General Həsənov komandirlikdən çıxarıldı: Sensasiya?
İki gündür general-mayor Hikmət Həsənovun 1-ci ordu korpusunun komandiri vəzifəsindən azad edilərək, Ali Hərbi Məktəbin rəis müavini təyin edilməsi bəzi media qurumları və sosial şəbəkələrdə müzakirə edilir. Əslində, müzakirə edilmir, müxtəlif “interpretasiyalar”la bunun arxasındakı “gizli sirr”in üzə çıxarılmasına cəhdlər edilir.
İzahların söykəndiyi xəbərin özündə isə ciddi yanlışlıq var. Əvvəla, ordu korpusu komandirlərini Ali Baş Komandan təyin edir. İkincisi, Hikmət Həsənovun xidmət yerinin dəyişdirilməsində niyə sensasiya axtarılmalı, bunun “izahı”na cəhd edilməlidir?
Ermənistan ordusunda 44 günlük müharibə zamanı və müharibədən sonra baş verənlərin erməni cəmiyyətində bu qədər müzakirə edilməsi qayət normaldır. Çünki erməni ordusu darmadağın olmuş, ciddi şəxsi heyət və texnika itkisi vermiş, strukturu məhv olmuş bir qurumdur və artıq simvolik olan bu “ordu” əlbəttə ki, cəmiyyətin müzakirə mövzusu olmalıdır. Bir ordudan müharibə zamanı 11 min fərari çıxırsa, qurulan əməliyyatlar anında deşifrə olunub, daha ağır itkilərə səbəb olursa, bu ordunun rəhbərliyi və yüksək rütbəli zabit heyəti öz cəmiyyəti qarşısında məsuliyyət daşımalıdır.
Erməni ordusundakı son durumu da izləyirik: qiyam cəhdindən tutmuş ordunun rəhbərliyinə təyin etməyə zabit tapılmamasına qədər, hər şeydən məlumatlıyıq. Az qala hər ay bu ölkədə ordu rəhbərliyi dəyişir və erməni ekspertlər artıq Nikol Paşinyanın orduya rəhbərlik üçün adam tapmadığını açıq-açığına etiraf edirlər.
Kapitulyasiyanın, ölkənin düşdüyü hərbi-siyasi-sosial və iqtisadi bataqlığın nəticəsidir: bu ölkə siyasi, hərbi, sosial xaosdan hələ uzun müddət qurtula bilməyəcək və bütün bunlar da müzakirə mövzusudur.
Bəs, Azərbaycan?
Tarixi qələbə qazanan Azərbaycan Ordusu hazırda dünyanın ən məşhur hərbi ekspertlərinin tədqiqat obyektidir: Pentaqon generallarından tutmuş Ukrayna hərbi-siyasi elitasına qədər, dünyanın müxtəlif ölkələrində Azərbaycan Ordusunun əsgərlərinin yüngül silahlarla, şəhidlərini çiyninə alaraq sıldırım qayaları dırmaşıb, alınmaz Şuşanı düşməndən azad etməsinin sözün bütün mənalarında şokunu yaşayırlar. Azərbaycan Ordusunun müharibədə seçdiyi taktika, texnikası bir, Ordumuzun zabitindən tutmuş sıravisinə qədər, bütün şəxsi heyətinin inanılmaz qəhrəmanlığı ayrı araşdırmalara cəlb edilir.
Ancaq Azərbaycan Ordusunda qalib başgicəllənməsi varmı? “Ordumuz imkansızı bacardı” arxayınlığı görünürmü?
Qətiyyən! Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun daha da peşəkarlaşması, təkmilləşməsi və güclənməsi prosesini Ermənistanın kapitulyasiyası imzalamasından bircə gün sonra daha böyük enerji və ruhla davam etdirir.
Ordumuzun arsenalı da genişləndirilir, yerdəyişmələr edilir, kadrlar yetişdirilir, təlimlər keçirilir… Amma bu illərdir davam edən prosesə tamamilə fərqli bir yön də verilib.
Prezident İlham Əliyev Tarixi Zəfərdən dərhal sonra elan etdi ki, Azərbaycan Ordusu Türkiyə Ordusunun kiçik modelinə çevrilməlidir!
Bu, dünyanın ən güclü ikinci ordusuna sahib Türkiyə modelinin tətbiqi nədir və necə baş verir?
Detallar açıqlanmalıdır, düşmənə mesaj verməliyik? Niyə?
Son təyinatlar, kadr dəyişikliyi, 5-ci ordu korpusu onsuz da düşmən də daxil olmaqla, bir çox ölkənin hərbi ekspertlərinin gündəmindədir. Kərim Vəliyevin təyinatı da Prezident İlham Əliyevin elan etdiyi strategiyanın tərkib hissəsi kimi izlənməkdədir.
Və bu təkmilləşmə, mükəmmələşmə, islahatların biri də birinci ordu korpusunun komandirinin vəzifəsinin dəyişdirilməsidir.
Hikmət Həsənov çox şərəfli generallarımızdan biridir və 44 günlük savaş zamanı Soquvuşanın azad edilməsinə rəhbərlik edib. Ancaq Hikmət Həsənov 2004-cü ildən briqada komandiri olub, 2010-cu ildən isə birinci ordu korpusunun komandiri idi.
Nə düşünürdünüz? Ömrünün sonuna qədər sözügedən ordu korpusuna rəhbərlik etməli idi?
Kadrların yerdəyişməsi, yeni nəsil düşüncənin gətirilməsi, peşəkar kadrların fərqli istiqamətdə istifadəsi xüsusilə ordu daxilində mühüm amillərdəndir. Azərbaycan Ordusunun 44 günlük savaşda ən mükəmməl taktikalarından biri kimi hazırda müzakirə olunan məsələ odur ki, ordu birlikləri 2 gündən artıq bir istiqamətdə döyüşmürdülər, dərhal, gecə ilə yerləri dəyişdirilirdi və ermənilər səhər oyananda qarşılarında tamam fərqli taktika ilə fərqli birlik görürdülər.
Təxminən eyni prosesdir: yenilənmə, yerdəyişmə, təkmilləşmə… Bu, niyə bu qədər müzakirə edilməli, sosial şəbəkələrdə hər kəs ağlına gələni yazmalıdır?
Hikmət Həsənovun yerdəyişməsi yalnız kiçik bir xəbərdir – o da münasib olsa, Müdafiə Nazirliyi məsləhət bilsə.
Ordu, xüsusilə Azərbaycanın Müzəffər və Qalib Ordusu bu cür məsələlərdə müzakirə predmeti ola bilməz. Azərbaycan Ordusunun əsgərini görəndə düşmənin dizi əsir və bu adı Ordumuz öz canı, qanı, peşəkarlığı, rəşadəti, misilsiz cəsurluğu ilə qazanıb. Bu statusunu da şərəflə qoruyur – erməni mediasını oxuyun, görəcəksiniz sərhəddə Ordumuz özünü necə aparır və Ordumuzu görəndə ermənilər rusların arxasına necə qaçır.
Bu cür Ordudakı islahatlar niyə kimlərinsə qarayaxması ilə bu qədər müzakirə edilməlidir?
Ordumuzda modernləşmə gedib, gedir və gedəcək! Ordumuz qürur yerimiz və böyük sevgimizin ünvanıdır. Bu qürura, bu sevgiyə azacıq kölgə salmağa qalxmaq cinayətdir!
Ötən il 30 iyulda erməni ekspert Rusiya kanalında demişdi ki, azərbaycanlılar alverçidir, yalnız ticarəti bacarırlar, erməni xalqı isə döyüşçü və əsgərdir, ona görə də Azərbaycan heç vaxt müharibəyə cəsarət etməyəcək və Ermənistana qalib gələ bilməyəcək.
Bu sözlərin Rusiyanın məşhur kanalından üfürülməsindən ikicə ay keçməmiş kimin döyüşçü xalq olduğunu bütün dünya gördü!
Erməni dığalarının öz sabun köpüklərini bu qədər şişirtdiyi, Ordumuzu və xalqımızı aşağılamağa çalışdığı günlərin ildönümünü hələ yola salmamışıq. Ona görə siz bu iddiaları səsləndirənlərin xəyallarını darmadağın edən bir Ordu haqda danışarkən, 3 dəfə düşünün: Bu, Bizim Ordudur, canımız-qanımızdır və qürurumuzdur! Onun nüfuzu xalqımızın nüfuzu, siması, dəyəridir.
Dünya Ordumuza, əsgərlərimizə görə bizə indi daha fərqli baxır! Bu baxışları üzərinizdə hiss etməkdən nə qədər qürurlanırsınız? Çox?
Bax, o qürurumuzu daha da artırmaq öz əlimizdədir. Ordumuzun hələ hədəfi qarşıdadır, hələ “tacir” azərbaycanlıların “döyüşçü” ermənilərə daha nələr yaşadacağını qarşıda görəcəyik və bunu deyən ermənilərin, bu cür düşünən düşmənin qara günləri gəlməkdə davam edəcək.
Bu gələcək üçün sözümüz də, özümüz də bir olmalıyıq!