“Ermənilər bu vurhavurda qəsəbələr salır, hansı sülhdən danışırıq?” – Deputat etiraz etdi
“Hər kəsin öz tələbləri və ərazisi var. Mən inanmıram ki, Azərbaycan, qalib gəlmiş bir dövlət hansısa bir ədalətsiz sülhə imza atsın”.
Bunu Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Aqil Abbas da “Turan” Agentliyinə açıqlamasında deyib.
O, bildirib ki, hamı sülh istəyir, amma sülh ədalətli olmalıdır.
Komitə üzvü vurğulayıb ki, Ermənistan 10 noyabr bəyanatının bütün şərtlərini hələ ki, yerinə yetirməyib: «Azərbaycanlılar hələ ki, öz evlərinə qayıda bilməyiblər. Hələ ki, Ağdam-Şuşa, Ağdam-Kəlbəcər yolu açılmayıb. Ermənilər bu vurhavurda qəsəbələr salırlar”
Onun deməsinə görə, əvəzində Ermənistandan erməniləri Xankəndiyə köçürürlər: “Belə olan halda hansı sülhdən danışırıq?»
Deputatın fikrincə, yol xəritəsindən bəlkə də danışmaq olar, amma indiki şəraitdə sülh sazişindən danışmaq mümkün deyil: «Hələ əvvəlki bəyanatı icra etsinlər, sonra isə sülhdən əlbəttə ki, danışacayıq. Bütün müharibələr axırda sülhlə bitir».
A.Abbas Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulub-qoşulmaması ilə bağlı müzakirələrə də münasibət bildirib. O vurğulayıb ki, Azərbaycanın bu birliyə qoşulacağına inanmır: «Çünki əgər Ermənistan oradadırsa və aramızda sülh müqaviləsi yoxdursa, Ermənistanla biz bir ittifaqdamı olacayıq? Bu, mümkün deyil».
Deputat qeyd edib ki, artıq başqa ittifaqdan söhbət gedir: «Artıq Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da bunu deyib. Söhbət Türk Dövlətlər Birliyindən, Türk Şurasından gedir. Biz bir ittifaqda birləşməliyik, tək qalmalı deyilik ki. Noyabrda İstanbulda Türk Dövlətlər Birliyi məsələsi müzakirə olunacaq».