Ermənistan müharibəyə hazırlaşır – Cəbhədə gərginlik

Milli Məclisin deputatı Naqif Həmzəyev Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Naqif müəllim, Nikol Paşinyanın Dağlıq Qarabağa səfərini necə qiymətləndirirsiniz?

– Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə olunmaqla 500 tondan artıq hərbi təyinatlı yük işğalçı ölkəyə daşınıb. Eyni zamanda müxtəlif ölkələrdən olan terrorçular, muzdlular hesabına könüllülər dəstəsinin yaradılması Ermənistanın sülhə yox, məkrli siyasətlərini həyata keçirməyə hazırlaşdığını göstərir. Bütün baş verən hadisələrdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti dəfə Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və burada generallarla müşavirə keçirməsi isə beynəlxalq hüququn normalarını kobud şəkildə pozmasının əyani nümayişidir.

– İyul məğlubiyyətindən sonra işğalçı ölkənin əsasən hərbi obyektlərində aparılan yoxlamaları necə izah edərdiniz?

– Paşinyan hakimiyyətə gələndən sonra tez-tez Dağlıq Qarabağa səfərlər edir, fəxrlə şəkillərini sosial şəbəkələrdə nümayiş etdirir. Dağlıq Qarabağın, Xankəndinin, Şuşanın əzəli-əbədi Azərbaycan torpaqları olduğu gün kimi işğalçı hakimiyyətin baş nazirinə aydındır. Riyakarlıqdan, hiyləgərlikdən, yalandan, özgə malına göz tikməkdən yaxşı dərs keçən Paşinyan bu kimi addımlar atmaqla, Dağlıq Qarabağdakı hərbi obyektlərin vəziyyəti ilə maraqlanmaqla guya Azərbaycana təhdid mesajları göndərir. Amma o, bu cəhdlərin növbəti biabırçı məğlubiyyət ilə nəticələcəyinin də fərqindədir.

– Qənaətinizcə, Paşinyanın Ermənistan ordusundakı ruh düşkünlüyünü, özünə qarşı hiddəti səngitmək üçün daha hansı addımlar atacaq?

– 2016-ci il aprel, 2020-ci il Tovuz hadisələrində ermənilər başladıqları fitnəkarlığın bədəlini artıqlaması ilə ödədilər. Tovuz olayları zamanı ermənilərin mühəndis-istehkam qurğuları, hərbi texnikaları, canlı qüvvəsi darmadağın edildi ki, bu da işğalçı ölkənin ordusunda ruh düşkünlüyü yaradıb. Bunu erməni ordusundakı təlaş, nəzarətsizlik və döyüş meydanından kütləvi qaçışları əks etdirən onlarla video da təsdiq edir. Tovuz istiqamətində Azərbaycanla sərhəd xəttində təxribat törətməkdə fərqlənmiş erməni hərbiçilərini mükafatlandırması, hətta onlardan birinə “mıllı qəhrəman” adını təqdim etməsi Paşinyanın əsl xislətini ortaya qoydu.

– Paşinyanın və ailə üzvlərinin adı mafiyalar qurmaqda, dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılır…

– Erməni mətbuatında hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edən Paşinyan və onun ailə üzvlərinin dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə etmələri barədə silsilə məqalələr dərc edilib. Son vaxtlar ermənilərdə hiddət və qəzəb doğuran təzadlı siyasi proseslər baş verir. Baş nazir Nikol Paşinyanın məqsədinin erməni xalqının güzəranının yaxşılaşması deyil, öz şəxsi biznesini, varidatını artırmaq olduğu əməllərindən aydın olur. Təsadüfi deyil ki, Paşinyan Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı “Beys Metls” şirkətinin dağ-mədən kompleksində də olub. Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı “Beys Metls” şirkətinin dağ-mədən kompleksinə baş çəkən Paşinyanın ailə biznesini artırmaq məqsədləri artıq ortadadır.

Mənbə
teleqraf.com
Hamısını Göstər

Related Articles

Back to top button