Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yola salınır?
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun yaxın günlərdə işdən azad ediləcəyi və bu gün Prezident Administrasiyasına çağrılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Oxu.Az-a Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, hazırda bu məsələ gündəmdə deyil və Niyazi Bayramov işinin başındadır.
Məlumatda o da qeyd edilib ki, Gəncə şəhərində yol kənarında əkilən ağacların çıxarılması və sahibsiz küçə heyvanlarının güllələnməsi ilə əlaqədar kütləvi informasiya vasitələrinə açıqlama verilib:
“Bir daha xatırladırıq ki, sözügedən ağacların əkilməsinin, daha sonra isə çıxarılmasının, iddia edildiyi kimi, Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri ilə heç bir əlaqəsi yoxdur. Gəncə şəhərində sahibsiz itlərin güllələnərək, məişət tullantıları poliqonuna atılmasını özündə əks etdirən videogörüntülərin Gəncə şəhərinin məişət tullantıları poliqoununda lentə alınması faktı isə öz təsdiqini tapmayıb”, – deyə qurumdan bildirilib.
11:12
Yaxın günlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vəzifəsindən azad olunacaq.
Bu barədə “Gununsesi.info”ya məlumatlı mənbələrdən informasiya daxil olub.
Məlumata görə, Prezident İlham Əliyev Gəncəyə son səfəri zamanı şəhərin infrastrukturu sahəsində ciddi problemlərin şahidi olub.
Gəncənin mövcud vəziyyətindən narazı qalan ölkə rəhbərinin səfərindən sonra baş verən iki olay – yol kənarında əkilmiş ağacların sonradan çıxarılması və sahibsiz itlərin işgəncə ilə öldürülüməsi faktları Niyazi Bayramovun əleyhinə işləyib.
İcra başçısının bu gün Prezident Administrasiyasına çağırıldığı da deyilir.