Gələn il “Vəkil Evi” istifadəyə veriləcək

“Son illər ölkəmizdə vəkillik institutu dinamik inkişaf mərhələsindədir. Vəkillərin sayı davamlı olaraq artır. Bugünkü andiçmə mərasimindən sonra Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı 2836 nəfərə çatıb”.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, gələn il vəkillərin sayının 3 mini ötəcəyi gözlənilir: “Bunun əsas səbəblərindən biri vəkillik peşəsinə artan maraqdır. Hər il yüzlərlə hüquqşünas vəkilliyə qəbul imtahanlarında iştirak edir və ən savadlı, hazırlıqlı namizədlər vəkil statusu qazanırlar.

Sədr deyib ki, eyni zamanda vəkilliyin maddi-texniki bazası da gücləndirilir: “Bu il Qərb bölgəsində, Gəncə şəhərində regional vəkil bürosu istifadəyə verilib. Bakıda isə “Vəkil Evi”nin tikintisi davam edir. Gələn il bu binanın təntənəli açılış mərasiminin keçirilməsi nəzərdə tutulur. Bina istifadəyə verildikdən sonra öz infrastrukturu baxımından Vəkillər Kollegiyası regionun aparıcı vəkillik qurumlarından birinə çevriləcək”.

A.Bağırov bildirib ki, növbəti illər üçün əsas hədəflərdən biri vəkillərin peşə hazırlığının daha da artırılmasıdır: “Təlim proqramları gücləndirilir və qanunvericiliyə əsasən icbari təlimlər məcburi xarakter daşıyır. Bu istiqamətdə Kollegiyanın Tədris Mərkəzi fəaliyyət göstərir. Gələn il “Vəkillik fəaliyyəti” adlı yeni dərsliyin nəşri də planlaşdırılır. Bu, Azərbaycan hüquq tarixində bu mövzuda ilk dərslik olacaq və məqsəd tələbələr arasında vəkillik peşəsinin daha da populyarlaşdırılmasıdır”.

Vəkillər Kollegiyasının sədri sonda gənc hüquqşünaslara müraciət edərək bildirib ki, vəkillik peşəsinə maraq göstərsinlər və bu sahəni peşə seçimi kimi dəyərləndirsinlər. Çünki vəkillik onlara geniş imkanlar yaradacaq.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button