Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır? – Bakıdan SƏRT REAKSİYA

Ermənistanın Baş naziri Nikol Paşinyan Qərbi azərbaycanlıların və Qarabağdan könüllü gedən ermənilərin bölgəyə qayıdışı üçün “yol xəritəsi” hazırlamağı təklif edib. “Bir tərəfdən Azərbaycanda “Qərbi Azərbaycan”dan danışırlar, digər tərəfdən isə “Qarabağ erməniləri”nə istinad edirlər. Mən qayıtma məsələsinin çox təhlükəli olduğunu demişəm və indi açıq və açıq şəkildə Azərbaycana təklif vermək istəyirəm… Bu məsələləri eyni vaxtda həll etmək üçün birgə yol xəritəsi qəbul etməyi təklif edirəm. Artıq demişəm ki, (Qarabağ ermənilərinin bölgəyə qayıtması – red.) real deyil”, – Paşinyan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistanda Qarabağ ermənilərinin respublikada qalmasını təmin etmək üçün böyük layihələr həyata keçirilir. “Qayıdış gündəliyini davam etdirsək, bu, Qarabağ hərəkatını yenidən başlatmaq demək olacaq”. “Qarabağ hərəkatı bitdi… Azərbaycan daim “Qərbi Azərbaycan” terminindən istifadə edir… Səbəb və nəticəni anlamalıyıq. Gəlin bu məsələlərin həlli və hər hansı uzunmüddətli strateji münaqişənin aradan qaldırılması üçün yol xəritəsi hazırlayaq”, – deyə Paşinyan qeyd edib.
İlk baxışdan bəyanat olduqca konstruktivdir. Ermənistanın baş naziri “Qarabağ ermənilərinin qayıdışı” barədə spekulyasiya etməkdən çəkinməyə çağırır. Amma yalnız ilk baxışdan.
Əvvəla, İrəvan bu gün “Qarabağ ermənilərinin qayıdışı”ndan danışmağın qeyri-real olduğunu çox yaxşı başa düşür. Paşinyan “konstruktiv mövqe” nümayiş etdirməyə məcburdur. Onun sadəcə olaraq başqa seçimi, manevr etmək üçün yeri yoxdur. Lakin Qərbi azərbaycanlıların Ermənistandan qovulması ilə Qarabağ ermənilərinin könüllü gedişini eyniləşdirmək apriori səhvdir. Ermənilər etnik təmizləməyə məruz qalmayıblar, azərbaycanlılardan fərqli olaraq.
Bundan əlavə, Azərbaycan ermənilərə təhlükəsizlik zəmanəti, vətəndaşlıq, tam mülki və siyasi hüquqlar təklif edib. Paşinyan isə indi “yol xəritəsi” yaratmasını təklif edirsə, bu, qəbuledilməzdir.
Tarixi vətənlərindən qovulmuş etnik azərbaycanlıların qayıtmaq haqqı beynəlxalq humanitar hüququn bir hissəsidir. Əgər Ermənistan hakimiyyəti buna qarşı çıxaraq “ermənilərin Qarabağa qayıtması” mövzusundan təzyiq və şantaj vasitəsi kimi istifadə etməyə işarə edirsə, bu, sülh gündəliyinə və Bakı ilə münasibətləri yaxşılaşdırmaq istəyinə uyğun gəlmir.

Professor Qabil Hüseynli Musavat.com-a deyib ki, deportasiya olunmuş azərbaycanlılarla Qarabağdan könüllü getmiş ermənilər arasında bərabərlik işarəsi qoymaq düzgün deyil: “İndiki Ermənistanın ərazisi bütünlüklə İrəvan xanlığının ərazisi olub. Ermənilərin İrəvan xanlığı ərazisinə köçməsi ilk olaraq Eçməidzinə – İrəvan xanlığındakı Üç Müəzzin ərazisinə köçü 1800-cü ilə təsadüf edib. 1828-ci ildə Rusiya İrəvan xanlığı üzərində qələbə çalandan sonra orada yaşayan 200 mindən artıq azərbaycanlıları ruslarla birgə ermənilər deportasiya ediblər. Boşalmış evlərə ermənilərin köçü həyata keçirilib. Azərbaycanlıların bir hissəsi Türkiyə ərazisinə – İğdıra, Qarsa, böyük bir hissəsi isə Azərbaycan ərazisinə deportasiya olunublar. Yəni Paşinyanın son bəyanatı ilk baxışdan konstruktivlik və praqmatizm təsiri bağışlasa da, əslində, bu çıxışın alt qatında çox ciddi ziddiyyətlər və manipulyativ yanaşma gizlənir”.
Onun fikrincə, Paşinyan bir tərəfdən “Qarabağ ermənilərinin qayıdışının real olmadığını” etiraf edir, digər tərəfdən isə Azərbaycanla Qərbi Azərbaycan – Qarabağ erməniləri məsələlərini paralel şəkildə götürüb “yol xəritəsi” hazırlamağı təklif edir: “Bu, mahiyyət etibarilə köhnə tezislərin yeni terminologiya ilə paketlənməsidir. Paşinyanın ən böyük səhvi Qərbi Azərbaycandan etnik təmizləmə yolu ilə qovulmuş yüz minlərlə azərbaycanlını könüllü şəkildə Qarabağı tərk etmiş ermənilərlə eyniləşdirmək cəhdidir. Burada fundamental fərq var və bu fərqi İrəvan çox yaxşı bilir. Qərbi Azərbaycanlılar zorla, sistemli etnik təmizləmə ilə qovulublar. Qarabağ ermənilərinin çıxışı isə Azərbaycan tərəfindən yaradılan humanitar dəhliz və təhlükəsizlik təminatı şəraitində, könüllü şəkildə baş verib. Bunun üstündə Azərbaycan dövləti hələ 2020-ci ildən başlayaraq Qarabağda yaşayan ermənilərə vətəndaşlıq, təhlükəsizlik və tam bərabər hüquqlar təklif edib. Ermənistan isə azərbaycanlıların öz tarixi yurdlarına qayıtmaq hüququnu bir an belə qəbul etmir. İrəvandan deportasiya olunan 200 min azərbaycanlı ilə Qarabağdan könüllü şəkildə getmiş 60-70 min ermənini bərabərləşdirmək düzgün deyil”.
Onun sözlərinə görə, nə xarici müdaxilə ssenariləri, nə də revanşist dairələrdən gələn təzyiq nəticə verməyəcək: “Bu baxımdan, onun konstruktiv danışması siyasi reallığın diktəsidir, sülh iradəsinin ifadəsi deyil. Paşinyan “qayıdış gündəliyini davam etdirsək, Qarabağ hərəkatı yenidən başlayar” deyərək bu dəfə məsuliyyəti guya emosiyalara bağlamağa çalışır. Əslində isə Ermənistan cəmiyyəti və siyasi elitası hələ də etnik təmizləmənin nəticələrinin aradan qaldırılmasını qəbul etməyə hazır deyil. Əgər Paşinyan doğrudan da sülh istəyirsə, birinci addım olaraq azərbaycanlıların Ermənistana qayıtmaq hüququnu tanımalı, bu istiqamətdə real mexanizmlər üzərində işləməlidir. Yoxsa, “gəlin hər iki məsələni eyni vaxtda danışaq” təklifi sadəcə siyasi oyun elementidir”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com



