“FƏLAKƏTLİ VƏZİYYƏTDİR, ONLAR TÜKƏNİRLƏR” – Ukraynalı generaldan mühüm açıqlamalar

Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri, briqada generalı Andrey Biletski bildirib ki, uzun müddətdən sonra ilk dəfə olaraq Rusiya ordusunda canlı qüvvə itkisi cəbhəyə cəlb olunan yeni şəxsi heyətin sayını üstələyir.
Biletskinin sözlərinə görə, bu qənaət Ukrayna kəşfiyyatının, eləcə də Qərb müttəfiqlərinin məlumatlarına əsaslanır. O vurğulayıb ki, hazırda Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin artırılması döyüş xəttindəki (LBS) itkiləri kompensasiya etmir.
Bu məlumatların hər iki tərəfin açıqlamaları ilə də təsdiqləndiyi bildirilir. Belə ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) nümayəndəsi Andrey Yusov sentyabrın əvvəlində Rusiyanın Ukraynadakı hərbi qruplaşmasının sayının 700 min nəfər olduğunu açıqlamışdı. Dekabrın əvvəlində isə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski “Sky News”a müsahibəsində bu rəqəmi 710 min nəfər kimi göstərib.
Beləliklə, üç ay ərzində artım cəmi 10 min nəfər təşkil edib.
Sırskinin əvvəlki açıqlamalarına görə, Rusiyanın Ukraynadakı hərbi kontingenti:
2025-ci ilin yanvarında – 603 min nəfər,
2025-ci ilin aprelində – 623 min nəfər,
2025-ci ilin sentyabrında – 700 min nəfər,
2025-ci ilin dekabrında – 710 min nəfər olub.
Bu dinamika göstərir ki, yanvar–sentyabr ayları arasında Rusiya qruplaşmasının orta aylıq artımı 10 mindən çox olub. Lakin sentyabr–dekabr dövründə bu göstərici ayda təxminən 3 min nəfərə düşüb.
Maraqlıdır ki, Rusiya Prezidenti Vladimir Putin də ötən həftə Ukraynadakı Rusiya qruplaşmasının sayını 700 min nəfər kimi açıqlayıb və bu da Ukrayna tərəfinin verdiyi rəqəmlərlə üst-üstə düşür.
Məlumatda vurğulanır ki, Rusiyada səfərbərlik tempinin azaldılması ilə bağlı etibarlı informasiya yoxdur. Bu baxımdan şəxsi heyətin artım sürətinin zəifləməsi itkilərin artması ilə əlaqələndirilir.
Andrey Biletski bildirib ki, bu vəziyyət Ukrayna ordusu üçün cəbhədə işi asanlaşdırmasa da, artıq demək olar ki, Rusiya Silahlı Qüvvələri say baxımından pik həddə yaxınlaşır və bundan sonra genişlənmə prosesi daha çətin olacaq.
Biletski digər açıqlamalarında mövcud durumu belə xarakterizə edib: “Biz ruslarla 12-ci raundda döyüşən boksçular kimiyik. Biz öz tükənmişliyimiz barədə düşünürük, amma düşünürəm ki, rusların vəziyyəti də təxminən eynidir. Rusiyada əsas silah növləri üzrə – zirehli texnika, artilleriya sistemləri və digər istiqamətlərdə katastrofik vəziyyət yaranıb. Hazırda Rusiya cəbhədə deyil, daha çox Ukraynaya qarşı hava terrorunda nisbətən uğurludur. Bəli, Ukraynanın geri çəkildiyi məqamlar var. Amma bu irəliləyişlərin ruslar üçün qiyməti nə qədər adekvatdır? Onlar bizi, amerikalıları və bütün dünyanı inandırmağa çalışırlar ki, bu qiyməti uzun müddət ödəyə bilərlər. Bu, doğru deyil. Ödəyə bilmirlər. Onlar tükənirlər. Şəxsi heyətin keyfiyyəti çoxdan fəlakətli vəziyyətdədir və döyüş hazırlığı hər ay daha da deqradasiyaya uğrayır”.\“AzPolitika.info”\
Polise.az



