“Foreign Policy”: “ABŞ ordusu Azərbaycandan öyrənir”
ABŞ-ın “Foreign Policy” jurnalı “ABŞ ordusu Qarabağdakı müharibənin nəticələrindən öyrənir” başlıqlı məqalə yayımlayıb.
Caliber.Az xəbər verir ki, məqalədə ABŞ hərbçilərinin Qarabağ müharibəsi dövründə Azərbaycan silahlı qüvvələrinin hərbi əməliyyatlar aparmaq təcrübəsini öyrənməsindən bəhs olunur.
“Azərbaycan keçən ilin payızında İkinci Qarabağ müharibəsində Ermənistana qarşı kamikadze-dronlardan istifadə etməklə havada tam üstünlük qazanan zaman ABŞ ordusunun strateqlərinə aydın oldu ki, bu yolla düşmən qoşunlarını izləmək və məhv etmək həmişəkindən daha asan olur və daha ucuz başa gəlir”, – deyə materialın müəllifi Cek Detç qeyd edib.
Polkovnik Skott Şou bildirir ki, tankların, artilleriya mövqelərinin və düşmən canlı qüvvəsinin PUA ilə vurulduğunu əks etdirən video kadrları görə bilərsiniz.
Onun sözlərinə görə, Azərbaycan keçən ilin payızında Ermənistanı məğlub etdikdən sonra məlum olub ki, ABŞ Silahlı Qüvvələri artıq rəqiblərə qarşı inkaredilməz hava üstünlüyünə sahib olmayacaq, üstəlik, daha kiçik ölkələr ən müasir hərbi-hava texnikası əldə edə biləcək.
Nəşr yazır ki, altı həftə davam edən qarşıdurma zamanı Azərbaycan Ermənistan silahlı qüvvələrinin maddi-texniki təchizatı və təchizat xətlərinin məhv edilməsi üçün Türkiyənin Bayraktar TB2 pilotsuz təyyarələrindən və bir çoxu İsraildə istehsal olunan kamikadze-dronlarından istifadə edib.
Münaqişənin son günlərində Azərbaycan Prezidenti İlham Əliyev təxminən 250 tank, 50 piyadaların döyüş maşını və dörd S-300 raket əleyhinə müdafiə sistemi, habelə 198 yük maşını və 17 özüyeriyən artilleriya qurğusunun məhv edilməsi barədə siyahını açıqlayıb. Ötən ilin oktyabrın ortalarında Prezident İ.Əliyev bildirmişdi ki, Türkiyənin pilotsuz təyyarələrinin köməyi ilə Azərbaycan ordusu 1 milyard dollardan çox qiyməti olan erməni texnikasını məhv edib.
Məqalədə qeyd olunur ki, ABŞ-ın hərbi planlaşdırıcıları müharibədə PUA-lardan istifadəni fəal şəkildə öyrənir. Sabiq müdafiə katibi Mark Esper pilotsuz gəmilərin araşdırılması və hazırlanmasına daha çox sərmayə qoyaraq 355 gəmidən ibarət hərbi-dəniz donanmasının yaradılması hədəfinə çatmağa can atırdı. Hələlik Bayden administrasiyasının donanmanın gələcək miqyası və tərkibinə necə yanaşacağı bəlli deyil, lakin bu ay Hərbi Dəniz Donanması və Dəniz Piyadaları Korpusu pilotsuz sistemlərin istifadəsi üzrə yol xəritəsi yayımlayıb.
S.Şou qeyd edib ki, PUA-ların məhv edilməsi çətin, düşmənin canlı qüvvəsinin vurulması isə potensial olaraq daha asan olduğundan döyüş sahəsini izləmək də asanlaşır. Bu o deməkdir ki, iyirmi ildən çoxdur kamuflyaj rəngini dəyişdirməyən ordu aşkarlanmanın qarşısını almaq üçün yeni yollar tapmalıdır.
Statik mövqelərdə atəş gücü üstünlüyünə uzun müddət sahib olan ABŞ ordusu “təkəri yenidən icad edərək” mobil, toxunulmaz hala gəlmək, təhlükəsizlik və hücumlardan qorunmaq haqda düşünməli olacaq.