FHN əhaliyə müraciət etdi – VİDEO

Qarşıdan yay fəslinin gəlməsi ilə əlaqədar havanın temperaturunun tədricən yüksəlməsi fonunda istirahət üçün meşə və meşəətrafı ərazilərə üz tutan vətəndaşların sayında kütləvi artım qeydə alınır. Bu isə müxtəlif səbəblərdən meşələrdə yanğınların baş vermə riskini xeyli artırır.
Teleqraf xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ötən illər meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların səbəbləri araşdırılıb.
Müəyyən edilib ki, meşə yanğınları əsasən bəzi vətəndaşların ən sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsiz davranışlarından törənmişdir. Nəzərə almaq lazımdır ki, ən kiçik ehtiyatsızlıq belə meşə sahələri, flora və fauna, ümumilikdə ətraf mühit və son nəticədə cəmiyyət üçün ağır fəsadlarla nəticələnə bilər.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən meşə sahələrinə yaxın ərazilərdə yaşayan, təbiət qoynunda istirahətə yollanan vətəndaşlara müraciət edərək onları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
“Meşədə tonqal yalnız xüsusi ayrılmış yerlərdə qalanmalı, bunun üçün ağac altı, quru ot və kol-kos, ağac qırıntıları olan ərazi seçilməməli, tonqalın ətrafındakı otlar 0,5-1 metr radiusda təmizlənməlidir. Qalanmış tonqal nəzarətsiz qalmamalı və ərazi tərk edilərkən tam söndürülməlidir. Küləkli havada tonqal qalamaq qadağandır. Unutmaq olmaz ki, tam söndürülməmiş siqaret kötüyü və kibrit çöpünün, şüşə əşyaların və yanar mayelərlə islanmış materialların ətrafa atılması yanğın təhlükəsi yaradır” – deyə, məlumatda qeyd olunur.
Polise.az