Estoniyanın internet-nəşri Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimindən yazıb
Estoniyanın “Baltija.eu” internet-nəşri Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan İlham Əliyevin andiçmə mərasimi barədə məqalə dərc edib.
Polise.az xəbər verir ki, məqalədə yüksək səviyyədə təşkil olunan seçkilərin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın bütün regionlarında, o cümlədən işğaldan azad olunan ərazilərdə ilk dəfə keçirilməsindən söhbət açılır. Qeyd olunub ki, seçkilər azad, şəffaf keçib və ölkənin ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən tarixi hadisəyə çevrilib.
“Prezident seçkiləri ilə bağlı bütün fəaliyyət ölkənin Seçki Məcəlləsinin tələblərinə riayət olunmaqla Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan və təsdiqlənən Təqvim Planına uyğun ardıcıl, sistemli və mütəşəkkil icra olunmuşdu. Respublikanın bütün coğrafiyasını əhatə edən məntəqələrdə seçkilərin şəffaflığının yüksək səviyyədə təmin olunması üçün internet vasitəsilə səsvermə prosesini əvvəldən axıradək fasiləsiz izləmək imkanı verən veb-kameralar qurulmuşdu. Bundan başqa, proseslərin izlənilməsində 72 nüfuzlu beynəlxalq strukturu və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi, 110 aparıcı xarici media subyektlərindən 217 nümayəndə iştirak edirdi”, – deyə məqalədə qeyd olunur.
Oxucu auditoriyasının diqqətinə çatdırılır ki, prezident seçkiləri 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində, o cümlədən 6319 daimi və 218 müvəqqəti seçki məntəqəsində keçirilib. Bununla yanaşı, bu məntəqələrdən 47-si işğaldan azad edilmiş ərazilərdə, 49-u – Azərbaycanın səfirlikləri, konsulluqları və diplomatik nümayəndəliklərində idi. Səsvermə günü seçicilər yüksək fəallıq nümayiş etdirərək, seçki məntəqələrinə gəlib səs verirdilər.
Məqalədə xəbər verilir ki, fevralın 7-də keçirilən seçkilərin yekunlarına görə İlham Əliyev 92,12 faiz səs toplayaraq qalib gəlib və fevralın 14-də Milli Məclisdə Azərbaycan Prezidentinin andiçmə mərasimi təşkil olunub.
Polise.az