“Ermənistan Qarabağ müharibəsinin ikinci mərhələsinə hazırlaşır” – Detallar
Milli Məclisin deputatı Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Elman müəllim, regionda baş verən proseslər müstəvisində Dağlıq Qarabağ münaqişəsi ətrafında hərbi fəallığın, döyüş əməliyyatlarının bərpası real görünürmü?
– Dağlıq Qarabağ münaqişəsi 1988-ci ilin fevralında başlayıb, 1991-ci ilin sentyabrına qədər davam edib. 1991-ci ilin sentyabrın ortalarından etibarən Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı məqsədilə müharibə başlayıb. Bununla da Ermənistan Azərbaycana qarşı elan edilməmiş müharibəyə start verib. Müharibə və münaqişə prinsipcə bir-birindən fərqli məsələlərdir. Münaqişə nəticəsində torpaq işğal edilmir. Münaqişə tamamilə başqa bir anlamdadır. 1988-ci ildə ermənilərin işğalçılıq niyyətləri ortaya çıxanda bunun adını milli zəmində münaqişə qoymuşdular.
Sonradan da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi adlanmağa başlanılıb. Amma faktiki olaraq 1991-ci ilin sentyabrın ortalarından başlayaraq iki ölkə arasında müharibə gedir. 1994-cü ilin may ayında atəşkəs müqaviləsi imzalanmaqla müvəqqəti olaraq müharibə dayandırılıb. Amma müharibə hələ bitməyib. Əldə edilmiş atəşkəs razılaşmasına da düşmən tərəfdən heç vaxt riayət edilmir. Siyasi dairələrimiz, rəsmilər, politoloqlar, ekspertlər də bilməlidir ki, bu problemin adını münaqişə qoymaq olmaz. Bu, bir dövlətin digər dövlətin ərazisini işğal etmək məqsədilə apardığı müharibədir. Sadəcə olaraq müharibədə birinci mərhələ başa çatıb.
Hazırda ermənilər müharibənin ikinci mərhələsinə ciddi cəhdlə hazırlaşırlar. Onların bu istiqamətdə olan hazırlıqları, xüsusi könüllü muzdlu dəstələrlə bağlı verdikləri qərarlar məhz buna hesablanıb. Paşinyanın arvadı da Dağlıq Qarabağda hərbi təlimlərə qoşulub. Şimal qonşumuz son bir ayda işğalçıya külli miqdarda silah-sursat göndərib. Bu faktlar göstərir ki, işğalçı ölkədə müharibə hazırlıqları sürətlənib.
– Ermənistanın müharibə hazırlıqları nəyə hesablanıb?
– Ermənistan Azərbaycanın işğal ediyi ərazilərlə kifayətlənmək istəmir. Onların işğalla bağlı 500 illik plan və proqramları, nizamnamələri, öhdəlikləri mövcuddur. Onların əsas ideyası “böyük Ermənistan” imperiyası yaratmaqdır. İddia edirlər ki, tarixdə belə bir imperiya olub və onlar bunu bərpa edəcəklər. 3 dəniz arasında Ermənistan yaratmaq üçün illərdir gizlin plan qururlar. Eyni zamanda ermənilərin işğal planı tək Azərbaycana qarşı yönəlməyib.
Qonşu Gürcüstana, Türkiyəyə, hətta Rusiyanın özünə qarşı da ermənilərin ərazi iddiaları mövcuddur. Hətta Ermənistan konstitusiyasınnda Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəalar var. 30 ildir ki, Ermənistanın az qala qida təhlükəsizliyini təmin edən İrana qarşı da ərazi iddiaları ilə çıxış edirlər.
– Region və qonşu dövlətlər işğalçı Ermənistanın belə bir iddiasından xəbərdar olduğu halda reaksiya verən təkcə Türkiyədir…
– Həm qonşuluqda, həm də regionda olan dövlətlər Ermənistanın gələcək işğal planlarından xəbərdardır. Təəssüflər olsun ki, bu reallıq qarşısında işğalçıya qarşı vahid bir müqavimət cəbhəsi yaradılmayıb. Həmrəylik gücü ilə bu işğalçıya dərs verilsə, o bir daha belə iddialara düşməz. Bu baxımdan real işğal faktına məruz qalmış olan Azərbaycan bu məsələni təkbaşına həll etmək iqtidarındadır.
Növbəti həmlədə cənab Prezidentin də vurğuladığı kimi tarixi torpaqlarımız olan İrəvanın, Zəngəzurun da azadlığı təmin ediləcək. Çünki riyakar ermənilər Azərbaycana bundan başqa özləri üçün seçim yolu qoymur. Keçən əsrin əvvəllərində Azərbaycanın 9 min kv-km ərazisində Ermənistan dövləti yaradılmasına icazə verildi. Amma ermənilərin hazırki hərəkətləri Azərbaycanı məcbur edir ki, əsrin əvvəllərində buraxılmış tarixi səhvə son qoysun.