdığı minaları təmizləyirlər və s. Bütün bunlar sülhməramlı missiyasından kənara çıxmaqdır və Rusiya MN-in Qarabağda hansı oyun oynadığı hamıya bəllidir. Ancaq bu oyun heç də “ermənilər üçün” deyil, Rusiya öz maraqlarını təmin etməyə çalışır. Yoxsa həftədə adambaşına 5 kq ərzaq paylamaq, Rusiyadan yüz tonlarla tikinti materialı gətirib, ermənilər üçün ev tikmək və sanksiyalar altında olan Rusiya büdcəsini əlavə xərclə yükləmək şimal qonşumuzun erməni sevgisindən deyil.

Xankəndiyə xarici ölkə vətəndaşlarının, siyasətçilərin, diplomatların və jurnalistlərin buraxılmamasının da səbəbi budur. Burda da rus sülhməramlıları heç də “Azərbaycanın maraqlarına” və yaxud 10 noyabr bəyanatına uyğun davranış sərgiləmirlər. Sadəcə, xarici ölkələrin Qarabağa müdaxiləsini istəmirlər və bu əraziləri “öz inhisarlarında” saxlamağa cəhd göstərirlər.

Başqa sözlə, rus sülhməramlılarının davranışları bir çox məqamda ermənilərin də “maraqlarına” uyğun deyil. Ancaq ermənilər bu mövzuda ümumiyyətlə müzakirələrdən qaçırlar. Çünki hazırda Qarabağa erməni daşınması və məskunlaşması, ümumiyyətlə, Xankəndi və ətrafında erməni mövcudluğu birbaşa Rusiyanın xidmətidir.

5. müharibə bitəndən sonra Azərbaycan ordusuna qarşı terror hücumu edən və buna görə də DTX-nin keçirdiyi əməliyyatla yaxalanan terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi istiqamətində bütün varlıqları ilə çalışırlar və bu istiqamətdə deyəsən, müəyyən irəliləyişləri də var…

Ermənistan niyə Azərbaycan Ordusunun erməni əsgər meyitlərini axtarmağa bəzi günlər qadağa qoymasına aydınlıq gətirmirlər. Halbuki bunun əvəzində Azərbaycan minalanmış sahələrin xəritəsini tələb edir. Ermənistan israrla bu tələblərdən imtina edir və nəticə ortadadır: həlak olan hərbçilərimiz də, azad edilən torpaqlarını görmək üçün gizli şəkildə o torpaqlara gedən mülkilər arasında da itkilərimiz var.

Ermənilərin “informasiya müharibəsində” getdikcə daha ciddi təşkilatlanması bizim üçün çağırış olmalıdır.

İnanmıram ki, bu çağırışı hazırda kifayət qədər ciddi qiymətləndirə bilirik…

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button