Ermənistan regiona təhlükə saçmağa davam edir: “Metsamor”un istismar müddətini uzatmaq istəyirlər

Ermənistan “Metsamor” atom elektrik stansiyasının fəaliyyət müddətini nəzərdə tutulandan daha 5-10 il uzatmaq istəyir.

Bu barədə “Sputnik” Ermənistan stansiyanın baş direktoru Movses Vardanyana istinadən məlumat yayıb.

Hazırda fəaliyyət göstərən stansiyanın ikinci bloku 1980-ci ildə istifadəyə verilib. Ermənistan tərəfi stansiyanın 1989-1995-ci illər ərzində 6 il çalışmadığını nəzərə alaraq, “Metsamor”un fəaliyyət müddətini 2036-cı ilə qədər uzatmağı planlaşdırırlar.

Bununla Ermənistan növbəti dəfə bütün regionun təhlükəsizliyini təhdid altına ataraq beynəlxalq çağırışları görməzdən gəlir. Altı illik fasiləni istismar müddətini çoxdan başa vurmuş AES-dən istifadə üçün bəhanə edən Ermənistan region ölkələri ilə yanaşı, öz xalqının da həyatını ciddi təhlükə qarşısında qoyur.

Avropa İttifaqı da daxil olmaqla bir çox nüfuzlu qurumlar Ermənistandan dəfələrlə “Metsamor” Atom Elektrik Stansiyasını bağlamasını tələb ediblər. 2004-ci ildə Avropa İttifaqı “Metsamor” nüvə stansiyasının bütün bölgə üçün təhlükə törətdiyini ifadə edərək, Ermənistana AES-in bağlanılması üçün 200 milyon avro kredit verməyi təklif etsə də, İrəvan hökuməti bu miqdarı yetərsiz görüb və fantastik məbləğ – 1 milyard avro tələb edib. Bu məbləğ Avropa İttifaqı rəhbərliyi tərəfindən qəbul edilməyib, buna cavab olaraq Ermənistan da “Metsamor”u bağlamayacağını elan edib.

Bundan əlavə ABŞ-ın “Nüvə alimlərinin bülleteni” adlı jurnalında da Ermənistana AES-in bağlanması barədə çağırışlar edilib.

Lakin göründüyü kimi, bütün bunlar heç bir halda Ermənistanı öz iyrənc əməllərindən geri çəkilməyə məcbur edə bilmir. İstənilən halda regiondakı digər xalqlardan çox öz xalqının həyatı və taleyi üçün daha böyük önəm kəsb edən bir məsələdə belə Avropadan bir milyard dollar tələb etmiş Ermənistandan beynəlxalq təhlükəsizliyə töhfə verəcəyini gözləmək olmaz. Beynəlxalq təzyiq mexanizmlərinin işləmədiyi halda isə Ermənistan, görünür ki, hələ uzun müddət təhlükə mənbəyi olan AES-in istismarına davam edəcək.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button