Fransada ermənilər türkiyəli ailənin evinə basqın etdilər: Yaralananlar var
Fransanın Sen-Dye-de-Voj şəhərində təqribən 40 nəfərdən ibarət erməni qrup türkiyəli ailənin evinə basqın həyata keçirib. Hücumçuların arasında Azərbaycanla Ermənistan arasında baş verən son döyüşlərdə işğalçı ordu tərəfində vuruşan erməni də olub.
Bu barədə “Anadolu” Agentliyi xəbər yayıb.
Ailə üzvlərindən M.A.-nın sözlərinə görə, aprelin 24-də bir erməni ailə üzvünün üstünə maşın sürüb, onlar arasında dava düşüb.
“Bundan sonra ermənilərlə görüşdük və məsələnin həll olunduğunu düşündüm. Ancaq dünən təqribən 40 ermənidən ibarət qrup yaxın qohumumun ailəsinin evinə beysbol taxtası, bıçaq və dəmir parçaları ilə hücum çəkiblər”, – deyə şahid bildirib.
M.A. hücumçuların əllərində silahın da olduğunu bildirib.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. “Onlardan üçü xəstəxanaya yerləşdirilib, biri əməliyyat olunub”, – deyə M.A. əlavə edib.
Ermənilər hadisə yerindən uzaqlaşarkən havaya da atəş açıblar.