Fosfor bombasını ermənilər nə üçün istifadə edir? – Sabiq briqada komandiri danışdı
“Fosfor bombaların istifadəsi 19-cu əsrdən başlayıb. Birinci Dünya Müharibəsində Vyetnamda geniş istifadə olunub. 1949-cu ildən bu yana Cenevrə konvensiyası ilə fosfor silahlar qadağan olunmuş silahlar növünə daxil edilib. Bu silah yanarkən 1300 dərəcəyə qədər istiliyi olur və əzab verən yandırıcı təsir yaradır. Fosforlar minalarda, mərmilərdə və raketlərdə də olur”.
Bu sözləri ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov deyib.
Sabiq briqada komandiri əlavə edib ki, bu silahlardan Azərbaycan Ordusunda yoxdur: “Çünki bu silahlar, demək olar ki, keçən əsrin silahlarıdır. Azərbaycan Ordusu əks hücum əməliyyatlarında müasir silahlardan istifadə edir, dəqiq və sərrast atışlarla hədəflərini yox edir. Fosfor silahlar böyük ərazilər üçün – yandırmaq və canlı qüvvəni məhv etmək üçün istifadə olunur. Bu, keçən əsrin silahıdır və Azərbaycanın bu silahlara ehtiyacı yoxdur.
Erməni tərəfi 30-40 ildir, belə silahlardan istifadə edir. Hətta onların ballestik raketləri də həmin illərin silahıdır. Ermənistanın fosfor silahlarından istifadəsi heç də təəccüblü deyil. Onlar bunu istifadə etməklə yanaşı, bizim ordumuzla bağlı da dezinformasiya yayır. Düşmən hər yola əl atır. Xocalı soyqrımını törədən düşməndən hər şey gözləmək olar”.
Ötən gün Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub. Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində düşmənin məqsədi, ilk növbədə, onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya bölmələrimiz tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır.
Artıq oktyabrın 30-da Ermənistan tərəfi guya Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayıb və beləliklə də, gələcək təxribatları üçün zəmin yaradır.