Ermənistanda general Paşinyanın istefasını tələb etdi
Ermənistan silahlı qüvvələrinin 3-cu ordu korpusunun komandiri, general-mayor Qriqori Xaçaturov ölkənin Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə çıxış edib.
“Sputnik Ermənistan” xəbər verir ki, o, Paşinyanın üç ildə baş qərargahın dörd rəisini işdən çıxarmasını onun qeyri-adekvatlığı və məsuliyyətsizliyi ilə əlaqələndirib.
Erməni general hesab edir ki, Paşinyan hakimiyyətdə olduğu hər gün Ermənistanın dövlət təhlükəsizlik sistemini zədələyir və onun gələcəyini şübhə altına alır.
Qeyd edək ki, Paşinyan Baş Qərargah rəhbəri vəzifəsinə Artak Davtyanın namizədliyini ölkə prezidentinə təklif edib.
Davtyan 2018-2020-ci illərdə bu vəzifədə olub.
Xatırladaq ki, Qarabağdakı məğlubiyyətdən sonra Ermənistanda başlayan daxili siyasi böhran 25 fevralda ölkənin baş qərargahının hökumətin istefasını tələb etməsindən sonra daha da pisləşib.
Baş nazir bunu çevriliş cəhdi adlandırıb və dərhal Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb. Ancaq Prezident Armen Sarkisyan bu sənədi iki dəfə imzalamasa da, Konstitusiya Məhkəməsində ona qarşı da çıxmayıb.