Ermənistanın hakim elitasında anti-Rusiya əhval-ruhiyyəsi güclənir
Ermənistanın hakim elitasında anti-Rusiya əhval ruhiyyəsi hökm sürür və Kremlə etirazlar daha şiddətli xarakter almağa başlayır.
Bu barədə “Past” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Ermənistanda müharibədən sonra hadisələr ildırım sürətilə inkişaf edir. “Müharibədəki məğlubiyyət erməni cəmiyyətinin deyil, daha çox hakimiyyətin, Baş nazir Nikol Paşinyan və komandasının məğlubiyyəti kimi qəbul edilir. Cəmiyyət şok vəziyyətindədir. Paşinyanın istefa verməli olduğu göz önündədir. Çünki bu ictimai tələblə yanaşı, siyasi çoxluğun da tələbidir. Lakin bütün bunlara baxmayaraq Paşinyan tələbləri yerinə yetirməkdən imtina edir. Onun ortaqları hər şeyin yaxşı olduğunu və Paşinyanın xalqın etimadını qazandığını nümayiş etdirmək üçün çox səy göstərirlər. Aydındır ki, Paşinyan nüfuzunu bərpa etməyə çalışır, amma əbəs yerə”, – qəzet yazır.
Məqalədə daha sonra qeyd edilir ki, siyasi böhran daha da kəskin xarakter alacağı halda hakimiyyət “B” planını işə salacaq. Bu plana görə, hakim elita Paşinyanı Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla əvəzləmək istəyir.
Qəzeti yazır ki, Mirzoyan anti-Rusiya mövqeyi ilə tanınır.
Onun artıq anti-Rusiya qüvvələri ilə görüşlər keçirməyə başladığı bildirilir. “Ötən həftə Mirozyan parlamentdən kənar Rusiya əleyhdarları olan qərbyönlü siyasi qüvvələrin liderlərilə görüşüb. Xüsusilə, açıq şəkildə Qərbin maraqlarını müdafiə edən “Vətəndaş qərarı” sosial demokrat partiyasının nümayəndələrilə görüşünü qeyd etmək lazımdır”, – “Past” yazır.
Bildirilir ki, Mirzoyan hələ 2018-ci ilin yayında “inqilabçı” hökumətdə ikinci şəxə çevriləndə, yəni Baş nazirin birinci müavini təyin ediləndə ABŞ-a səfər edib. “Rəsmi məlumatda bildirilirdi ki, səfərin məqsədi inqilabın nəticələri barədə ABŞ-ı məlumatlandırmaqdır. “İnqlibaçı” hökumət bu görüşə böyük ümid bəsləyirdi. Onlar düşünürdü ki, Mirzoyan ABŞ siyasi dairələri ilə ciddi görüşlər keçirməlidir. O zaman şayiələr yayılmışdı ki, bu görüşlər həm Ermənistan, həm də yeni hökumət üçün dönüş nöqtəsi ola bilər”, – məqalədə bildirilir.