Ermənistanda müharibə panikası

Xəbər verdiyimiz kimi, Suriyada təhlükəsizlik qüvvələri ilə devrilmiş lider Bəşər Əsəd tərəfdarları (ələvilər) arasında toqquşmalar davam edir. Bu qarşıdurmaların aktiv hal alması Ermənistanda narahatlığa səbəb olub. Belə ki, erməni ekspertlər tərəfindən Suriya ssenarisinin bu dəfə Ermənistanda yaşanacağı barədə açıqlamalar səsləndirilir.

Ermənistan üçün həqiqətən belə risk varmı?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Suriyada baş verən hadisələr tamamilə başqa məsələlərdir:

“Suriya üzərindən maraqlarını təmin etməyə çalışan və Türkiyənin rolunu qəbul etməyən dövlətlər var. Suriyada iki ay öncə mövqelərini itirmiş Rusiya və İran yenidən orada öz qüvvələri, tərəfdarları ilə mümkün qədər yeni hakimiyyətə təsir göstərməyə çalışırlar ki, o, müəyyən qədər şərtləri qəbul etsin. Bundan əlavə, ABŞ və İsrailin Suriyada bəzi maraqları var. İsrail Suriyada vahid və mərkəzi dövlətin olmasını istəmir. Bunu özünün təhlükəsizliyinə təhdid olaraq görür. O baxımdan Suriyada baş verən hadisələr başqa məcrada davam edir.

İran daxil olmaqla bəzi dövlətlər Suriyada istəklərini reallaşdırmaq üçün bu və ya digər terrorçu qruplaşmalara, proksi qüvvələrə dəstək verirlər. Suriyada son hadisələr fonunda bir-birinə düşmən görünən İran, İsrail və ABŞ-ın maraqları üst-üstə düşüb. Ona görə də bir müddət əvvəl Türkiyə xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” kanalına verdiyi müsahibəsində İrana xəbərdarlıq etmişdi”.

oqtay qasimov 5

Politoloqun sözlərinə görə, Suriyadan sonra Ermənistanda da eyni hadisənin baş verəcəyi ilə bağlı şişirdilmiş məlumatlar yayılır:

“Ümumiyyətlə, erməni ekspert camiəsi dünyagörüşündən asılı olmayaraq, bu və ya digər məsələləri məhz Ermənistan üzərindən izah etməyə çalışırlar. Onların düşüncəsinə görə, sanki Ermənistan dünyada baş verən bütün hadisələrin episentridir. Hadisələr hansısa formada Ermənistana təsir edir və rəsmi İrəvan bunlardan nəticə çıxarmalıdır. Suriyada ermənilər də yaşayır. Bu məsələlər Ermənistanda narahatlıq doğurur. Suriyada vətəndaş müharibəsi zamanı xeyli sayda Suriya ermənisi Ermənistana sığınmışdı.

Rəsmi İrəvan son bir neçə ildə bu və ya digər qlobal güclər arasında manevr etməklə siyasət həyata keçirir. Bu səbəbdən erməni ekspertlər düşünür ki, Ermənistan gələcəkdə həmin güclərin poliqonuna çevrilə bilər. Bu, reallıqdan uzaqdır. Baydenin hakimiyyəti dövründə ABŞ və Aİ Ermənistana dəstək verməklə onu Rusiyanın təsir dairəsindən çıxarmağa çalışırdı. Lakin Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra Rusiya ilə münasibətlər dəyişib. ABŞ Rusiya ilə birbaşa danışıqlar masasına oturub. Ukrayna müharibəsində də Kreml təşəbbüsü ələ almaq üzrədir. Ukrayna uduzulmuş bir savaşa sövq edilir. Rəsmi Kiyev üzərində Rusiya istəyinə çatarsa, Ermənistanda öz maraqlarını yerinə yetirmək heç də çətin olmayacaq”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button