Fransanın “Liberation” qəzeti Şuşanı “ermənilərin mədəni mərkəzi” adlandırdı…
Açığı son vaxtlar yazmalı çox maraqlı proseslər olsa da, bu qəfil informasiya daha təsirlidir. Çünki bəzi-para oğru, tülkü, dələduz, yekəxana adamların əməllərindən bəhs edən o biri mətləbləri illərdi görürük, bilirik, əziyyətini çəkirik. Amma birdən-birə Fransanın məşhur qəzetinin Şuşanı “ermənilərin mədəni mərkəzi” adlandırması lap acı xəbərdir.
Görün Tanrının yaratdığı bu gözəl, gözəl, gözəl dünyanı iblislər nə hala salıblar ki, indi murdarların yalanı çox asanlıqla ayaq açır və çox da sürətlə yeriyir! Çünki məntiqlə yalan – abırsızlıqdan doğur; abırsızlıq – həyasızlığı gətirir; həyasızlıq isə ağına-bozuna baxmadan irəli cumur…
Türk qövmü erməni yalanlarını yüz illərdir eşidir. Az qala alışmışıq. Amma indi görürük ki, dünyanın ən mədəni qövmü sayılan fransızlar da yavaş-yavaş onların tayı olur. Axı, “atı atın yanına bağlasan həmrəng olmasa da, həmxasiyyət olur”. Fransızlar at kimi nataraz deyillər, incə, nərmənazikdirlər. Amma ermənilərlə o qədər oturub-durub, bağrı-badaş olublar ki, daha hörmətli mətbuatları da ermənisayaq düşünür. Belə olmasaydı, məşhur fransız nəşri milyonlarla abunəçisi olan “Tvitter” səhifəsində bu cür səfeh paylaşım etməzdi. Özünü gülünc yerinə qoyub Şuşanı “ermənilərin mədəni mərkəzi” adlandırmazdı.
Mən bunu oxuyanda dərhal öz Twitter səhifəmdə yazdım ki: “Шуша-армянский культурный центр”? Если это так, то пусть культурная Французская газета назовет хоть одного армянского деятеля культуры из моего родного города Шуша! (Yəni: “Şuşa – ermənilərin mədəni mərkəzidir”? Əgər bu belədirsə, qoy onda mədəni Fransız qəzeti mənim doğma şəhərim Şuşadan olan bircə nəfər erməni mədəniyyət xadiminin adını şəksin!”)
Ona görə rusca yazdım ki, qoy fikrim geniş yayılsın. Onsuz da yüz ildir özümüz deyib özümüz eşidirik. Təəssüf ki, fransızca bilmirəm, yoxsa fransızca yazardım. Bunu isə gərək xarici nümayəndəliklərimizdə, səfirliklərimizdə oturanlar etsinlər. Və gərək çoxdan edəydilər. Axı, Xarici İşlər Nazirliyinə işə girmək istəyənlərin qarşısına həmişə mənasız bir bəhanə itələyiblər: Azərbaycanın xaricdəki nümayəndəliyində işləmək üçün gərək Avropa dillərini biləsən… Guya ki, Avropa ölkələrindən Azərbaycana gələn səfirlər azərbaycanca bülbül kimi ötürlər! Əcəb gülməlidir…
Halbuki xarici nümayəndəlikdə işləmək üçün dil yox, ağıl lazımdır, bilik lazımdır, məntiqli və çevik təfəkkür lazımdır, mədəni davranış, geniş dünyagörüşü lazımdır, milli qeyrət lazımdır, vətənsevərlik lazımdır, dövlətə və xalqa sədaqət lazımdır, gözü və nəfsi toxluq lazımdır. Nəhayət, Azərbaycana xidmət etmək lazımdır!
Dil bilmək isə daha çox texniki məsələdir, bunun üçün gözəl tərcüməçilərin olması kifayətdir.
Nə isə, mətləbdən uzaqlaşmayaq.
Fransızlara anlatmaq lazımdır ki, özlərini gülünc yerinə qoyub Azərbaycanın min illik milli mədəniyyət beşiyi olan Şuşaya dil uzatmasınlar. Çünki Şuşada doğulub-böyüyən, yaşayıb-yaradan yüzlərlə istedadlı mədəniyyət xadimi olub və var. Onların hər biri “Liberation”-çuları çaya susuz aparıb-susuz gətirər. Nolsun ki, indi müvəqqəti olaraq o müqəddəs şəhərimiz erməni tapdağı altında qalıb.
Amma şair demişkən, qalmaz belə, qalmaz dünya!