“Ermənilər artıq Laçından gedirlər” – Deputatdan sensasion açıqlamalar
Mahir Abbaszadə: “Ermənilər artıq şələ-şülələrini yığıb Laçından gedirlər”
Son günlər ermənilərin Laçın şəhərini boşaltdığı barədə məlumatlar yayılır. Əslində bu, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın 6-cı bəndində əksini tapan razılaşmadır. Amma bu da var ki, ermənilər tarixən məkrli davranışları ilə yadda qalıblar. Elə müharibədən sonrakı dönəmdə işğalçılara torpaqlarımızı boşaltmaq üçün vaxt veriləndə də onlar vandallıqlarını davam etdirdilər, talayıb, dağıdıb getdilər digər ərazilərimizdən. Laçın mövzusunda deputat, 121 saylı Laçın Seçki Dairəsindən Milli Məclisin üzvü Mahir Abbaszadə ilə danışdıq.
– Mahir bəy, Laçınla bağlı xəbərlər gəlir. Sizdəki məlumatlar nədən ibarətdir? Ermənilər doğrudanmı tarixi torpağımızı boşaldırlar, yoxsa burda da bir məkr, hiylə var?
– 10 noyabr sazişindən sonra, kapitulyasiya sənədinə görə, müvafiq maddəyə uyğun olaraq ermənilər Laçın rayonunu da boşaltmalıdır. Laçın rayonunun şəhər mərkəzi və 5 km enində dəhlizdən başqa, kəndlərinin hamısı boşaldılıb, orada bir nəfər də olsun erməni yaşamır. Sadəcə şəhər mərkəzində, sülhməramlıların olduğu ərazidə bir neçə nəfər erməni var ki, Laçın şəhərində qalır, mən deyərdim ki, sülhməramlılara xidmət göstərirlər. Bizdə olan məlumatlara görə, artıq ermənilər həmin əraziləri də tərk etməyə başlayıblar.
Burada vacib bir məqam var. Xatırlayırsınızsa, 10 noyabr sazişinə əsasən, müvəqqəti olaraq Laçın rayonunun mərkəzindən ermənilərə dəhliz verilir, amma alternativ yol çəkildiyi təqdirdə, şəhər yenidən Azərbaycana qaytarılır və digər yolu sülhməramlılar qorumağa başlayır. Məndə olan məlumata görə, artıq o yolun çəkilişi tamamlanmaq üzrədir, dəqiq bilmirəm nə zaman bitəcək. Amma ermənilər artıq şələ-şülələrini yığıb gedirlər, çünki yeni yolun çəkilişindən sonra sülhməramlılar məhz həmin yolun mühafizəsi ilə məşğul olacaqlar, belə olan təqdirdə ermənilər əvvəlkitək sülhməramlıların qoltuğu altında yaşaya bilməyəcəklər.
– Laçında çəkilən alternativ yolun çəkilişi barədə də ziddiyyətli xəbərlər yayılır. Azərbaycan ərazisində həyata keçirilən bu layihənin icraçısı kimdir, sualına dəqiq cavabınız varmı?
– Məndə olan məlumata görə, o yolun çəkilişini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir. Xankəndidən qalxaraq, gəlib Şuşanın arxasından keçən hissəsindən ki, yol başlayacaq, gəlib digər yerdən keçəcək, bunun Şuşa tərəfdən tikintisini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi icra edirdi. Xatırlayırsınızsa, üçtərəfli müqavilədə bu prosesin 3 ilədək müddətdə həyata keçiriləcəyi əksini tapırdı. Biz müharibədə qələbə əldə etdikdən sonrakı müddətdə tikintini Azərbaycan həyata keçirirdi. Məndə digər hansısa tərəfin bu işi icra etməsi barədə hər hansı məlumat yoxdur.
– Həkəri çayı üzərindəki körpü də həmin yolun bir hissəsidir, eləmi?
– Bəli. Həmin yol Həkəri çayının üstündəki körpüdən keçərək Ermənistan ərazisinə daxil olacaq. Onu da nəzərinizə çatdırım ki, ermənilərin yaşadığı Xankəndi şəhəri ilə Ermənistanı birləşdirəcək ən yaxın məsafə oradan keçir.
– Amma belə məlumat var ki, ermənilərin yolu uzanacaq…
– Təbii, uzanacaq. Amma ümumilikdə biz Laçın şəhər mərkəzindən keçən yolu çıxsaq, ən yaxın yol çəkilən alternativ yol sayılır. Mən dəqiq bilmirəm, yol nə qədər uzanacaq, çünki orda relyefə uyğun olaraq, dolanbac ərazilər, döngələr var.
– Belə yanaşma var ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı ziddiyyətli mövqeyinə son qoymamış Laçın dəhlizi, yaxud alternativ yolla bağlı güzəşt tanımamalıyıq…
“Doğma Güləbirddəki ata ocağını bərpa edəcəyəm, Laçın şəhərində yaşayacağam” |
– Fikrimcə, Zəngəzur dəhlizinin çəkilməməsi məsələsi ola bilməz, artıq bu məsələ bitmiş sayılmalıdır. Çünki cənab prezident də öz çıxışında deyib ki, ermənilər istəsə də, istəməsə də, Zəngəzur dəhlizi reallaşacaq və istifadəyə veriləcək. Artıq siyasi iradə ortadadır. Həmçinin möhtərəm prezidentin Brüsselə səfəri zamanı Avropa İttifaqı da bu layihəyə çox müsbət yanaşdı. Bu qurum hətta layihənin Ermənistan ərazisindən keçəcək hissəsinə maliyyə ayırmağı da üzərinə götürdü. Ona görə də dəhlizin çəkilməsilə bağlı şübhələr sadəcə, sözdən ibarətdir və dəhlizin reallaşması baş verəcək.
– Siz ermənilərin yenə də hansısa məkrli hiylələr qura biləcəyindən narahat deyilsiniz ki? Konkretləşdirsək, ermənilər Azərbaycanın nəzarətindən kənardakı alternativ yolun imkanlarından istifadə edərək hansısa təxribatlar törədə bilərmi?
– İstəyir o yol Laçın şəhərinin mərkəzindən keçsin, istəyir başqa ərazidən, fərqi yoxdur, 10 noyabr sazişinə görə, o yolun mühafizəsini rus sülhməramlılar həyata keçirəcək. O yollardan ermənilərin sui-istifadə etməsinin qarşısını almaq və qayda-qanunu tənzimləmək birbaşa sülhməramlıların borcudur. Çünki bura onların məsuliyyət zonasıdır. Məhz onların məsuliyyət zonasında baş verən hadisələrə görə də onlar – sülhməramlılar cavabdehdirlər. Biz nəinki alternativ yolla bağlı, digər məsələlərdə də ermənilərə heç vaxt inanmamalıyıq. Təbii ki, bunlar tarixən Azərbaycana qarşı məkrli, hiyləgər davranış sərgiləyiblər. Vətən müharibəsində biz qələbə qazanmışıq deyə, indi bunların gözləri qırılıb, məğlubiyyətə uğradıqlarına görə hələ toparlana bilmirlər. Amma düşmən həmişə düşməndir. Odur ki, biz bütün zamanlarda ayıq-sayıq olmalıyıq.
– Mahir bəy, sülhməramlılardan bəhs etdiniz. Amma bu da var ki, bu hərbi kontingent ötən müddətdə vaxtaşırı Azərbaycan cəmiyyətində qıcıq doğuran davranışları ilə gündəmə gəldilər və eyni mənzərə davam edir. Elə bu günlərdə Kəlbəcərə gedən yük maşınlarımızın sülhməramlılar tərəfindən, özü də Qarabağdakı “erməni hərbi polisi” ilə birgə yoxlaması hiddət doğurub. Bu barədə nə deyə bilərsiniz?
– Bu fakt onu göstərir ki, 10 noyabr sazişinin müddəaları sülhməramlılar tərəfindən tam həyata keçirilməyib. Orda qeyd olunur ki, sülhməramlıların ermənilər yaşayan əraziyə daxil olması ilə paralel qaydada o ərazilərdən Ermənistan silahlı birləşmələri tamamilə çıxarılmalıdır. Amma sizin istinad etdiyiniz kadrlardan görürük ki, orda yenə silahlılar var və bunlar erməni silahlılarıdır. Rus sülhməramlıları erməni silahlılarını Qarabağdan çıxartmaq əvəzinə, bəzən yoxlanışlarda birgə hərəkət edilər. Bütün bunlar sülhməramlıların ordakı fəaliyyətilə bağlı bizdə narazılıq yaradır. Yadınızdadırsa, möhtərəm cənab prezident də mətbuata müsahibəsində onu qeyd etmişdi ki, bəzən sülhməramlılar tapşırıqları yerinə yetirə bilmirlər. Məsələn, əcnəbi vətəndaşların, konkret olaraq Fransa vətəndaşlarının Xankəndiyə gəlməsinə mane olmurlar. Axı, onlar Xankəndidə yaşayan ermənilər deyil. Amma əcnəbilər sülhməramlıların nəzarət etdiyi yerlərdən keçib-gedirlər və onlar da bu qanunsuzluğun qarşısını almırlar. Belə çıxır ki, sülhməramlılar özlərinin məsuliyyət zonasında hələ də öz vəzifələrini düzgün icra etmirlər.
– Bu, həm də onu deməyə əsas vermirmi ki, gələcəkdə Laçının mərkəzindən keçməyəcək yoldan ermənilər istənilən təxribatçıları Xankəndiyə aparıb-gətirə bilərlər, sülhməramlıların fəaliyyətsizliyi nəticəsində?
– Təbii. Məncə, bu yol çəkiləndən, rus sülhməramlılar həmin yolun nəzarətini öz üzərinə götürdükdən sonra onların davranışlarına diqqət artırılmalıdır. Onların fəaliyyətinə daha ciddi nəzarət olmalıdır ki, eyni qanunsuzluqlar davam etdirilməsin. Nə qədər ki, Xankəndidə erməni silahlı birləşmələri qalacaq, Ermənistandan, yaxud başqa ölkədən istənilən şəxs sərbəst şəkildə rus sülhməramlıların təsir zonasındakı ərazilərdə istədiklərini edəcəklər, təbii ki, burada davamlı və təhlükəsiz sülhə hər zaman təhdid olacaq. Bunun da qarşısını almağın əsas yollarından biri rus sülhməramlıların məsuliyyət zonasındakı fəaliyyətinə məsuliyyətli yanaşmasıdır.
– Sülhməramlıların Azərbaycan əleyhinə, insanlarımızın heysiyyatına toxunan, hətta dövlət başçımızın etirazına səbəb olan davranışlarının davamlı xarakter alması bu kontingentin fəaliyyətinə daha erkən xitam verilməsinə gətirib çıxara bilərmi?
– Biz müharibədə qələbə əldə etmişik. Qələbənin məntiqi nəticəsi kimi, o ərazilərdə davamlı sülh və təhlükəsizlik təmin olunmalıdır. Bəzən sülhməramlılar təhlükəsizliyi təmin edə bilirlər, amma bəzən də gördüyünüz kimi, bizim heysiyyatımıza toxunan davranışlar həyata keçirirlər. Məncə, biz hələ ki, gözləməliyik, prosesləri qabaqlamamalıyıq. Hələ alternativ yol hazır deyil. Yol çəkilib başa çatdırılsın, ondan sonra bu məsələlərə çox ciddi nəzarət olmalıdır.
– Ermənilərə Kəlbəcəri boşaltmaq üçün vaxt veriləndən sonra məlum oldu ki, düşmən daşı daş üstə qoymayıb, o boyda şəhər və rayonu məhv edib, yandırıb. Laçın şəhərinin boşaldılması ərəfəsində ermənilərin eyni talanları həyata keçirib, evlərimizi yandırmaması, ağaclarımızı belə doğramaması üçün hansısa bir addım atıla, nəzarət mexanizmi tətbiq edilə bilərmi?
– O zaman Laçın rayonu ərazisindən də ermənilər çıxarkən Kəlbəcərdə etdiklərini Laçında da etmişdilər, evləri yandırmışdılar. Mən dəqiq bilirəm ki, tamamilə yandırılan evlər kimindir, vaxtilə biz Laçını tərk edəndə həmin evlər salamat qalmışdı. Təbii ki, erməni məkrlidir, ona qəti inanmaq olmaz. Laçın şəhərini də tərk edəndə onlar bu vandallıqlarını davam etdirəcəklər. Amma bu məsələ də rus sülhməramlıların vəzifəsidir, onlar nəzarət etməlidir ki, ermənilər bu cinayərtləri törətməsinlər. Mən düşünürəm ki, ermənilər Laçın şəhərindən çıxarkən və sülhməramlılar şəhəri tərk edərkən Azərbaycan ordusunun hissələri eyni vaxtda Laçın şəhərinə daxil olmalıdır ki, düşmən növbəti yanğınları törədə bilməsin.
– Bildiyimizə görə, siz Laçında, doğma kəndinizdə olmusunuz. Laçının təhvil verilən ərazilərində həyata keçirilən işlərlə bağlı məlumatınız varmı? Hava limanı və digər layihələrlə bağlı…
– Bəli, kəndimizdə bir dəfə olmuşam. Aeroport mənim doğulduğum kənd tərəfdə deyil, Laçının şimal hissəsində, Kəlbəcərlə sərhədində, Qorçu kəndi istiqamətindədir. Məndə olan məlumata görə, orada infrastruktur layihələri həyata keçirilir, aeroport ərazisində tikinti işləri davam etdirilir və 2023-cü ildə təhvil veriləcək. “Azərsu” tərəfindən Laçın rayonundan 22 hərbi hissəyə su çəkilib, həmçinin AAYDA yol çəkilişini həyata keçirib. Yəni digər rayonlardakı bütün abadlıq işləri, infrastruktur layihələr Laçında da həyata keçirilir. Rayonun cənub hissəsi, yəni Qubadlıya tərəf olan kəndlərdə də – bilirsiniz ki, möhtərəm cənab prezident orada Su Elektrik Stansiyasının açılışını həyata keçirdi – vacib layihələr həyata keçirir. Zəngilandan başlayaraq, Qubadlıdan keçib, Laçının kəndlərindən Kəlbəcərədək olan yolun tikintisi də sürətlə davam etdirilir.
– Mahir bəy, inşallah Laçına qayıtmaq, orda ev tikib, yaşamaq niyyətiniz varmı?
– Məmnuniyyətlə. Mən həm öz kəndimizdə, doğma Güləbird kəndində, ata ocağını bərpa edəcəyəm və özüm də şəhər mərkəzində, Laçında yaşayacağam. İnşallah bir gün də sizi qonaq dəvət edəcəyəm.
– İnşallah.
Elşad PAŞASOY