General Mirzəyev həbs edilib
Korrupsiya ittihamı ilə tutulan Rosqvardiyanın cənub regional komandanının müavini vaxtilə Putinin partiyasından deputatlığa namizəd olub…
Moskvada Rusiya Qvardiyasının (Rosqvardiya) Təchizat İdarəsinin müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev korrupsiya ittihamı ilə həbs edilməsi Rusiya mediasının əsas mövzularından birinə çevrilib.
52 yaşlı Mirzə Mirzəyev Rosqvardiyanın cənub regional komandanının müavini olub. O, tez tikilə bilən binaların modulları üçün təchizatçılardan 140 milyon rubl (təxminən 1.4 milyon dollar) tələb edib. Əks halda, 480 milyon rubl (təxminən 4.8 milyon dollar) dəyərində olan müqaviləni ləğv edəcəyi ilə hədələyib.
Təchizatçı şirkət, Mirzəyevə pulları vasitəçi yolu ilə çatdırsa da, o, sonradan saxlanılıb. Mirzəyevin hüquq müdafiəçiləri onun ev dustaqlığında saxlanılması tələbi ilə çıxış ediblər, lakin məhkəmə onun törətdiyi cinayətin xarakterini nəzərə alaraq həbsxanaya göndərilməsinə qərar verib. General-mayor Mirzə Mirzəyev 2025-ci ilin yanvarın 2-dək həbsdə qalacaq.
Musavat.com xəbər verir ki, Mirzəyev Mirzə Mais oğlu 26 may 1972-ci ildə Stavropol vilayətidə-Budyonovskda anadan olub. 2006-cı ildə Rusiya Müdafiə Nazirliyinin Sankt-Peterburq şəhərində Xrulev adına Hərbi Maddi-Texniki Təchizat və Nəqliyyat Akademiyasını bitirib.
2015-ci ildə hakim “Vahid Rusiya” partiyasının Stavropol regional bölməsi Mirzə Mirzəyev Dumaya seçkilərdə namizədliyini irəli sürüb, amma deputat seçilə bilməyib. Bundan sonra şəhər hərbi hissələrindən birində, sonra isə Rosqvardiyada rəhbər vəzifəyə gətirilib. Rusiyanın müstəqil internet resurslarında hələ həbsindən əvvəl Mirzə Mirzəyev haqda xüsusi süjet də yayımlayıb. Süjetdə onu Rusiya Qvardiyasının “ən zəngin” generalı kimi təqdim ediblər, onun bir neçə bahalı avtomobili və dəyəri yüz milyonlarla rublla qiymətləndirilən daşınmaz əmlakı olduğu bildirilib.
Mirzə Mirzəyevin 48 milyon rubl dəyərində bir neçə bahalı avtomobili, Kislovodskda 50 milyonluq sarayı, bundan əlavə, üç uşağın da hər biri 100 milyon rubl dəyərində bahalı daşınmaz əmlakı olduğu üzə çıxıb.
Bəyannaməyə görə, isə son on ildə Mirzə Mirzəyev 14,203 min rubl qazanıb.
Bu, Rusiya Qvardiyasında korrupsiya ilə bağlı ilk həbs deyil. Sentyabrın sonunda hərbi məhkəmə Rusiya Qvardiyasının aviasiya texniki xidmətinin rəisi polkovnik Oleq Qamayunovu xüsusilə böyük miqyasda fırıldaqçılıq işi üzrə həbs edib. Zərər 80 milyon rubldan çox qiymətləndirilir.
2018-ci ildə isə Aleksey Navalnı öz saytında Rusiya Qvardiyasının şişirdilmiş qiymətlərlə ərzaq aldığını iddia edən “Rosqvardiyanın kartofu” adlı araşdırma dərc etmişdi.
Vaxtilə Putinin şəxsi cangüdənlərindən olan Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotov da araşdırmanı təxribatı adlandırmışdı. Zolotov iddia edirdi ki, qoşunlar üçün yeməklərin çatdırılması və qidalanma xidmətlərinin göstərilməsi mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Viktor Zolotov bununla kifayətlənməyərək yeyinti faktlarını sübut etmək üçün videomüraciət yayaraq Navalnın debata çağırdı. Sonra isə məlum oldu ki, korrupsiya ittihamlarını rədd edən Zolotov videoçəkiliş apararkən qoluna bahalı “Montblanc” saatı taxıbmış…
Polise.az