Ermənistanda xaos hökm sürür – siyasi hakimiyyət idarəolunmaz durumda

Ermənistanda Azərbaycanla rüsvayçı adlandırılan anlaşmaya görə siyasi proseslər xeyli gərginləşib. Artıq həm hakmiyyət daxilində işdən çıxarılmalar, həm də siyasilərin həbsləri başlayıb. Hadisələr isə bu gün saat 13.00-a təyin edilmiş mitinqin ətrafında cərəyan etməkdədir. Bununla bağlı ilk cəhət media azadlığının məhdudlaşdırılmasıdır. Ölkənin “tert.am” saytı yazır ki, polis paytaxt Yerevanın mərkəzindəki “Azadlıq” meydanında jurnalistlərin mitinqi işıqlandırmalarına imkan verməyib. Onların askiyanı canlı yayımlamaq üçün texniki vasitələrini quraşdırmalarının qarşısı alınıb.

Qeyd edək ki, bu gün saat 13.00-da Ermənistanın 17 siyasi partiyası mitinq keçirmək barədə razılığa gəlib. Məqsəd baş nazir Nikol Paşinyanın istefasına nail olmaqdır. Siyasi müxalifət Paşinyanı Azərbaycana torpaqların verilməsinə razı olan təslimçi anlaşmanı imzalamaqda günahlandırır.

Polis “Azadlıq” meydanına toplaşmaq istəyən çoxsaylı müxalifət fəallarının, eləcə də sadə vətəndaşların qarşısını almaq üçün böyük qüvvə toplayıb. “Qraparaq” nəşri bildirib ki, hüquq-mühafizə orqanlarının təmsilçiləri paytaxta mitinqdə iştirak etmək üçün gələnlərin də qarşısını müxtəlif vasitələrlə almağa başlayıb. Şəhərin girəcəyində yoxlamalar təşkil edilib.

“Xalq, ayağa qalxın. İndicə Azadlıq meydanında “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Çarukyanı həbs etdilər”. Bu barədə özünün facebook səhifəsində sözügedən partiyanın rəsmisi Ripsime Arakelyan yazıb. 

Arakelyan həmçinin təmsil olunduğu partiyanın deputatlarının da həbsə atıldığını vurğulayıb. “Tez olun, bura gəlin. Satqın, torpaqları satan xayin alçaqcasına dələduzluğa keçib. Qalxın!”, – deyə Arakelyan car çəkib. 

Çarukyandan başqa Ermənistanda fəaliyyət göstərən “Hüquqi yol” ictimai təşkilatının rəhbəri Ruben Melikyan da polis tərəfindən saxlanılıb. Melikyan onu hələ başlamamış mitinqdə iştirak səbəbi ilə günahlandırdıqlarını açıqlayıb. “Torpaqları satan xayin çalışır ki, güc yolu ilə hakimiyyətdə qalsın. Müharibəni davam etdiyi dövrdə BMT-nin, səfirliklərin qarşısında çoxsaylı mitinqlər keçirilmişdi, amma heç kəs saxlanılmamışdı. İndi baş verənlər diskriminasiyadır”, – deyə Melikyan vurğulayıb ki, bizim Kəlbəcəri və Laçını qurtarmaq üçün cəmi 4 günümüz qalıb.

Yeri gəlmişkən, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli bəyanatı nəticəsində Azərbaycana qaytarılmalı olan rayonların qurtarmaq üçün ümüdlənən başqa siyasilər də var. Bu baxımdan facebook-dakı səhifəsində çağırış etmiş Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan daha da irəli gedib. O, Qarabağı qurtarmaq üçün 96 saat vaxt qaldığını deyib və bu baxımdan ilk tələb kimi baş nazir Nikol Paşinyanın istefaya getməsinin zəruriliyi üzərində dayanıb. “Bu, müharibədir, vacib deyil ki, sənin yanında kim dayanır”, – deyən Minasyan heç də hər şeyin itirilmədiyini əsaslandırmaq üçün 6 prinsip irəli sürüb. Bu prinsiplər mənasız söz yığını olduğundan barəsində söz açmırıq. Başlıca məqam Paşinyanın istefasıdır.

Paşinyanın istefası tələbini səsləndirənlərdən biri də Ermənistanın “Vətən” Partiyasının rəhbəri Artur Vanesyandır.

Vanesyan bu fikirdədir ki, danışıq aparanların dəyişməsi ilə bu rüsvayçı sənədə dəyişiklik etmək mümkündür.

“Biz bütün imkanlardan istifadə edərək çalışmalıyıq ki, bu rüsvayçı sazişi heç olmasa, yaxşılaşdıraq. Mən əminəm ki, bu, baş verəcək. Buna görə də Nikol Paşinyanı və hakim fraksiyanın deputatlarını hakimiyyətdən yapışmamağa, hər şeyi qoyub getməyə, hakimiyyəti belə çətin durumdan hansısa çıxış imkanına malik başqalarına verməyə çağırıram”, – deyə Vanesyan vurğulayıb. 

Partiya sədri həmçinin müxalif qüvvələrin qarşısnda duran vəzifələr barərə də söz açıb: “Biz baş nazir postuna namizdəlik məsələsini müzakirə etməmişik. Gündəlik budur – Nikol Paşinyanın və Nazirlər Kabinetinin istefası, milli razılıq əsasında hökumətin yenidən formalaşdırılması, sonra qanunvericilikdə müvafiq dəyişikliklər aparmaqla bütün siyasi partiyaların bərabər şəraitdə iştirak edəcəkləri növbədənkənar parlament seçkilərinin keçirilməsi”. 

Bu arada Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın da Milli Təhlükəsizlik Xidmətinə çağırıldığı məlum olub.

Mənbə
baki-baku.az
Hamısını Göstər

Related Articles

Back to top button