Gəncədə Cavad xanın xatirəsi anılıb
Gəncə şəhərində Cavad xanın xatirəsi yad edilib.
“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə Xanlığının sonuncu hökmdarı Cavad xan Ziyadoğlu-Qacarın xatirəsinə həsr olunan tədbir keçirilib.
Məlumata əsasən, tədbirdə Gəncə şəhər rəhbərliyi, deputatlar, Türkiyə və Gürcüstanın Gəncədəki Baş konsulları, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları Cavad xanın Gəncənin mərkəzində yerləşən türbəsini ziyarət edib, məzarına tər çiçəklər düzərək ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Cavad xanın Gəncədəki türbəsi 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. 2023-cü ildə türbənin dam örtüyü, fasad və daxili hissəsi təmir olunub.
Xatırladaq ki, 221 il əvvəl – 1804-cü ilin yanvar ayında Çar Rusiyası qoşunlarının Gəncəyə hücumu zamanı Cavad xan, oğlu Hüseynqulu xan və minlərlə Gəncə sakini işğalçılara qarşı son nəfəsədək vuruşaraq şəhərin qala divarları üzərində şəhid olub.
Polise.az