Gəncədə dərs vaxtı ölən tələbə ilə bağlı araşdırma başladı – YENİLƏNDİ 1

Saat 08:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Gəncə şəhərindən təcili çağırış qeydə alınıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, təcili tibbi yardım briqadası tərəfindən 2008-ci il təvvəllüdlü şəxsin (oğlan) həkiməqədər ölüm faktı qeydə alınıb.
Ətrafdakıların təkidi ilə saat 09:10 radələrində 2008-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
Həkim heyəti tərəfindən onun həkiməqədər ölüm faktı təsdiq olunub və aidiyyəti üzrə təhvil verilib.
***
12:11
Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma başlanıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu gün Bayramov Röyal Vüqar oğlu səhər saatlarında təhsil aldığı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində olarkən səhhəti qəfil pisləşib və huşunu itirərək yıxılıb.
“Hadisə dərhal qeydə alınıb, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırma aparılır. Hadisənin təfərrüatları araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə açıqlanacaqdır”, – məlumatda bildirilib.
Şəbnəm Zahir

***
11:43
Gəncədə tələbə dərs vaxtı vəfat edib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Gəncə şəhərində yerləşən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qeydə alınıb.
Belə ki, təhsil müəssisəsinin birinci kurs tələbəsi 2008-ci il təvəllüdlü Röyal Bayramov səhər saatlarında dərsə gəlib. Anidən onun səhhəti pisləşib. Hadisə yerinə təcili yardım maşını çağırılıb, xəstəxanaya aparılan tələbənin öldüyü məlum olub. İlkin məlumata görə, tələbə ürək tutmasından vəfat edib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Polise.az



