Əsrlərdir danışılan “ölü dil” – Latın niyə hələ də qanunvericiliyə tabedir?

Latın dilinin hüquqda ilk rəsmi istifadəsi 529-cu ilə təsadüf edir. Bizans İmperatoru Yustinian imperiyanın qanunlarının kodlaşdırılmasını əmr etmişdi. “Corpus Juris Civilis” adlanan bu əsər Roma hüququnun, hüquqşünaslıq ənənələri və imperiya fərmanlarının əsrlər boyu formalaşmış məcmusunu birləşdirirdi. Bu mətn orta əsrlər Avropasında mülki hüququn əsasını təşkil etdi. Zaman keçdikcə Roma hüququ, bununla da latın dili ingilis hüquq sisteminə (common law) daxil oldu. Latın orta əsr universitetlərində elmi ünsiyyətin əsas dili (lingua franca) oldu.
Katolik kilsəsi IV əsrdə yunancadan latın dilinə keçdi. Bu rəsmi dəyişiklik latını teologiya, idarəetmə və hüquq dilinə çevirdi. Kilsə hüququ, papa fərmanları və sənədlər latın dilinə keçdikcə, dünyəvi sahələrə də təsir göstərdi. Orta əsrlər Avropasında kilsə ilə dövlətin mövqeləri çox vaxt üst-üstə düşürdü. Buna görə də monarxlar və siyasi liderlər kilsənin nüfuzuna uyğun olaraq qanunları latın dilində tərtib etməyə başladılar.

Yeni Dünyanın (Amerika) kəşfi və fəthi ilə Avropa dövlətləri öz hüquq sistemlərini də bu torpaqlara apardılar. Müstəmləkə idarəçilikləri Roma hüququnu tətbiq etdi. Bununla belə, hər biri latın terminologiyası, quruluşu və prosedurlarını saxlayaraq müəyyən fərqlər göstərirdi. İspan və portuqal müstəmləkələrində qanunlar kodlaşdırılmış şəkildə qaldı, kilsə və orta əsr praktikaları qorundu. Latın terminlərindən istifadə davamlı olaraq saxlanıldı.
Fransanın müstəmləkə qanunları qısa, sistemli maddələrlə tərtib olunurdu. Latın anlayışlarından istifadə edilsə də, əlçatanlıq üçün fransız dilinə tərcümə edilirdi. Axı latın əsasən elmi və ya elit dil idi. Böyük Britaniyanın Amerika müstəmləkələri isə ümumi hüquq sistemini miras aldı. Bu sistem yeni işlərin əvvəlki məhkəmə qərarlarına əsasən həll edilməsini nəzərdə tuturdu. Ümumi hüquq dili ingilis dili olsa da, hüquqi maksima və texniki terminlərdə latın dili qorunub saxlanıldı.
Rəsmi olaraq “ölü dil” sayılsa da, bu hal qəribə şəkildə latının xeyrinə işləyir. Müasir dillərdən fərqli olaraq, latın dialekt, jarqon və sair amillərə parçalanmır. “Ölü dil” kimi latın nə yeni elementləri mənimsəyir, nə də öz mahiyyətini itirir.

Heç bir dəyişiklik olmadan, söz ehtiyatı və terminologiya sabit qalır. Əsrlər əvvəl istifadə edilmiş bir latın sözü bu gün də eyni mənaya malikdir. Məsələn, “habeas corpus”, yəni “bədənə sahib olacaqsınız” ifadəsi İngiltərənin 1215-ci il “Magna Carta”sı (“Böyük Sərəncam”) tərəfindən ilk dəfə tanındığı zamandan bəri eyni hüquqi mənaya gəlir. Dil dəyişmədiyindən latının hüquqi terminləri qorunur.
Latının qanunvericilikdə üstünlüyü həm də onun aydınlığı və lakonikliyindədir. Zaman keçdikcə latın dilinin sabitliyi qeyri-müəyyənliyi aradan qaldırdı. Latın yalnız statik şərh təqdim edir ki, bu da hüquqi məsələlərdə son dərəcə vacib ola bilər. Yaxşı nümunə “trust” ifadəsidir. Hüquqi mənası: “bir tərəfin digərinin əmlakını saxlaması” və ya “etibar”, “güvən”.

Latın qeyri-müəyyən olmamaqla yanaşı, bu Roma dil irsi mürəkkəb anlayışları daha sadə terminlərə çevirir. Yaxşı nümunələr “res judicata” və “habeas corpus” sözləridir. Birincisi, “artıq hökm verilmiş məsələ” mənasını verir, təkrar məhkəmə proseslərini əngəlləmək anlamına gəlir. İkincisi, “bədənə sahib olacaqsan” mənasında işlədilir, qeyri-qanuni həbsdən qorunmanı ifadə edir.
Latının müəyyən eksklüzivliyi onun qanunvericilikdə təsirini qorumasına kömək etdi. Gündəlik dil olmadığından, demək olar ki, latın özəl dil kimi önə çıxır. Əsas istifadəçiləri ya hüquq sahəsində, ya da kilsədədir, eləcə də tibb sahəsində…
Latın öz ağır çəkisini əsasən hüquqda göstərir. Hüquqi kontekstdə istifadə olunan hər bir latın termini, məsələn, “prima facie”, yəni “ilk baxışda” ciddi və formal mənanı asanlıqla çatdıra bilir. Bu da ona uzunömürlülük qazandırır.

Qərb ölkələrində bu gün də hüquq tələbələri üçün latın dilini bilmək önəmlidir, buna görə də onlar latın maksimalarını əzbərləyirlər. “İgnorantia juris non excusat”, yəni qanunu bilməmək bəraət qazandırmır. Sadə desək, bu, bir şəxsin qanunu bilmədiyinə görə təqsirsiz olduğunu iddia edə bilməyəcəyini göstərir. Qərbdə latın dilini bilmək mürəkkəb terminologiyanı anlamaq üçün tövsiyə olunur.
Tələbələr hüquq təhsili zamanı dərslər, məhkəmə rəyləri və iş kitablarında latın maksimaları ilə qarşılaşırlar. Bunlar dərslərdə istifadə olunur, məhkəmələr isə tez-tez onları istinad kimi göstərərək, əvvəlki qərarları möhkəmləndirirlər. Məktəb və sonrakı karyerada latının davamlı istifadəsi yalnız onun qanunvericilikdəki üstünlüyünü gücləndirir.
Latının qanunvericilikdə möhkəm mövqeyi təsadüfi deyil. Bu, müxtəlif səbəblərin nəticəsidir. Hüquq tələbələri təhsil müddətinin əvvəllərindən latınla tanış edilir ki, bu da dilin davamlı istifadəsini təmin edir. Bütün bunlar varkən, Qərbdə latın dilinin hökmranlığı davam edəcək.
Polise.az



