Federasiyadan polisə müqavimət göstərən idmançı ilə bağlı AÇIQLAMA

İyunun əvvəllərində Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan və müqavimət göstərən şəxslərdən biri – Şirzad Şirzadov basketbol üzrə Azərbaycan yığmasının üzvü olub. 

Sözügedən məsələ ilə bağlı Unikal.org-a Azərbaycan basketbol federasiyasının baş katibi  Vüqar Əzimov məlumat verib: 

“Bu hadisə baş verəndə özümüz  də şokda idik.  Çünki Şirzad çox sakit və tərbiyəli bir gəncdir. İllərdir onun haradasa dava etdiyini, ya da məşq prosesində hansısa nizamsızlığını görməmişik.  10 ildir Şirzadı tanıyıram, onun nə vaxtsa “xuliqanlıq” etdiyini görməmişəm.  

Hazırda idmançımız qrup şəkilində baş verən olaya görə həbs edilib. Yaxın günlərdə onun məhkəməsi olmalıdır. Biz də hamı kimi məhkəmənin nəticəsini gözləyirik”.

V.Əzimov dava zamanı təhlükəsizlik kameralarına düşən görüntüləri izlədiyini və idmançının polisə müqavimətini görmədiyini deyib: “Yenə deyirəm, hadisə zamanı Şirzad mübahisə edən adamların arasında olub. Amma polisə qarşı onun hər hansı bir ifadə işlətməsi və ya hərəkət etməsini görməmişəm.  İnşallah məhkəmə adil qərar çıxarar”. 

Nəzərə çatdıraq ki, Ş.Şirzadov Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham olunub.

Onun barəsində məhkəmənin qərarı ilə üç aylıq həbs qətimkan tədbiri seçilib. Həmin müddətin başa çatmasına bir neçə gün qaldığı üçün istintaqın təqdimatı ilə Ş.Şirzadovun həbs müddəti uzadılıb. 

Onun həbsdən azad olunması üçün vəkilinin verdiyi vəsatət Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyeva tərəfindən rədd edilib. O, həbsdə qalıb. 

Qeyd edək ki, bununla bağlı ilk xəbəri Qafqazinfo.az saytı verib.

Mənbə
unikal.org
Hamısını Göstər

Related Articles

Back to top button