FƏTTAH HEYDƏROVUN “İNAMIN GÜCÜ” KİTABINA BİR NEÇƏ SÖZ – “Mixaylo şəhərdədir”

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovu Milli Məclisdə tanımışam. Bundan öncə onun haqqında həmişə xoş sözlər eşitmişdim.

Fəttah Heydərovun “İnamın gücü” kitabını tərəddüd etmədən aldım. Səbir və təmkinli, sabit mövqeli, əsl ağsaqqal və müdriklik xüsusiyyətlərə malik olan bir şəxsiyyətin kitabı həm də zəngin bilik mənbəyidir. Ümumiyyətlə zəngin həyat təcrübəsinə malik olan insanların xatirələri, bioqrafiyaları həddindən artıq böyük maraq kəsb edir. Onlar auditoriyada təbliğ olunmalıdır. Fəttah Heydərov Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirməsinə baxmayaraq, geniş humanitar və ictimai dünyagörüşünə malik olan bir şəxsiyyətdir.

Bir neçə onilliyi əhatə edən dövrün salnaməsi sayılan bu əsərin ana xəttini belə bir fikir təşkil edir ki, tarixi istənilən halda böyük şəxsiyyətlər yaradır. Müəllif məhz bu məqamdan çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bərqərar olmasında və möhkəmlənməsindəki müstəsna rolunu nəzərdən keçirir. XX əsrin sonlarından indiyə qədərki hadisələr təhlil süzgəcindən keçirilir, proseslərə obyektiv ictimai-siyasi şəraitin diktə etdiyi tələblər nöqteyi-nəzərindən qiymət verilir. Kitabda müəllifin şahidi və iştirakçısı olduğu tarixi hadisələrlə bağlı xatirələri, şəxsi arxivindən olan və ilk dəfə dərc edilən nadir fotoşəkillər yer alır. Kitabı çox qısa zamanda oxudum.

Çünki müəllif əsasən qeyd etdiyim kimi şahidi və iştirakçısı olduğu tarixi hadisələri qələmə alıb. Bu dəyərli kitabdan oxucular üçün maraq kəsb edəcək bir neçə maraqlı məqamı diqqətə çatdırıram.

Ulu öndər Heydər Əliyev deyirdi: “Mən 1969-cu ildə Azərbaycana başçı təyin olundum. İndi burada çıxış edən bir jurnalist dedi ki, o vaxt yazıb ki, “Mixaylo şəhərdədir”. Mənim barəmdə bu söz 1969-cu ildə icad olunubdur. Məni heç kəs tanımırdı. Çünki ondan əvvəl KQB-nin sədri idim, şəhərdə məni tanımırdılar. Mən iki-üç ay şəhərdə müxtəlif yerlərə, məsələn, mağazalara gedirdim, taksiyə, tramvaya minirdim ki, görüm, insanları aldadırlar, yoxsa yox. Ona görə də, bundan sonra həmin söz yayıldı… Mən nəyi gördüm? Mağaza müdirləri, taksi sürücüləri mənim portretlərimi ordan-burdan tapıb bir-birinə satmışdılar ki, mağazaya gələn olanda bu portretə baxıb görsün ki, bu, Əliyevdir, yoxsa yox”.

Fəttah Heydərovun Ümummilli liderimiz Heydər Əliyevlə maraqlı dialoqları kitaba xüsusi məzmun verir: “Biz Heydər Əliyevlə gəzməyə çıxdıq, Möminə Xatun məqbərəsinin yanına getməyi təklif etdim. Biz həmin məqbərənin yaxınlığında, açıq səma altında muzey təşkil etmişdik, oraya Naxçıvandan, Qərbi Azərbaycandan, başqa rayonlardan üzərində qədim ərəb yazıları olan daşlar gətirmişdik. O, maraqlandı:

– Çox maraqlıdır, məmnuniyyətlə bu muzeyə baxaram.

Biz ora getdik. Gəzişirik, uşaqlar da şəklimizi çəkirlər.

Heydər Əliyev daşlara yaxınlaşdı:

– Gərək ki, bu daş Culfadandır, – dedi,- bu isə Sisyandan.

Bunlar üzərində ərəb dilində, hörmə yazı üsulu ilə mətnlər və çox maraqlı təsvirlər olan qəbirüstü daşlar idi. O, daşları çox diqqətlə nəzərdən keçirir, suallar verirdi. Sonra Möminə Xatun məqbərəsinə yaxınlaşdıq. Heydər Əliyev soruşdu:

– Yuxarıda nə yazıldığını bilirsənmi?

– Özüm oxuya bilmirəm, – deyə cavab verdim, – amma mənə deyiblər ki, burada təxminən bu sözlər həkk olunmuşdur: “Biz gedəcəyik, dünya qalacaqdır, biz gedirik, əməllərimiz qalır”.

– Bəli, düzdür, fikrimcə, bu yaxınlarda həmin kəlamı nəzmə çəkiblər.

Biz Möminə Xatun məqbərəsinin lap yanına gəldik.

– Bax burada, məqbərənin 10 üzünün, demək olar ki, hamısında “Allah” sözü, deyilənə görə 6666 dəfə təkrarlanır”.

İri həcmli bu dəyərli kitab həm bioqrafiya, həm də memuar janrlarını birləşdirir.

P.S. Mənim də xatirəm var: Əmimin həyat yoldaşı Nərgiz xanım həmişə məni görəndə Fəttah müəllimə salamlarını çatdırmağımı xahiş edirdi. Bir sinifdə oxumuşdular. Nərgiz xanımın xahişini Milli Məclisdə ona yaxınlaşıb çatdırdım. Rəhmətlik Fəttah müəllim xeyli fikrə daldı və bunları dedi: “Nərgiz hamıdan yaxşı oxuyurdu. Ancaq tez ərə getdi, təhsilini davam etdirmədi”.

Etibar Əliyev, 

millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button