Ermənistan Suriyaya əsgər göndərir?…

İran Suriyada yaranan siyasi böhrandan çıxmaq məqsədilə bu ölkəyə müxtəlif silahlı qrupları göndərmək qərarına gəlib. Medianews.az “Azad İran”a istinadla xəbər verir ki, bu barədə “Anadolu” agentliyinin fars redaksiyasının rəhbəri Oğuz Akkar məlumat yayıb.

O qeyd edib ki, İran Suriyada “Fatimiyyun” (Əfqanıstan şiələri) və “Zeynəbiyyun” (Pakistan şiələri) qüvvələrini gücləndirmək üçün tədbirlər görür. O.Akkarın sözlərinə görə, İran, həmçinin, Suriyaya erməni əsgərlərini göndərmək üçün Ermənistan ordusunun rəsmiləri ilə danışıqlar aparıb.

Öz ordusunda şəxsi heyət çatışmazlığı olan Ermənistanın Suriyaya əsgər göndərməsi nə dərəcədə realdır? İranın Ermənistanla bu barədə danışıqlar aparması inandırıcıdırmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, İranın Suriyaya hər hansı bir silahlı qüvvə göndərmək fikri yoxdur.

Onun sözlərinə görə, Tehran özünün nəzarətində olan kiçik proksiləri Suriyaya göndərmək istəyir ki, əsl münasibətini pərdələsin: “Rusiya və İran anlayır ki, Bəşər Əsəd uduzub. Artıq bu rejim hər şeyi itirib. O, istənilən halda hakimiyyəti itirəcək. Ona görə də İran faktiki olaraq, bu vəziyyətlə barışıb. İranın proksiləri İsraillə müharibədə böyük itkilər verib. Suriyanın, Livanın özündəkilər, həmçinin HƏMAS da o cümlədən. İran bir növ görüntü yaratmağa çalışır ki, guya bu, həqiqətən Bəşər Əsədi qorumağa çalışır”.

Ermənistanın Suriyaya hərbçi göndərməsinə gəlincə, Ə.Oruclu bunun inandırıcı olmadığını vurğulayıb: “Mən düşünmürəm ki, Ermənistan belə danışıqlara gedər. Bu, qeyri-mümkün bir şeydir. Çünki Ermənistanın bugünkü tərəf-müqabili Qərbdir. Baş nazir Nikol Paşinyan və digər İrəvan rəsmiləri çox gözəl anlayırlar ki, belə bir addım Ermənistan üçün bağışlanmaz ola bilər. Mənə elə gəlir ki, məlumat bir qədər qeyri-dəqiqdir, yaxud da İran tərəf məqsədli şəkildə bunu təbliğat materialı kimi yayır. Bir daha qeyd edirəm ki, Bəşər Əsəd siyasi olaraq artıq bitib. Hərbi baxımdan isə ola bilsin ki, bu mərhələdə və ya ikinci mərhələdə bitirilsin. Ola bilər ki, bir müddət atəşkəs elan olsun, daha sonra konflikt yenidən alovlansın. Hər bir halda İran artıq bu reallıqla barışıb. İranın Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin verdiyi bəyanat özü də açıq-aydın göstərir ki, artıq Suriya prosesi uduzub. İran və Rusiya tərəfindən, həmçinin onların oradakı tərəfdaşı olan Əsəd rejimi tərəfindən proses uduzulub. Mən prosesi belə görürəm”.  /Musavat/

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button