Fransa COP-u alqışladı?
Yəqin ki, sərlövhəni görüb, təəccüblənən çox oldu.
Bəli, Azərbaycanın evsahibliyi ilə çox yüksək səviyyədə keçirilən Tərəflərin 29-cu Konfransına – COP29-a bütün dünyanın nəzər-diqqətinin yönəldiyi son iki həftədə Fransanın “çiban”ı növbəti dəfə deşildi və rəsmi Paris əlindən gələn pisliyi etməyə çalışdı. Bu mənada təbii ki, Makron Fransasının COP29-u alqışlaması, təqdir etməsi gözlənilən deyil(di).
Fransanın COP-u alqışlaması xəbəri 2023-cü ilə aiddir, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən COP28-ə ünvanlı alqışdan söhbət gedir.
Ötən ilin 13 dekabrında Fransa Dubayda əldə edilən “tarixi razılaşma”dan riqqətə gələrək bəyanat yaymışdı. O zaman Fransa, iştirakçı 195 tərəfi qalıq yanacaqlarını mərhələli şəkildə dayandırmağı öhdəsinə götürən və 1,5 dərəcə məqsədini hər zamankindən daha çox təsdiqləyən “Birləşmiş Ərəb Əmirlikləri Konsensusu” adlı bu tarixi saziş əldə etməsini təqdir etmişdi. Paris COP28-in ilk günündə ümumi məbləği 700 milyon dollardan çox olan “itki və zərər” cavab fondunun qəbul edilməsini alqışlamış, 2022-ci ildə Misirin Şarm əl-Şeyx şəhərində keçirilən COP27-də başladılan fondun iqlim fəlakətlərindən (dəniz səviyyəsinin qalxması, quraqlıq, siklonlar və s.) təsirlənən ən həssas ölkələrə bu hadisələrdən sonra yenidənqurma işləri üçün maliyyə vəsaiti əldə etməyə imkan verəcəyini bildirmişdi. Həmçinin Parisin 100 milyon avroya qədər töhfə verəcəyini elan etmişdi.
Fransanın Ekoloji Keçid və Ərazi Birliyi Nazirliyinin rəsm məlumatını Azərbaycandakı Fransa səfirliyi də tirajlamışdı: “Bir mərhələyə çatıldı. Fransa mübarizəni davam etdirəcək” yekunu ilə…
Baxın, Dubaydakı Konfransda BMT-nin adıçəkilən tədbirinin Azərbaycanda keçirilməsi barədə qərar verilməsindən dərhal sonra Fransa ölkəmizə qarşı apardığı təbliğatı daha da gücləndirdi, COP29-un boykot edilməsi üçün hər cür üsula əl atdı.
Təbii ki, Qarabağın azad olunmasına mane ola bilmədiyi kimi, Bakının növbəti uğura imza atmasını da əngəlləyə bilmədi. Baxmayaraq ki, Fransa, ABŞ, Niderland, Norveç, Almaniya və digər ölkələr qaralama, təzyiq kompaniyalarını bir an dayandırmadılar, amma uğursuzluğa düçar oldular. 8-9 aylıq yüksək səviyyəli hazırlıqlardan sonra baş tutan Konfrans uğurlu sonluqla yekunlaşdı, BMT Baş katibi A.Quttereş Azərbaycana təşəkkürünü bildirdi, on minlərlə qonaq, rəsmi şəxslər, mütəxəssislər məmnun qayıtdılar. Azərbaycan dövləti hətta bir taksi sürücüsünün yüksək dozalı iştahına tuş gələn afrikalının belə haqqını özünə qaytardı.
Düzdür, son günlər xüsusilə gərgin keçdi. Çünki katalizator funksiyasını kənardan belə, icra etməyə çalışanlar, suları bulandırmaqla Bakıdan heyif çıxmağa çalışanlar, bəşəriyyəti bəlalardan xilas missiyasını üzərinə götürmüş COP-un 29-cu konfransının “ağ qoşa” ilə yekunlaşmasını hədəfləyənlərin də təsiri sözünü deyirdi. Amma bütün cəhdlər faydasız oldu. Konfrans öncədən elan olunduğu müddətdən bir gün də artıq keçirildi, gecə yarıyadək gərgin müzakirələr aparıldı və nəticə əldə olundu!
Əldə olunan razılaşmaya əsasən, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim tədbirləri üçün hər il 100 milyard dollar əvəzinə 2035-ci ilə qədər 300 milyard dollar vəsait ayırmağı öhdəliklərinə götürdülər.
Bu vəsait təbii fəlakətlərin zərərini azaltmaq, bərpa olunan enerji keçidini dəstəkləmək və yoxsulluğun azaldılması üçün istifadə olunacaq. Düzdür, əslində 3 dəfə çox vəsait arzuolunan idi, amma… Məsələn, Dubay Konfransını alqışlayıb, 100 milyon avrosundan keçən Fransa gölünə “daş atılıb”, Azərbaycanın “daş”ı ağır gəlib, nə COP-29-a alqış bəyanatı var, nə də 5-10 avroluq dəstək mövqeyi. Ermənistana silah-sursat göndərən, müxtəlif adlar altında milyonlarla avroluq dəstək verən Makron bəşəriyyətin xilası üçün keçirilən tədbiri görməzdən gəldi, məhz Azərbaycanın adı olduğu üçün, yüksək nəticə Prezident İlham Əliyevin, rəsmi Bakının aktivinə yazılacaq deyə… Bu qədər cılızlıq!
Hələ bu nədir ki? Fransanın ekologiya, energetika və iqlim naziri Anyes Pannye-Runaşe Konfransın gedişində “küsdüyünü” elan edərək bəşəri problemin həllinə həsr olunan tədbirə qatılmadı. Üstəlik, Azərbaycanın Fransadakı səfiri Fransa XİN-ə çağırıldı, heç bir etikaya sığmayan davranış sərgiləndi. Təsəvvür edin, Azərbaycan bəşərin problemlərinə dair platforma yaradıb, gərgin iş gedir, planetin xilas yolları aranır, Makron Fransası isə azərbaycanlı diplomata etirazını bildirir. Bəlkə COP29-da Fransanın ifşası istiqamətində səslənən fikirlər doğru deyildi?! Qarabağ Zəfərindən sonra çox əsəbi olan Fransa rəhbərliyi azacıq tənqidə dözə bilmədi və növbəti dəfə simasını ortaya qoydu.
COP tədbirləri, pandemiya dövrü istisna olmaqla, 90-cı illərdən bəri davamlı keçirilir və bu günədək heç bir ev sahibi Azərbaycan kimi hədəfə alınmamışdı, Fransa və digərləri tərəfindən. Yaxud evsahibliyi edən ölkənin diplomatı hansısa ölkənin XİN-inə çağırılıb, ona etiraz bildirilməmişdi. BMT TŞ-də Azərbaycanın cəzalandırılması üçün hər cür fitnəyə əl atan erməni sevdalı Makron bunu da ölkəsinə rəva bildi və tarixə növbəti qara əməlini həkk elədi. Təbii ki, Azərbaycan dövləti bunun da cavabını verdi, elə COP-un gedişində, 20 noyabrda Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırıldı. Görüş zamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirildi. Bu xüsusda, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğu vurğulandı.
Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu diqqətə çatdırıldı. Eyni zamanda Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olundu. Yəni “döymə taxta qapımı, döyməyim dəmir qapını!” Ermənistanın “böyük bacısı” qulağında sırğa eləsin, bilsin kimə sataşır, kimin daşı ilə əlləşir. Bircə hərəkətləri cavabsız qalmayacaq. Sadəcə mühüm tədbirin gedişində diqqətimizi yayındırmaq, həm də Konfransa kölgə salmaq istədilər. 2022-ci ildə Misirin Şarm əş-Şeyx şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə 27-ci konfransda Makron şəxsən iştirak etmişdi. Təkcə o yox, qoca Co da özünü yetirmişdi. O zaman nə bu ölkədə insan haqlarının vəziyyəti yada düşmüşdü, nə də başqa məsələlər…Azərbaycana gələndə bütün dərdləri təzələndi, Fransa Azərbaycanda saxlanılan erməni terrorçuları, separatçılarının azad olunması istiqamətində təzyiqlərə başladı, Bayden tez-tələsik Ermənistanla sülh sazişini imzalamağa çağırdı, Avropadakı bir sıra ölkələr Azərbaycanı neft-qaz istehsal etdiyinə görə qınamağa başladılar…Qısqanclıq, paxıllıq və riyakarlıqla dolu mövqelər bir-birini əvəz etdi. Sanki bütün dünyanın neft-qazını Azərbaycan istehsal edirmiş və planetin çirklənməsi, iqlim dəyişikliyi, temperaturun yüksəlməsi də İlham Əliyevin ölkəsinin günahı ucbatından baş verirmiş.
Dünya miqyaslı və BMT sistemində ən böyük tədbir olan COP29-a Azərbaycanın ev sahibliyi etməsini həzm edə bilmədilər, Şuşa Zəfərini həzm edə bilmədiklərinə görə! Şuşaya səfər etməyən tək-tük səfirdən biridir Fransanın Bakıdakı səfiri. COP29-da da səsi çıxmadı. Məsələnin məğzində bu dayanır, qələbəmiz bunlara yaman yer eləyib. Məhz buna görədir Paşinyan sülhdən danışdığı vaxtda Makron ona “tələsmə, sənə Sezar yollayıram”, deyib, növbəti dəfə eskalasiyaya həvəsləndirir.
Qərbə bağlı QHT-lər, ayrı-ayrı şəxslər də “it-pişik söhbəti”ni ortaya atıb, qanqaraçılıq salmağa çalışdılar.
COP29 ərəfəsində Azərbaycanı tələm-tələsik Ermənistanla sülh müqaviləsinə vadar etmək istəyən Co Bayden Administrasiyasının xüsusi canfəşanlığını da unutmaq olmaz. Hər halda COP29-un tarixi nəticələri ilə bağlı Azərbaycana təşəkkür məktubu yolladı, bunu da təqdir edirik. Amma… 4 illik hakimiyyəti boyu uğursuzluqlarla yadda qalan C.Bayden guya Ermənistanla Azərbaycan arasında sülhə nail olmaqla və hətta sülh müqaviləsinin Vaşinqtonda imzalanmasını təmin etməklə özünə xal qazanmaq və Nobel sülh müküfatına layiq olmaq kimi hədəflər güdürdü. Dövlət katibi Blinkenin də əsas niyyəti ermənilərin könlünü xoş eləmək idi. COP qabağı konqresmenləri başına yığıb, Azərbaycana qarşı sanksiyaya çağırış imzalatdıran Blinken və yoxa çıxıb. COP29-la bağlı Bakıya mesajlarına da rast gəlmədik. Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş separatçıların azad olunması üçün çox çalışdılar, İlham Əliyev onların bu arzularını qursaqlarında qoydu.
Üstəlik, COP ərəfəsində Hərbi Qənimətlər Parkının yanında ucaldılan Zəfər abidəsinin açılışını etməklə çoxlarına mesaj verdi.
Dövlət başçımız da liderlərin sammitində bildirmişdi, ölkəmizə qarşı kampaniya bir il öncədən başlanmışdı, elə Bakının namizədliyinin təsdiqlənəcəyi barədə məlumatlar açıqlanandan sonra. COP29 öncəsi və tədbir zamanı onlar tərəfindən Azərbaycana qarşı iyrənc, qərəzli, açıq-aşkar düşmənçilik xarakteri daşıyan kampaniya aparıldı. Ümumulikdə ölkəmizə qarşı bütün bu kampaniya hibrid müharibənin ən eybəcər forması idi. Bu şəbəkənin qarşısına COP dövründə bütün metodlardan istifadə etməklə, hətta ən alçaq və təhqiramiz metodlara əl atmaqla Azərbaycanı nüfuzdan salmaq vəzifəsi qoyulmuşdu. Amma heç nə əldə edə bilmədilər. Qlobal problemlərin aradan qaldırılması üçün daha böyük maliyyə fondunun yaradılmaması üçün “toyda dava salmağa” çalışdılar. Bu da ümumilikdə bəşəriyyətə qarşı pislikdir, əclaflıqdır!
COP29-da Paris Sazişinin ən vacib maddələrindən olan 6.2 və 6.4-cü maddələri təqsidləndi. Bu, tarixi hadisədir!
Söhbət ölkələr arasında karbon kreditlərinin və digər iqlim tədbirlərinin beynəlxalq bazar mexanizmləri vasitəsilə mübadiləsinə imkan verən maddədən, həmçinin qlobal karbon bazarlarının yaradılması barədə anlaşmadan gedir. Ən azı Paris Sazişinə görə Makron Fransasının, Baydensayağı alqışı eşidilməli idi. Bakıya çatanda əlləri qurudu… /Musavat Elşad PAŞASOY/
Polise.az