“ƏVVƏL AZƏRBAYCANDAN, YOXSA QAZAXISTANDAN BAŞLAYAQ?”

Kremlin ən idbar təbliğatçılarından olan Sergey Mardan yenidən Azərbaycanı hədəf alıb. Öz sosial şəbəkə səhifəsində paylaşım edən Mardan Qazaxıstanda və Azərbaycanda “SVO” (xüsusi hərbi əməliyyat) keçirilməli olduğunu yazıb. Buna səbəb Qazaxıstanın öz suveren hüquqlarından istifadə etməklə, öz ərazisindən Rusiyaya keçən yük avtomobillərini yoxlamasıdır.
Mardan məsələ ilə bağlı hansısa mücərrəd “iş adamlarına” istinad edərək yazıb ki, “mikrosxemlər və dəzgahlar sərhəddən geri qaytarılır”. Daha sonra Qazaxıstanı və eyni zamanda, konkret bu məsələyə heç bir aidiyyatı olmayan Azərbaycanı “SVO” ilə təhdid edib: “Heç cür seçə bilmirəm ki, “SVO” birinci hardan başlamalıdır – əvvəl Azərbaycan, sonra Qazaxıstan, yoxsa əksinə?”
Bizimlə əlaqəsi olmayan bir mövzuda ölkəmizin adının çəkilməsi ondan xəbər verir ki, Azərbaycan mövzusu Kreml təbliğatının üfunət saçan gündəmindən düşmür. Bu tulalara Azərbaycanı daim gündəmdə saxlamaq və yeri gəldi-gəlmədi ölkəmizi hədəfə almaq tapşırılıb. Günahsız insanların qətlinə, suveren ölkənin işğalına, Rusiyanın isə həm hərbi, həm iqtisadi, həm də mənəvi cəhətdən bataqlığa saplanmasına gətirib çıxaran işğalçılıq müharibəsi ilə fəxr etmək və bununla digər qonşularını da təhdid etmək isə Putin Rusiyasının və onun təbliğatının nə qədər miskin, rəzil və insanlıq sifətini itirmiş durumda olduğunun növbəti göstəricisidir…
Cənubi Qafaz və xüsusilə Azərbaycan üçün sisianovların, şaumyanların və s. yeri çoxdan tarixin çürümüş zibilliyindədir. Necə ki, Mardan və onun sahiblərinin də yeri həmin zibillik olacaq…C.Məmmədli“AzPolitika.info”
Polise.az



