General-polkovnik Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Respublikasının daxili işlər naziri polis general-leytenantı Erjan Sadenovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə iki günlük rəsmi səfərə gəlib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  Polise.az-a verilən məlumata görə, nazir Erjan Sadenov və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri səlahiyyətlərini icra edən general-polkovnik Vilayət Eyvazov qazaxıstanlı həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan general-polkovnik V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə polis general-leytenantı Erjan Sadenovu təbrik edərək bu səfərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib. Xalqlarımızı sıx dostluq, qarşılıqlı inam və hörmət tellərinin bağladığını, dövlətlərimiz arasındakı əlaqələrin hər zaman strateji tərəfdaşlıq xarakteri daşıdığını xatırladaraq hər iki dövlət başçılarının müəyyənləşdirdikləri strategiyaya uyğun olaraq son illər bütün sahələrdə dinamik inkişafın müşahidə edildiyini, bu kontekstdə Azərbaycan və Qazaxıstan DİN-ləri arasındakı əməkdaşlığın daha da dərinləşdiyini diqqətə çatdırıb.

General-polkovnik Vilayət Eyvazov ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, qabaqcıl təcrübə və operativ informasiya mübadiləsinin, həmçinin yaradılmış normativ-hüquqi bazanın ilk növbədə xalqlarımızın və dövlətlərimizin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb.

Qazaxıstan Respublikasının daxili işlər naziri polis general-leytenantı Erjan Sadenov səmimi qəbula və yüksək qonaqpərvərliyə görə, azərbaycanlı həmkarına təşəkkürünü bildirərək ölkəsindəki mövcud kriminogen durum, cinayətkarlıqla mübarizənin vəziyyəti, ictimai asayişin mühafizəsi, həyata keçirilən islahatlar barədə general-polkovnik V.Eyvazova məlumat verib. O, rəhbərlik etdiyi qurumun Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu və səfərin bu məqsədə xidmət edəcəyini bildirib.

Səmimilik və işgüzarlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinə, Polis Akademiyasına, Təhlükəsiz Şəhər Xidmətinə və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə gedərək həmin qurumların fəaliyyəti ilə yaxından tanış olublar.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button