Ermənilər öz qaçqınlarına yiyə durmur: “qarabağlı”lardansa hindistanlılar…
Geridə qoyduğumuz həftənin ən ləzzətlə oxuduğum reportajlarından biri idi. Erməni saytları yazmışdı və Qarabağdan qaçan bir erməni qadının fəryadına həsr olunmuşdu. Demək, özgənin torpağına göz dikən bu nanəcibləri artıq öz doğulduqları ölkədə, şəhərdə, İrəvanda da istəmirlər. Fevral ayında İrəvandakı bir yataqxanaya yerləşdirilən qaçqın erməniyə ilk günlər “mənzil problemi həll olunana qədər burada yaşaya bilərsiz” deyilib. Amma indi yataqxana rəhbərliyi bunları küçəyə tökür ki, bəs hindistanlı tələbələr 10 gün sonra gələcəkləri üçün bunlar çıxmalıdılar. Çünki hindistanlı tələbələr yataqxanaya pul verir.
Üstəlik, sosial müdafiə qurumları da onlara azyaşlı uşaqları ilə yaşaya bilməyəcəkləri şəraitdə evlərə köçməyi təklif edirlər. Hətta bu yesirlərə kirayə ev verən belə yoxdur, təsəvvür edirsizmi? Kirayə ev bazarında onlara verilən ilk sual “siz Qarabağdan gəlmisiz?”, olur. Təsdiqləyici cavabı eşidən kimi isə ev sahibləri onlara kirayə ev vermək istəmədiklərini deyir. Erməni “axçi”lər timsah göz yaşlarını axıdaraq deyirlər ki, “bəs belə münasibət olarmı? Türklər bizi ordan qovdular, burda da özümüzünkülər qovur, belə şey etmək olarmı? Axı biz pul istəmirik, ev istəyirik”.
Reportajın davamını oxuyuram, daha bir reallıq özünü göstərir. Qarabağdan çıxan ermənilər deyir ki, onlar İrəvana həmişəlik gəlməyiblər və məskunlaşma problemləri həll olunana kimi müvəqqəti yaşayış yeri lazımdır. Problemin həllini isə qaçqın statusu almaqda görürlər: “Bizə qaçqın statusu verilsəydi, ölkəni rahatlıqla tərk edə bilərdik”.
Ermənilərin dərdi bizə qalmayıb, doğru. Öz cəhənnəmlərində yansınlar, orası ilə işimiz yox. İllərlə özlərinin olmayan torpaqlarda, evlərdə məskunlaşanda bilmirdilər ki, bunun bir cavabı olacaq? Axı əməllər bumeranq kimidir – atırsan və bir müddət sonra sənə geri qayıdır. Və yaxud da…Yaşatdığını yaşamadan öldürmür Allah. Demək, azərbaycanlıların tikdiyi evdə yaşayacaqsan illərlə, onun qurduğu cənnəti mənimsəyəcəksən və bu, cavabsız qalacaq? Elə dünya yoxdur, “axçi”lər! Və acı reallıq bundan sonra başlanır. Çünki başqa millətin haqqına girəni heç öz çöplüklərində də qəbul edən yoxdur. Hazırda qarabağlı erməniləri Ermənistandan qovub çıxarmaq çağırışı var. İylənmiş bir yataqxananı belə onlara çox görürlər. “Çıxın, hindistanlı tələbələr gəlib dərs oxuyacaq”, deyərək həm də.
Halbuki Azərbaycan 30 ildən artıq öz qaçqınlarına şərait yaratdı, yardımından tutmuş, sosial müdafiəsinə, təhsil haqqına qədər, çox şeyləri üzərinə götürdü. Bakının bir çox binaları qaçqınlara verildi, yataqxanalar onlar üçün boşaldıldı. Hətta şəhərdə bağça binaları, yeni tikilmiş binalar vardı ki, ora da ailələri yerləşdirdilər. Yardım pulu, ərzaq pulu…, güzəştlər… bunlar da öz yerində.
Bir dəfə olsun, bu ölkədə qarabağlı qaçqınlara qarşı hansısa diskriminasiyanın şahidi olduzmu? Onları qovmaq üçün kütləvi çağırış, ev kirayə verməmə, olduqları yerdən qovma cəhdi və sair? Olmadı, çünki…
Çünki biz millət olaraq humanizmimiz, bir-birinə bağlılığımızla seçilirik. Birinin evində dadlı yemək bişirəndə bir boşqab da qonşuya aparan camaatıq biz. Bunun var-dövlətlə əlaqəsi yoxdur. Kasıbı da belədir, orta statistik olanı da. Yadımdadır, qaçqınçılığın ilk illərində məhəlləmizdə Qarabağdan köç edənlər üçün yardım pulu toplanır, ərzaq tədarükü hazırlanır, analarımız bizim az qala bir-iki dəfə geyindiyimiz paltarlarımızı da yığıb, qaçqın uşaqlara göndərirdilər.
Bəli, biz humanist olmaqla yanaşı, xalq olaraq, toplum olaraq haqsızlıq görmüşdük, nadan qonşunun qəfil zərbəsinə tuş gəlmişdik. Bizə aid olan torpaqlardan zorla köçürülmüş, qaçqın düşmüşdük. Yumruq kimi birləşə bilməmizin ikinci ən önəmli səbəbi də bu idi – biz bizim olanı itirmişdik. Dövlət də öz vətəndaşına balası kimi baxırdı, birini digərindən ayırmadan. Amma bunlarda durum bilirsizmi niyə bu qədər bərbaddı? Kasıb ölkədilər, bir ovuc qalıblar, qalanının da yarısı Avropaya qaçmağın yollarını axtarır – bu ayrı. Ən önəmlisi bunlar bu savaşda haqsız olduqlarını bilirlər. Yəni, İrəvandakılar fərqindədilər ki, qaçqın kimi paytaxta gəlib, onların yerini dar edənlər haqsızlıqla, həyasızlıqla özlərinə aid olmayanı mənimsəyiblər illərdir. Ona görə də içlərində bir qorxu var – dünən Azərbaycana aid olanı dədə malı kimi mənimsəyən sabah da onlara aid olanı mənimsəyəcək və çıxmayacaq. Dövlət də ipindən buraxılmış dana kimi, sağa-sola baş atır. Plan yox, strategiya yox, siyasət yox. İt yiyəsini tanımır, kəsəsi…
Bizim bəzi reallıq hissini itirənlər isə az qala Ermənistanda Aya tərəf hürən hər bir itin səsini müharibə anonsu kimi qəbul edir.
Adı-sanı bəlli olmayan bir erməni ekspert “biz Qarabağı qaytaracağıq” deyən kimi bu nanəciblərin az qala çiçəyi çırtlayır. “Gördüz də, biz noyabrda deyəndə ki, belə olacaq…” deyib başlayırlar öz şeytani sevinclərini proqnoz kimi sırımağa. Düşmən öz qaçqınını iy vermiş İrəvan yataqxanasından qovur, kirayə ev vermir, xaricə qovmaq üçün yollar təklif edir. Bunlar qarışqa ermənidən fil düzəldirlər az qala…
Hərdən erməni saytlarını izləyin, cənablar. Düşmənin göz yaşı az qala sətirlərdən kompüterə süzülür…
Sevinc TELMANQIZI