Fransanın Ukrayna qorxusu
Fransa keçmiş ABŞ Prezidenti Donald Trampın yenidən hakimiyyətə gələcəyi təqdirdə Vaşinqton və Moskva arasında Ukrayna ilə bağlı mümkün sülh danışıqlarının Ukrayna və Avropa maraqlarını nəzərə almadan həyata keçirilə biləcəyindən narahatdır.
Musavat.com xəbər verir ki, bu barədə “The Economist” xəbər yayıb.
Nəşr bildirir ki, əgər sülh müqaviləsi imzalansa, Qərbdə Kiyevə dəstəyin davam etdirilməsi ideyası sürətlə siyasi dəstəyini itirə bilər. Trampın bu cür sazişləri Rusiyaya güzəştlər, Ukraynaya isə təzyiqlər əsasında qurmağa çalışacağı ehtimal edilir.
“The Economist” qeyd edir ki, Tramp Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların ləğv edilməsi və Ukraynaya silah tədarükünün dayandırılması ilə Moskvanı razı salmağa çalışa bilər. Bu halda, Ukraynanın zəifləməsi və ya məğlubiyyəti baş verərsə, Tramp məsuliyyəti indiki Prezident Co Baydenin üzərinə atmaq niyyətində ola bilər.
Bu narahatlıq xüsusilə Avropa dövlətləri arasında ciddi şəkildə müzakirə olunur. Fransa Ukrayna münaqişəsinin Avropanın təhlükəsizlik arxitekturasına birbaşa təsir etdiyini və bu cür birtərəfli danışıqların Avropa maraqlarını təhlükəyə ata biləcəyini vurğulayır.
Müşahidəçilər qeyd edir ki, Trampın ritorikası və mümkün strategiyaları Qərbin Ukraynaya dəstəyində yeni çağırışlar yarada bilər. Avropa İttifaqı liderləri isə Kiyevə uzunmüddətli dəstək göstərməyin və regional təhlükəsizliyin təmin edilməsinin vacibliyini bir daha vurğulayır.
Polise.az