Ermənistan yenidən silahlanır

Dövlət başçısı düşmənin silah arsenalını gücləndirməsini təhdid adlandırıb və son çıxışında açıq danışıb – regionu bu il nə gözləyir?

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində Ermənistanın silahlanmasına bir daha toxundu. Dövlət başçısı vurğuladı ki, bu addımlar bölgə üçün növbəti təhdid mənbəyidir.

Sitat: “Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar”.

Ölkə başçısı hesab edir ki, Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır: “Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq”.

Həqiqətən də 2025-ci il Ermənistan üçün sülhə çağırış dövrü olmalıdır. Bu siyasətin davam etdirilməsi isə qonşu respublikaya heç bir yaxşı gələcək vəd etmir. Ermənistanın sülh əleyhinə silahlanması müşahidə olunur ki, bölgədə yeni bir hərbi eskalasiya bu ölkənin ordusunun növbəti darmadağınla nəticələnməsinə gətirib çıxaracaq. Ona görə Prezident Ermənistanın sülh və insanlıq əleyhinə yönəlmiş bu addımlarını dayandırmağa çağırır, dönə-dönə xəbərdarlıq edir. Ermənistan isə xəbərdarlıqlara məhəl qoymursa, bunun zərərini görə bilər.

Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz bu il hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror, diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

 Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Ermənistan cəzalanmaq və növbəti “dəmir yumruq” həvəsindədir. Hərbi analitik düşmən ölkəyə edilən xəbərdarlıqları İrəvanın ciddi qiymətləndirməli olduğunu düşünür: “Ermənistan rəhbərliyinin əvvəlki məsuliyyətsiz çıxışlarının və addımlarının nəticəsi göz qabağındadır. Bu mövqe 44 günlük əks-hücum əməliyyatına səbəb oldu və 20 faiz ərazi işğaldan azad edildi. İndi bir erməni terrorçusu və işğalçı əsgəri də Qarabağda yoxdur. Əgər Ermənistan Fransa, Hindistan, Avropa Sülh Fondu, 5 aprel Brüssel görüşünün nəticəsi olaraq Qərb ölkələrindən silahlanırsa, bu yöndə Kipr, Yunanıstan da dəstək verirsə, deməli, planlı, strategiyalı iş aparılır. Məqsəd Ermənistan ordusunun əhval-ruhiyyəsini qaldırmaq, Avropanın arxa-dayaq olduğunu nümayiş etdirməkdir. Bununla gələcək qarşıdurmalara təhrik siyasəti yürüdülür. Ancaq əminliklə deyə bilərəm ki, 8 milyardlıq hərbi büdcə qarşısında Ermənistan dözə bilməz. Ona görə də Paşinyan kabineti və havadarları sülhə investisiya qoymalıdırlar, silaha yox. Məncə, Prezidentin son xəbərdarlığı Ermənistan üçün ciddi bir siqnaldır. Buna səthi yanaşmaqla, İrəvan özünə qəbir qaza bilər”.

Hərbi ekspertin fikrincə, sülh üçün böyük imkanlar yaranıb və Ermənistan silahlanma ilə fürsətləri qaçırır: “Hazırda Ermənistan sülh əleyhinə addımlar atır. Səbəb Qərbin hərbi dəstəyidir. Paşinyan komandası sülh sənədini Qərbin masasında və özünün şərtləri ilə imzalamağa çalışır. Lakin məğlub və işğalçı tərəfin şərti ola bilməz. Azərbaycan diqtə edən tərəfdir. Təəssüf ki, Qərb dövlətləri Ermənistana hamilik etməklə onu tək buraxmadıqlarını demək istəyirlər. Bu mövqe də İrəvanı ruhlandırır. Çünki Ermənistan Rusiyadan sonra indi Avropanın ona havadarlıq etdiyini, istənilən halda, yenə bir ağa tapdığını görməkdədir. Amma Azərbaycan yeni hiylələrə aldanmaq niyyətində deyil. Biz imkan verə bilmərik ki, bu dəfə də Qərbin himayəsi altında növbəti hərbi təxribatlara yol verilsin. Odur ki, Ermənistanın silahlanmasının qarşısını alacaq diplomatik təzyiqləri artırmalıyıq, sülh sazişinin bağlanması istiqamətində addımları sürətləndirməliyik. Paşinyanın ağlı varsa, bu oyunlara əsla getməz”. / Emil SALAMOĞLU,“Yeni Müsavat”/

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button