Ermənistan tərəfində döyüşən muzdluların vətəndaşı olduqları ölkələrin adları açıqlanıb

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə rəsmi məktub ünvanlayıb.

Baş prokurorluqdan verilən məlumata görə, Kamran Əliyev bildirib ki, Ermənistan tərəfindən insan hüquqları və beynəlxalq humanitar hüququn normalarının, eləcə də BMT-nin Konvensiyalarının müddəalarının kobud şəkildə pozularaq Ermənistanın hərbi siyasi rəhbərliyi və diasporu tərəfindən xarici ölkələrin vətəndaşları olan erməni əsilli “könüllülər”in Azərbaycan Respublikasının ərazisində döyüş əməliyyatlarında iştirak etmələri üçün dəvət edilməsi və maliyyələşdirməsi müəyyən edilib.

Həmçinin, diqqətə çatdırılıb ki, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılması bir çox xarici ölkələrin qanunvericiliyində olduğu kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də cinayət əməlləri kimi qiymətləndirilir.

Bununla bağlı, Azərbaycan Respublikasına qarşı döyüş əməliyyatlarında Ermənistan tərəfindən tək və ya qrup şəklində iştirak edən bəzi muzdluların ad və soyadları, vətəndaşları olduqları ölkələrin siyahısı açıqlanıb.

Belə ki, Fransa vətəndaşları-Artur Ohanisyan, ASALA terror təşkilatının üzvü Gilbert Minasyan (onunla birlikdə adları istintaqa məlum olmayan 15 nəfər şəxs); “Zouaves Paris” ekstremist qrupunun lideri Mark de Kakkerey – Valmenir; Gürcüstan vətəndaşlığından artıq məhrum edilmiş Vaaqn Çaxalyan, İran İslam Respublikasının vətəndaşı Harmik Hovsepiyan, Belarus vətəndaşı Serov Sergey Valeriyeviç, ABŞ vətəndaşı Aruşan Badasyan və digərlərinin muzdlu kimi döyüş əməliyyatlarında iştirak etmələri məlum olub.

Həmçinin, Ermənistan işğalından azad edilmiş ərazilərə baxış keçirilən zaman aşkar edilmiş 2 meyit üzərində muzdluların etnik mənşəyini sübut edən işarələr aşkar edilib ki, bu və qeyd edilən digər faktlar muzdluların iştirakını bir daha təsdiq edib.

Göstərilən faktlarla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb və hazırda həmin işlər üzrə istintaq davam etdirilir.

Eyni zamanda, Baş Prokuror Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən mülki əhalimizin hədəfə alınması və qadağan edilmiş fosfor bombalarından istifadə edilməsini xüsusilə qeyd edib.

Həmçinin, diqqətə çatdırılıb ki, hazırkı vaxtadək “SCUD” və “Smerç” raket qurğularından yalnız döyüş meydanında deyil, eləcə də mülki şəxslərə qarşı istifadə edilib, həmin faktlar “Human Rights Watch” və “Amnesty İnternational” nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qeydə alınmaqla həmin əməllər “qəddar və ağlasığmaz” kimi qiymətləndirilib.

Noyabrın 7-də 16 yaşlı Şahmalı Rəhimovun Bərdə rayonuna növbəti mərmi atılması nəticəsində həlak olması və bununla da, ölən mülki şəxslərin sayının 93 nəfərə çatması vurğulanıb.

Qeyd edilib ki, Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından beş dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutub.

Baş Prokuror, həmin halları sübut edən ətraflı foto və videomaterialları təqdim etməklə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarından göstərilən faktların gələcək bəyanat və hesabatlarında qeyd edilməsini və törədilmiş cinayətlərlə bağlı səlahiyyət çərçivəsində Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsini xahiş edib.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button