Fəzail Ağamalının partiyanı bölə bilməyən övladlarının şirkətləri – SİYAHI

Son günlər övladları arasındakı qalmaqalla gündəmə gələn Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalının ailə üzvlərinə məxsus şirkətlər məlum olub.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, Elçin Ağamalının qanuni təmsilçisi olduğu iki şirkət vardır ki, bunlar “La Vida” və “Altus” Məhdud Məsuliyyətli Cəmiyyətlərdir. 2005-ci ildə 5 saylı Ərazi Vergilər İdarəsində 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınmış “La Vida” hazırda passiv vergi ödəyicisidir. Şirkətin hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Teymur Əliyev küçəsi, ev.67/71, m.114-də yerləşir. Şirkətə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2021 və 2022-ci illərdə hər il üzrə 40 manat maliyyə sanksiyası tətbiq edilib.
“Altus” MMC isə 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 112, m. 10-da yerləşir. “Altus” şirkətinin hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 3923.19 manat vergi borcu da mövcuddur. Bundan əlavə, şirkətə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2011, 2013, 2015-2017, 2020-2025-ci illərdə hər il üzrə 40 manat (2022-ci ildə isə iki hal üzrə 80 manat) maliyyə sanksiyası tətbiq edilib.
Məlumat üçün bildirək ki, 2022-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Nəsimi rayonu, 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi 12 D ünvanında yerləşəcək ümumi sahəsi 617,24 kv. metr olan obyektin tikintisi üçün Günay Ağamalıya icazə verib. “Buta” ötən ilin sentyabrında məlumat yayaraq bağça üçün paytaxtın Həsən Əliyev küçəsində yeni bina tikildiyini, zirzəmi və birinci mərtəbəsinin artıq inşa edildiyini açıqlayıb. Qeyd edilbi ki, 4,5 sotun içərisində mövcud olan qeyri-yaşayış sahəsinin bütün sənədləri hazırdır. Bağçanın satışa çıxarıldığı, qiymətinin isə 1 milyon 500 min manat olduğu göstərilib.
Xatırladaq ki, oktyabrın 25-də Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının qurultayında qalmaqal yaşanıb. Yeni sədr postuna kimin gətirilməsi məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı yaranıb.
F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb. F. Ağamalı istefa vermədiyini mətbuata açıqlasa da, onun qurultay üzvləri ilə vidalaşdığı görüntülərdə öz əksini tapıb. Hadisədən sonra Günay Ağamalı da bəyanat yayaraq, atasının istefa vermədiyini bildirib və məlumatların əsassız olduğunu vurğulayıb.
AVP-nin təşkilati məsələlər üzrə sədr müavini Elçin Ağamalı bildirib ki, atası onun sədrliyə potensial namizəd kimi imkanlarını bildiyi üçün son bir ildə onu partiya fəaliyyətindən tamamilə uzaqlaşdırıb.
Polise.az



