Floridada son görüş – Rusiyanı məğlub etməyin yolu

Ukrayna xalqı ərazi güzəştinə “yox” desə, Moskva və Vaşinqtonun reaksiyası necə ola bilər?
Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında 28 dekabrda görüş baş tutdu.
Görüşdən sonra Zelenski bildirib: “Biz Prezident Trampla razılaşdıq ki, o, yanvar ayında Vaşinqtonda Ukrayna və Avropa liderlərini qəbul edəcək”.
Tramp isə görüşdən sonra deyib ki, ukraynalıların 91%-i müharibənin bitməsini istəyir. Rusiya da bitməsini istəyir. Hamı bunun bitməsini istəyir.
“Müharibənin bitməsinə kömək edəcəksə, Ukraynaya getməyimdə heç bir problem yoxdur”, – o vurğulayıb.
Tramp həmçinin bildirib ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar son mərhələdədir.
“Düşünürəm ki, danışıqların son mərhələsindəyik və görəcəyik… Ya bu münaqişə bitəcək, ya da çox uzun müddət davam edəcək”, – deyə o bildirib.
Zelenski ABŞ prezidentinin Rusiya Prezidenti Putinlə bağlı səsləndirdiyi fikirlərə reaksiya verərkən gülüşünü güclə gizlədib. Musavat.com xəbər verir ki, bu an Trampın Vladimir Putinin guya “Ukraynanın uğurunu istədiyi” və bunun üçün “çox şey etdiyi” barədə açıqlamalarından sonra baş verib və mediada geniş müzakirələrə səbəb olub.
Belə ki, danışıqlardan sonra jurnalistlərə açıqlama verən Donald Tramp görüşü “çox uğurlu” adlandırıb və tərəflərin Ukrayna münaqişəsinin həllinə “son dərəcə yaxınlaşdığını” bildirib. ABŞ prezidenti iddia edib ki, Vladimir Putin Ukraynanın uğur qazanmasında maraqlıdır və hətta ölkənin bərpasına yardım göstərməyə hazırdır: “Mən bunu Putinlə müzakirə etmişəm. O, çox böyük səxavət nümayiş etdirir. Rusiya Ukraynanın bərpasına kömək etməyə hazırdır”, – Tramp deyib.
Tramp eyni zamanda etiraf edib ki, münaqişənin ən həssas məqamlarından biri olan ərazi məsələsi hələ də tam həll olunmayıb. Onun sözlərinə görə, razılaşmada 1-2 ən çətin məsələ açıq qalır; cəbhə xətti və təmas xətti ilə bağlı detallar üzrə yekun razılaşma yoxdur. Bununla belə, danışıqlarda 95 faiz məsələlər üzrə razılıq əldə olunub.
ABŞ prezidenti prosesi sürətləndirməyə çağıraraq xəbərdarlıq edib ki, yaxın aylarda razılaşma əldə olunmasa, Ukrayna yeni ərazi itkiləri ilə üzləşə bilər. Tramp həmçinin bildirib ki, təhlükəsizlik zəmanətlərinin əsas yükünü Avropa daşıyacaq, ABŞ isə bu prosesdə yardımçı rol oynayacaq.
Volodimir Zelenski isə çıxışında daha ehtiyatlı və real mövqe sərgiləyib. O, yaxın həftələrdə danışıqlar qrupunun yeni görüşlərinin keçiriləcəyini və razılaşmanın detalları üzərində işin davam edəcəyini açıqlayıb.
Ekspertlərin fikrincə, Trampın optimist və bəzən moskvayönümlü ritorikasına baxmayaraq, real danışıqlar mərhələsində ərazi, təhlükəsizlik və zəmanətlər məsələləri hələ də əsas maneə olaraq qalır. Qarşıdakı həftələrdə planlaşdırılan görüşlərin Ukrayna böhranının taleyində həlledici rol oynaya biləcəyi bildirilir.
Maraqlıdır ki, son rəy sorğusuna görə, ilk dəfə Rusiya əhalisinin yarıdan çoxu – 55 faizi müharibə dayanmasını arzu etdiyini bildirib. Yəni rusiyalıların əksəriyyəti müharibədən yorulmuş kimi görünür…
Bu arada Rusiya rəhbərliyi Kiyevin referendum üçün atəşkəs təklifini qəbul edə biləcəyini istisna etməyib. Ancaq iki aylığa yox, daha az müddətə.
Bəs ukraynalılar referendumda ərazi güzəştinə “yox” desə, Moskva və Vaşinqtonun buna reaksiyası necə ola bilər?

Qabil Hüseynli
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, referendum keçirilsə, şübhəsiz, mübariz Ukrayna xalqı ərazi güzəştinə “yox” deyəcək: “Ukraynalılar ərazi güzəştinə “yox” desə, bu nəticə həm Moskva, həm də Vaşinqton üçün ciddi siyasi və strateji nəticələr doğurar. Hesab edirəm ki, Rusiya bu halda referendumun nəticələrini tanımadığını, hətta saxtakarlıq edildiyini bəyan edəcək. Məsələn, Rusiya nəticəni “müharibə şəraitində, Qərbin təzyiqi altında keçirilmiş” kimi təqdim edərək legitim saymaya bilər. Bundan başqa, Rusiya referendumu Zelenski hakimiyyətinin keçirdiyini və xalqın guya iradəsinə təsir göstərildiyini “əsas” göstərib nəticələri etibarsız elan edəcək və “müharibəyə davam” deyəcək, yeni əraziləri işğal etmək üçün hücumu gücləndirəcək. Eyni zamanda Kreml yəqin ki, bəyan edəcək ki, “Ukrayna sülh istəmir, müharibə istəyir”. Beləliklə, bununla da cəbhədə hərbi əməliyyatları intensivləşdirəcək, xüsusən Donbas və cənub istiqamətində təzyiqləri artıracaq. Moskva işğal etdiyi əraziləri indinin özündə “geri dönüşü olmayan fakt” kimi təqdim edir. Ən yaxşı halda “dondurulmuş münaqişə” variantına ilımlı yanaşır”.
O ki qaldı Vaşinqtonun necə reaksiya verəcəyinə, politoloq hesab edir ki, ABŞ referendumun nəticəsinə “xalqın iradəsinə hörmət edilməlidir” kimi münasibət bildirə bilər: “ABŞ böyük ehtimalla açıq şəkildə bəyan edər ki, Ukrayna xalqı öz ərazi bütövlüyündən imtina etmək istəmir və bu qərara hörmət edilməlidir. Bu, beynəlxalq hüquq və suverenlik prinsiplərinə uyğun mövqedir. Amma praktikada Donald Trampın başqa cür davranış nümayiş etdirməsi istisna deyil. Referendum “yox”la bitsə belə, Vaşinqton müharibənin sonsuz davam etməsini istəmir. Bu səbəbdən ABŞ Ukraynaya dəstəyi tam kəsməsə də Kiyevə məcburedici diplomatik təzyiqləri artıra bilər. Bu halda isə ərazi güzəşti yox, amma atəşkəs, təhlükəsizlik zonaları, uzunmüddətli danışıqlar gündəmə gələ bilər”.
Q.Hüseynli sonda qeyd etdi ki, əgər referendum keçirilsə və xalq ərazi güzəştinə “yox” desə, Zelenski və Ukrayna hakimiyyətinin mövqeyi güclənə bilər: “Zelenski bəyan edəcək ki, bizim güzəştə getməməyimiz xalqın iradəsinə söykənir, xalq güzəştə getməyə qarşıdırsa, hakimiyyət buna zidd addım ata bilməz. Bununla da hakimiyyətin indiyə qədərki mövqeyinin legitimliyi daha da möhkəmlənmiş olur. Ancaq onu da bir daha qeyd edək ki, ehtimal olunan referendumdan “yox” cavabının çıxması müharibənin uzanmasını labüd edəcək”. \Etibar SEYİDAĞA,“Yeni Müsavat”\
Polise.az



