Ermənistan təxribatlara hazırlaşır: Bəs Aİ “müşahidəçi”lərinin sərhəddəki aktivliyi kimə qarşıdır?
Bu gün Ermənistan ərazisindəki Avropa İttifaqının “müşahidəçiləri” yenidən Azərbaycanla sərhəddə gəliblər.
Bununla bağlı Ordu.az-a yeni görüntülər daxil olub.
Məlum olub ki, səhər saatlarında Laçın rayonunun Fətəlipəyə kəndi ilə sərhədə, Gorus rayonu Kornidzor kəndi ərazisində yerləşən yolun üzərinə, Gorus rayonu Kornidzor kəndi istiqamətindən Aİ-yə məxsus 2 ədəd “Tayota” markalı minik avtomabili və Ermənistana məxsus 1 ədəd “Niva”, 1 ədəd “Uaz Patriot” markalı minik avtomobilləri gəlib.
Avtomobillərdən 6 nəfər Aİ “müşahidəçisi” və bir nəfər erməni hərbi qulluqçu düşüb, Azərbaycanın ərazilərini müşahidə cihazı ilə 2 saata yaxın müşahidə ediblər. Sonra Kornidzor kəndi istiqamətinə qayıdıblar.
Saat 13 radələrində isə artıq Zəngilan rayonu ilə sərhəddə 2 ədəd Avropa İttifaqına məxsus “Toyota” markalı avtomobil və 1 ədəd “Uaz Hunter” markalı avtomobil peyda olub. Qeyd olunan avtomobillərdən ümumilikdə 5 nəfər Avropa İttifaqı “müşahidəçisi” və 1 nəfər erməni hərbi qulluqçu enib, gündüz görmə cihazı vasitəsilə bizim istiqamətləri müşahidə ediblər.