Fransadan Türkiyə və Azərbaycana qarşı növbəti xainlik
Hərbi ekspert: “Türkiyənin hərbi sənaye kompleksinin dünyada artan nüfuzu bəzi ölkələri narahat edir”
Ankara və Paris arasında diplomatik gərginlik yaranıb. “Defence Türk” hərbi portalı xəbər verir ki, buna Fransa Müdafiə Nazirliyinin Türkiyədə pilotsuz uçan aparatların (PUA) istehsalı ilə bağlı hesabat dərc etməsi səbəb olub.
Beynəlxalq Münasibətlər və Strategiya Baş İdarəsi (DGRIS) tərəfindən iyul ayında hazırlanan sənəd oktyabr ayında ictimaiyyətə açıqlanıb və özündə Türkiyənin pilotsuz təyyarə sənayesinin 65 səhifəlik təhlilini ehtiva edir. Hesabatda Türkiyə Müdafiə Nazirliyini narahat edən pilotsuz təyyarələrin istehsalı ilə bağlı strateji obyektlərin peyk fotoşəkillərinə istinad edilməsidir.
Nəşrə cavab olaraq, Türkiyə Fransa səfirliyindən rəsmi açıqlama verməyi və araşdırmanı geri götürməyi tələb edib. Fransız tərəfi isə öz növbəsində subpodratçılara, Affinis Defense və Eurocrise-ə müraciət edərək materialın öz veb-saytlarından silinməsini istəyib. Eyni zamanda fransız mənbələri iddia edib ki, sənəd açıq məlumatlar əsasında hazırlanıb və konfidensial bilgiləri ehtiva etmir.
Üzeyir Cəfərov
Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a şərhində bildirdi ki, Türkiyə Müdafiə Nazirliyinin narahatlığı başadüşüləndir: “Ölkələr arasında müdafiə sənayesi ilə məşğul olan müəssisələrlə bağlı araşdırmalar aparılması, məlumatların əldə olunması sirr deyil. Fransa Müdafiə Nazirliyinin Türkiyədə pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı hesabat dərc etməsi təsadüfi deyil. Bu, son zamanlar Türkiyənin hərbi sənaye kompleksində pilotsuz uçuş aparatlarının xüsusi rolu ilə bağlıdır. Məlumdur ki, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları həm 44 günlük Vətən müharibəsində, həm də Rusiya-Ukrayna müharibəsində öz gücünü göstərib. Türkiyə PUA-ları dünyada böyük səs-küy yaradır. Fransa istehsalın subpodratçıar tərəfindən həyata keçirildiyini bildirsə də, saytlardan, səhifələrdən silinsə də, maraqlı dövlətlər müəyyən məlumatları əldə ediblər. Bu baxımdan Türkiyənin Müdafiə Nazirliyinin narahatlığı başadüşüləndir. Hesab edirəm ki, Fransa Türkiyənin çağırışına ciddi yanaşmalıdır. Nəyə görə məhz Türkiyə PUA-ları tədqiqat mövzusuna çevrilib? Əgər bu qədər maraq varsa, deməli, müəyyən məqsədlər də var. Azərbaycan da tədbirli olmalıdır, çünki Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edir və bu PUA-ların təhlükəsizliyini nəzərə almaq lazımdır”.
Ü.Cəfərov hesab edir ki, Türkiyənin hərbi sənaye kompleksinin dünyada artan nüfuzu bəzi ölkələri narahat edir: “Türkiyə məxfiliyi qorumağa çalışsa da, PUA-larının texniki xüsusiyyətləri ilə maraqlananlar var. Müəyyən hesabatlar müəyyən məqsədlər üçün, məsələn, avadanlıqların əhəmiyyətinin azaldılması üçün dərc olunur”.
/Nigar HƏSƏNLİ, “Yeni Müsavat”/
Polise.az