Ermənilərin Qazaxıstanda yeni “Xocalı soyqırımı” arzusu və onlara qısa xatırlatma…

Ermənilərin türk xalqlarına qarşı nifrəti bu xalqın ən iyrənc xislətlərindən biridir. Uzun illər, hətta əsrlər belə bu mənfur xisləti məhv edə bilməyib. Sadəcə zaman-zaman özlərini kamuflyaj edən ermənilər ilk fürsətdə yenidən iyrənc niyyətlərini ortaya qoya bilir.

Elə bu günlərdə də onların əlinə öz məkrli ideyalarını ortaya qoymaq üçün yeni fürsət düşüb. Qazaxıstandakı məlum hadisələr fonunda Ermənistan da öz “sülhməramlı”larını bu türk ölkəsinə göndərib.

Bu hadisə isə ermənilər arasında iştahqabardan hal kimi başa düşülüb. Belə ki, sosial şəbəkədə ermənilərin əksəriyyəti Qazaxıstandakı hadisələr fonunda orada yeni soyqırımı törətmək imkanı yarandığını bildiriblər.  Bir çoxları isə Xocalını yada salaraq, yenidən həmin vəhşiliyi törətməyə hazır olduqlarını vurğulayıblar.

Üstəlik, ermənilərin əxlaqsız yanaşması bununla da bitməyib. Onlar qazax xalqının namusuna belə dil uzatmağa, qazax qızları ilə bağlı çirkin fikirlər səsləndirməyə cürət ediblər.

Bütün bunlar üçün yeganə arqumentləri isə qazax xalqının türk olmasıdır. Türk düşmənçiliyi ruhuna həkk olunan, bu ifrat düşmənçiliklə bəslənən mənfur xislətli ermənilər mövzu türk xalqları olanda bir andaca vəhşi simalarını ortaya qoya bildiklərini göstərirlər.

Sözügedən xisləti erməni “sülhməramlı”ları arasında da daşıyanların olması istisna edilə bilməz. Odur ki, Qazaxıstanda sözügedən kontingentin fəaliyyəti böyük risk daşıyır desək yanılmarıq.

Hər halda sülhməramlı kimi yollandıqları torpaqlarda erməni xislətlərini gizlətmək onlar üçün çox çətin ola bilər. Bu xislətin tələblərini icra etdikləri halda isə bu dövlətin ərazisində böyük təxribatlara yol verə bilərlər.

Hər halda ehtiyatı əldən vermək olmaz. Bu gün Ermənistan dövləti Qazaxıstanla eyni təşkilatda – KTMT-də təmsil olunur. Ermənilər azərbaycanlılara qarşı göstərdikləri ifrat düşmənçiliyi ən azından aşkar şəkildə qazaxlara qarşı göstərmir. Ancaq bu gün ermənilərin etdikləri çıxışlar bütün bunların sadəcə müvəqqəti oyundan ibarət olduğunu ortaya qoyur. Məhz buna görə ilk fürsətdə bir nəfər kimi qazaxlara qarşı Xocalıda törətdikləri vəhşilikləri törətməyə hazır olduqlarını utanmadan bəyan edə bilirlər.

Bu iyrənc təfəkkürün ölmədiyini, türk düşmənçiliyinin onların mənliyi əsir aldığını hər addımlarında ifşa edirlər.

Xocalı kimi bəşər tarixinin ən qanlı cinayətlərindən birini törədən ermənilər bunu ört-basdır edə bilmək üçün əllərindən gələni etdilər. Lakin müvəffəq ola bilmədilər. Bu gün isə eyni vəhşəti törətmək, Qazaxıstanı qana bulamaq üçün hazır olduqlarını gizlətmirlər.

Lakin bir faktı unudurlar ki, onlara hər zaman layiqli cəzaları verilib və veriləcək. Necə ki, 44 günlük müharibə zamanı Azərbaycan Xocalıda vəhşicəsinə qətlə yetirilmiş günahsız vətəndaşlarının qisasını aldı… Qazax xalqına qarşı da öz iyrənc əməllərini törətməyə cəhd etsələr, layiqli cəzalarını alacaqlarından şübhəmiz yoxdur.

Ordusu darmadağın edilən ermənilərin bu cür çıxışlar etməsinə səbəb də elə onların hələ də məğlubiyyəti həzm edə bilməmələridir… İstər həzm edə bilsinlər, istər yox, bu məğlubiyyət məhz erməni faşizminə endirilmiş dəmir yumruğun təsiridir. Yenidən baş qaldıracaq bu cür zəhərli fikirlərə qarşı da onların xatirələrini təzələmək bizim üçün heç də çətin olmayacaq…

Xocalının qisasını Azərbaycan döyüş meydanında erməni cəlladlarından alıb. Bizim kimi şərəfli xalqlar öz qisasını məzlumlardan, dinc əhalidən almayacaq qədər ləyaqətlidir. Ermənilər isə hətta “kömək” üçün getdikləri torpaqlarda belə oranın əhalisinə qarşı ən iyrənc əməlləri düşünəcək, əxlaqsızlığa əl atacaq qədər aciz və ləyaqətini tapdalayan xalqdır… Bunu özləri, öz addımları ilə hər gün ortaya qoyurlar. Lakin onların hətta təxəyyülləri belə mövcud reallıqlar qarşısında acizdir. Bu gün erməni faşizminin baş qaldırması imkansızdır. Bunu imkansız edən də məhz Azərbaycanın qətiyyəti, iradəsi və ədalətsizliyə qarşı apardığı haqq mübarizəsidir!

Orxan Tağıyev

Hamısını Göstər

Related Articles

Back to top button