Foreign Policy: Hələbin süqutu Rusiya üçün nə deməkdir
Müxalif qüvvələrin hücumu nəticəsində Hələbin süqutu Rusiyanın Suriyadakı mövqeyini ciddi şəkildə zəiflədib, onun hərbi nailiyyətlərini və regiondakı strateji təsirini şübhə altına alıb.
“Report” xəbər verir ki, bu fikirlər “Foreign Policy” jurnalının “Hələbin süqutu Rusiya üçün nə deməkdir” başlıqlı məqaləsində yer alıb.
Ötən həftə “Həyat Təhrir əş-Şam” (HTŞ) sələfi qruplaşmasının rəhbərlik etdiyi Suriya üsyançıları gözlənilməz hücuma başlayaraq Hələbin əhəmiyyətli hissələrini ələ keçirib və Həma vilayətinə doğru irəliləyiblər. “Foreign Policy” jurnalı vurğulayıb ki, son on ildə üsyançıların ən böyük uğuru olan bu hücum Rusiyanın mövqelərinə ciddi zərbədir, çünki Hələb Rusiyanın Suriyadakı hərbi nailiyyətlərinin vacib simvolu idi. Bu şəhərin itirilməsi təkcə hərbi məğlubiyyət deyil, həm də Moskvanın Suriyanın gələcəyinə həlledici təsir göstərmək qabiliyyətini simvolik olaraq şübhə altına alıb.
Jurnal qeyd edib ki, 2016-cı ildə Rusiya aviasiyası Suriya ordusu və İranın dəstəklədiyi qüvvələrlə koordinasiyada Hələbi geri qaytararaq Rusiyanın əsas xarici oyunçu rolunu möhkəmləndirsə də, hazırda şəhərin itirilməsi Rusiyanın Suriya strategiyasındakı zəif nöqtələri nümayiş etdirir. Nəşrə görə, “Hizbullah” kimi qüvvələrin zəifliyi və Suriya ordusunun effektiv quru qoşunlarının çatışmazlığı əsasən hava qüvvələrinə güvənən Moskvanın çevik şəkildə doldura bilmədiyi hərbi boşluqlar yaradır.
Yazıda nəql olunub ki, müxaliflərin hücumu təkcə hərbi deyil, həm də Rusiyanın üzləşdiyi əməliyyat problemlərini üzə çıxarıb. HTŞ-nin sürətli hücumu aviasiya dəstəyini təşkil etmək üçün Moskvaya vaxt qoymayıb ki, bu da onun Suriyadakı hava əməliyyatlarından asılılığını bir daha vurğulayıb. “Foreign Policy” yazıb ki, Əsəd rejiminin, məsələn, hökumət qoşunlarının Küveyris bazasını müqavimətsiz təslim etməsi kimi, zəifliyi Rusiyanın, Tartus və Latakiyadakı bazalar kimi, strateji mövqeləri üçün təhlükəni artırır.
Məqaləyə görə, Həmanın ələ keçirilməsi Suriyanın sahil vilayətlərini təcrid edə bilər ki, bu da Rusiyanın regiondakı maraqlarına birbaşa təhdiddir. Dərgi diqqət çəkib ki, bu çağırışlara baxmayaraq, Rusiya geosiyasi əhəmiyyətini və sərf edilmiş resursları nəzərə alaraq Suriyanı tərk edə bilməz. Qeyd etmək vacibdir ki, hərbi strategiyanın yenidən nəzərdən keçirilməsi zərurətinə rəğmən Rusiya Suriyada öz təsirini qorumağa çalışacaq, çünki bu münaqişə onun Yaxın Şərqdəki mövqeyi üçün kritik əhəmiyyət daşıyır.
Polise.az